EN

Tibb təhsili üçün xaricə axın var - Gənclər niyə geri dönmür?

Son illərdə tibb ixtisasına hazırlaşan abituriyentlər təhsilini Almaniyada və digər xarici ölkələrdə davam etdirməyə üstünlük verir. Onların əksəriyyəti ali təhsili başa vurduqdan sonra peşə fəaliyyətini də həmin ölkələrdə davam etdirirlər. Nəticədə isə Azərbaycan öz istedadlı və perspektivli həkim kadrlarının bir hissəsini itirmiş olur.

Maraqlıdır, səhiyyə sistemində hansı addımlar atılmalıdır ki, abituriyentlər xaricdə deyil, məhz öz ölkələrində tibb təhsili almağa daha çox maraq göstərsinlər?

Mövzu ilə bağlı AzEdu.az-a Tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə, Elm və Təhsil Komitəsinin üzvü Rəşad Mahmudov danışıb.

Rəşad Mahmudov da YAP-dan namizəd olacaq

Bu gün Azərbaycan səhiyyəsində bir çox mürəkkəb əməliyyatlar qabaqcıl dünya klinikaları səviyyəsində həyata keçirilir:

“Son illərdə bir çox gəncin tibb təhsilini Almaniya və digər xarici ölkələrdə almağa üstünlük verməsi, daha sonra isə həmin ölkələrdə peşə fəaliyyətini davam etdirməsi, əlbəttə ki, diqqətlə təhlil edilməli olan məsələdir. Mən hesab edirəm ki, bu məsələyə emosional yanaşmaqdan daha çox, səbəbləri obyektiv şəkildə analiz etmək vacibdir. Çünki burada söhbət təkcə təhsil seçimindən deyil, insanın gələcək həyat və peşə modelini necə planlaşdırmasından gedir.

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan səhiyyəsi son illərdə çox mühüm transformasiya dövrünü yaşayır. Dövlətimizin başçısı tərəfindən səhiyyə sektoruna göstərilən xüsusi diqqət nəticəsində ölkənin müxtəlif bölgələrində müasir xəstəxanalar inşa edilmiş, tibbi infrastruktur yenilənmiş, icbari tibbi sığorta sisteminin tətbiqi ilə vətəndaşların tibbi xidmətlərə çıxış imkanları genişlənmiş, yüksək texnologiyaların və müasir müalicə metodlarının tətbiqi sürətlənmişdir. Bu gün Azərbaycan səhiyyəsində bir çox mürəkkəb əməliyyatlar və müasir müdaxilələr dünyanın qabaqcıl klinikalarında olduğu səviyyədə həyata keçirilir".

Almaniya kimi ölkələrin gənc həkimlər üçün cəlbedici görünməsi yalnız əməkhaqqı ilə bağlı deyil; gənclər orada şəffaf peşə yüksəlişi və strukturlaşdırılmış inkişaf trayektoriyası görürlər:

“Lakin eyni zamanda, məsələni yalnız ilkin tibb təhsili kontekstində qiymətləndirmək doğru olmaz. Mənim fikrimcə, burada əsas məsələ daha çox tibb universitetindən sonrakı mərhələ olan rezidentura, peşəkar inkişaf və gənc həkimin öz gələcəyini necə görməsi ilə bağlıdır.

Bir gənc həyatının 10-15 ilini tibb təhsilinə və peşəkar inkişafına sərf edir. Təbii olaraq o, gələcəkdə özünü yalnız mənəvi deyil, həm də elmi, sosial və maddi baxımdan realizə etmək istəyir. Gənc həkim öz qarşısında aydın bir inkişaf trayektoriyası görmək istəyir: hansı klinik mühitdə yetişəcək, hansı texnologiyalarla işləyəcək, hansı elmi fəaliyyət imkanlarına malik olacaq, necə ixtisaslaşacaq və peşəsinin ona hansı həyat standartını təmin edəcəyini bilmək istəyir.

Bu baxımdan bəzi Avropa ölkələrinin, xüsusilə Almaniyanın gənclər üçün cəlbedici görünməsi yalnız əməkhaqqı ilə əlaqəli deyil. Orada strukturlaşdırılmış rezidentura sistemi, klinik praktikada mərhələli məsuliyyət bölgüsü, akademik inkişaf imkanları, beynəlxalq elmi mühit və şəffaf peşə yüksəlişi mexanizmləri mövcuddur. Gənc insan əməyinin qarşılığını və gələcəyini daha proqnozlaşdırıla bilən şəkildə görür”.

Diqqət yetirməli olduğumuz əsas istiqamətlərdən biri rezidentura təhsilinin daha da gücləndirilməsi olmalıdır:

“Ancaq bunu yalnız “istedadlı gənclər ölkəni tərk edir” kimi qiymətləndirmək də tam doğru olmaz. Müasir dünyada həkimlərin xaricdə təhsil alması, yeni bilik və təcrübələr qazanması təbiidir və bir çox hallarda ölkə üçün əlavə üstünlük yarada bilər. Əsas məsələ həmin insanların bir müddətdən sonra öz ölkələrinə qayıtmaq, burada işləmək və qazandıqları təcrübəni Azərbaycan səhiyyəsinə gətirmək üçün kifayət qədər motivasiya görməsidir.

Bu nöqtədə düşünürəm ki, diqqət yetirməli olduğumuz əsas istiqamətlərdən biri rezidentura təhsilinin daha da gücləndirilməsi olmalıdır. Klinik praktik imkanlarının artırılması, mentorluq institutunun inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun təlim mexanizmlərinin genişləndirilməsi, simulyasiya və praktik bacarıq mərkəzlərinin artırılması, elmi-tədqiqat mühitinin daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, gənc həkim öz peşəkar inkişafının yalnız şəxsi əlaqələrdən deyil, bilik, bacarıq və zəhmətə əsaslanan şəffaf və meritokratik prinsiplər üzərində qurulduğunu hiss etməlidir. Bu, yalnız səhiyyədə deyil, bütün inkişaf etmiş sistemlərin əsas fəlsəfəsidir.

Mən hesab edirəm ki, Azərbaycan dövləti son illərdə səhiyyə sahəsində başladığı islahatlarla bu istiqamətdə çox ciddi bir yol açmışdır. Bu gün atılan addımların mühüm hissəsi məhz insan kapitalının inkişafına, tibbi xidmət keyfiyyətinin artırılmasına və səhiyyənin beynəlxalq standartlara yaxınlaşdırılmasına xidmət edir.
Ümid edirəm ki, yaxın gələcəkdə aparılan ardıcıl islahatlar nəticəsində ölkəmizdə həm tibb təhsilinin keyfiyyəti, həm rezidentura imkanları, həm də gənc həkimlərin öz peşələrini Azərbaycanda yüksək səviyyədə realizə etməsi üçün şərait daha da genişlənəcək və Azərbaycan gəncləri üçün öz ölkəsində tibb təhsili almaq və gələcəyini burada qurmaq daha da cəlbedici seçimə çevriləcək”.

Chosen
24
azedu.az

1Sources