EN

“Ana dilimizi qorumaq milli birliyimizi möhkəmləndirir”

Mikayıl Oyta: “Xaricdə yaşayan ailələrin və diaspor təşkilatlarının əsas vəzifələrindən biri ana dilimizi gələcək nəsillərə yaşatmaqdır”Layihə çərçivəsində Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti Mikayıl Oyta ilə müsahibəni təqdim edirik. Xatırladaq ki, Mikayıl Oyta 40 ilə yaxındır ki, Avstraliyada yaşayır. Bu müddətdə diaspor olaraq daima Azərbaycanın bütün milli və siyasi mənafeyini Avstraliyada müdafiə edib, həmçinin tariximizi, mədəniyyətimizi, adət-ənənəmizi tandıb.– Diasporumuzda milli birliyin möhkəmlənməsində ana dilinin nə kimi rolu var?– Ana dili diasporumuzun milli kimliyinin, mədəniyyətinin və mənəvi dəyərlərinin əsas sütunlarından biridir. Xaricdə yaşayan azərbaycanlılar üçün dil yalnız ünsiyyət vasitəsi deyil, həm də Vətənlə bağ yaradan ən güclü körpüdür. Ana dilimizi qorumaq milli birliyimizi möhkəmləndirir, gənc nəslin öz kökünə bağlı böyüməsinə kömək edir və diaspor daxilində həmrəyliyi artırır.

image-596929640_1628325958137347_1646219138104229620_n– Ana dilinin qorunması və təbliği istiqamətində hansı layihələriniz olub?– Avstraliya Azərbaycan Assosiasiyası olaraq müxtəlif mədəni tədbirlər, maarifləndirici görüşlər və ictimai proqramlar həyata keçirmişik. Xüsusilə uşaqlar və gənclər arasında Azərbaycan dili və mədəniyyətinin təbliği üçün tədbirlər təşkil etmiş, milli bayramlarımızı və mədəni irsimizi tanıdan proqramlarda ana dilimizin istifadəsinə önəm vermişik. Məqsədimiz yeni nəslin həm Azərbaycan dilini, həm də milli kimliyini qoruyub saxlamasıdır.

– Maarifləndirici materialların gənc nəsildə ana dilinə marağın artırılmasına təsiri necə ola bilər?– Müasir və maraqlı formada hazırlanmış maarifləndirici materiallar gənclərin ana dilinə bağlılığını artırmaqda çox önəmlidir. Kitablar, sosial media layihələri, videolar, uşaq proqramları və mədəni fəaliyyətlər dilin öyrənilməsini daha cəlbedici edir. Gənclər öz dillərini nə qədər aktiv istifadə etsələr, milli kimliklərini də bir o qədər güclü hiss edərlər.

-Avstraliyadakı soydaşlarımız ana dilinin qorunması məsələsini nə dərəcədə diqqətdə saxlayırlar?– Avstraliyada yaşayan soydaşlarımızın bir qismi ana dilinin qorunmasına xüsusi diqqət yetirirlər. Ailələr uşaqlarının Azərbaycan dilində danışmasına çalışır, milli tədbirlərdə iştirak edir və mədəniyyətimizi yaşatmağa dəstək verirlər. Bununla yanaşı, xarici mühitdə böyüyən uşaqlarda dilin zəifləməsi riski olduğu üçün bu istiqamətdə davamlı fəaliyyətə ehtiyac var.

– Xaricdəki yeni nəsil azərbaycanlıların ana dilini unutması nə dərəcədə təhlükəlidir?– Ana dilinin unudulması milli kimliyin zəifləməsinə səbəb ola bilər. Dilini itirən nəsil zamanla tarixindən, ədəbiyyatından, mədəniyyətindən və milli dəyərlərindən uzaq düşə bilər. Buna görə də xaricdə yaşayan ailələrin və diaspor təşkilatlarının əsas vəzifələrindən biri ana dilimizi gələcək nəsillərə yaşatmaqdır.

– Diaspor nümayəndələrinin ana dilinin yaşadılması prosesində rolu barədə nə deyə bilərsiniz?– Diaspor nümayəndələrinin rolu bu sahədə çox böyükdür. Hər bir diaspor üzvü ailəsində, cəmiyyət içində və ictimai fəaliyyətlərdə ana dilindən istifadə etməklə onun yaşamasına töhfə verir. Xüsusilə diaspor təşkilatları milli-mədəni tədbirlər, təhsil və maarifləndirmə layihələri vasitəsilə Azərbaycan dilinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edirlər.

Cavid Şahverdiyev

Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Chosen
17
sabahinfo.az

1Sources