Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda restoranlardan birində müştəriyə təqdim olunan hesab sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, aparıcı və diksiya təlimçisi Cəlalə Nəzəroğlu iddia edib ki, sifariş etdikləri kəndsayağı kartofun qızardıldığı yağın pulu ayrıca hesablanıb. Onun paylaşımı ictimaiyyətdə restoranlarda əlavə xidmət haqları və qiymət siyasəti ilə bağlı sualları yenidən gündəmə gətirib.Bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, Azərbaycan qanunvericiliyinə görə istehlakçı aldığı xidmətin və ya məhsulun qiyməti, tərkibi və əlavə ödənişləri barədə əvvəlcədən aydın şəkildə məlumatlandırılmalıdır:“Əgər restoran menyuda yalnız “kəndsayağı kartof” yazıb, lakin sonradan onun hazırlanmasında istifadə olunan yağın pulunu ayrıca hesablayırsa və bu barədə əvvəlcədən məlumat verməyibsə, bu artıq istehlakçının aldadılmasıdır. Restoranlar servis haqqı, canlı musiqi, xüsusi sous, əlavə garnir və ya çatdırılma kimi ayrıca ödənişlər tələb edirlər. Amma həmin ödəniş açıq və görünən formada əvvəlcədən göstərilməlidir. Menyuda, qiymət cədvəlində və ya sifariş zamanı müştəriyə məlumat verilməlidir. Müştəri nə üçün pul ödədiyini bilməlidir. Əks halda, hesab təqdim olunandan sonra ortaya çıxan əlavə məbləğ narazılıq və hüquqi mübahisə yaradır. Burada bir mühüm məqam da var ki, restoran müəyyən yeməyi təqdim edirsə, həmin yeməyin hazırlanması üçün zəruri olan əsas komponentlər normal halda məhsulun qiymətinə daxil edilməlidir. Məsələn, kartofun qızardıldığı yağ, şorbanın bişirilməsində istifadə olunan su və ya kababın bişirilmə prosesi ayrıca xidmət kimi təqdim olunmursa, bunların sonradan ayrıca hesablanması etik və hüquqi baxımdan mübahisəli görünür”.O qeyd edib ki, çünki istehlakçı sifariş etdiyi məhsulun hazır vəziyyətdə təqdim olunacağını gözləyir:“Bu tip hadisələr onu göstərir ki, ictimai iaşə obyektlərində qiymət siyasətinə nəzarət və şəffaflıq daha da gücləndirilməlidir. Müştərilər də hesab təqdim olunarkən çekə diqqətlə baxmalı, anlaşılmayan ödənişlərlə bağlı izahat tələb etməlidirlər. Əgər istehlakçı hesab edirsə ki, ona əvvəlcədən bildirilməyən və əsassız ödəniş tətbiq olunub, o zaman aidiyyəti dövlət qurumlarına və istehlakçı hüquqlarını müdafiə edən orqanlara müraciət etmək hüququna malikdir”.
Yəni, restoranda sifariş etdiyiniz yeməyin bişirilmə xərcləri və daxili ərzaqları qiymətə daxil olmalıdır, menyuda yazılmayan əlavə xərclərin sonda hesaba yazılması qanunsuzdur
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.