EN

Fransanın ədliyyə naziri miqrasiyanın üç il müddətinə dayandırılmasını təklif edib

Jerald Darmanen bildirib ki, Paris miqrantların inteqrasiyası və assimilyasiyası üzrə “imkanlarının həddinə” çatıb, ailə birləşməsi əsasında verilən yaşayış icazələrinin məhdudlaşdırılmasını və miqrasiya kvotalarının tətbiqini təklif edib...

Poliqon xəbər verir ki, Gérald Darmanin Fransaya miqrasiyanın üç il müddətinə dayandırılmasını təklif edib. Nazir hesab edir ki, ölkə xarici vətəndaşların inteqrasiyası və assimilyasiyası sahəsində artıq “imkanlarının son həddinə” çatıb və miqrasiya siyasətinə ciddi yenidən baxılmalıdır.

Jérald Darmanin bu fikirləri Fransanın bazar günü nəşr olunan nüfuzlu mətbu orqanlarından biri olan Le Journal du Dimanche qəzetinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, hökumət ilk növbədə qeyri-qanuni miqrasiyanın qarşısını almalı, ölkəni tərk etməli olan şəxslərin deportasiyasını sürətləndirməli və yeni viza siyasətini daha sərt prinsiplər üzərində qurmalıdır.

“Gəlin miqrasiyanı dayandıraq, ölkədən çıxarılmalı olanları deportasiya edək, vizaların verilməsini Fransa ərazisini tərk etmə qərarlarının qəbul edilməsinə bağlayaq və artıq ölkə ərazisində yaşayan şəxslərin assimilyasiyası ilə məşğul olaq”, deyə Darmanen bildirib.

Nazir eyni zamanda ailələrin birləşdirilməsi əsasında verilən yaşayış icazələrinin də məhdudlaşdırılmasını təklif edib. Onun fikrincə, iş məqsədilə müvəqqəti və ya uzunmüddətli yaşayış hüququ əldə etmiş şəxslərin qohumlarına avtomatik şəkildə yaşayış icazəsi verilməsi praktikasına yenidən baxılmalıdır.

Bununla yanaşı, Darmanen miqrasiya siyasətinin sərtləşdirilməsi üçün Fransanın konstitusiyasında dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb. O hesab edir ki, hökumətə miqrasiya üzrə məhdudlaşdırıcı kvotalar tətbiq etmək səlahiyyəti verilməli, ölkəyə qəbul ediləcək şəxslərin sayı, mənşə ölkələri və peşə ixtisasları barədə daha sərt meyarlar müəyyən olunmalıdır.

Nazirin təkliflərinə əsasən, hökumət gələcəkdə ölkəyə daxil olacaq miqrantların peşə hazırlığını, əmək bazarına uyğunluğunu və sosial inteqrasiya potensialını daha detallı şəkildə qiymətləndirə bilər. Bunun Fransa iqtisadiyyatının ehtiyacları ilə miqrasiya siyasəti arasında balans yaratmağa xidmət etdiyi bildirilir.

Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə rekord sayda, təxminən 4,5 milyon yaşayış icazəsi verilib. Statistikaya əsasən, bu icazələrin hər üçündən biri ailə birləşməsi mexanizmi çərçivəsində rəsmiləşdirilib.

Rəsmi məlumatlarda həmçinin qeyd olunur ki, hazırda Fransada qanuni əsaslarla yaşayan xarici vətəndaşlar ölkənin yetkin əhalisinin 8 faizdən çoxunu təşkil edir. Miqrasiya mövzusu son illər Fransada siyasi gündəliyin əsas məsələlərindən birinə çevrilib və xüsusilə təhlükəsizlik, sosial təminat sistemi, əmək bazarı və milli identikliklə bağlı debatların mərkəzində dayanır.

Darmanenin təkliflərinin yaxın dövrdə həm hökumət daxilində, həm də parlament səviyyəsində geniş siyasi müzakirələrə səbəb olacağı gözlənilir.

Poliqon.info

Chosen
42
poliqon.info

1Sources