EN

Süni intellektin riskləri və üstünlükləri: gənclərin maarifləndirilməsi vacibdir EKSPERT

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“7 may tarixində 3 kitabım ali təhsil ocaqlarına dərs vəsaiti kimi təqdim olundu. Bu kitablardan biri məhz süni intellektlə bağlı idi. Süni intellekt insan həyatını, təbii ki, əhəmiyyətli dərəcədə asanlaşdırır, həm də ciddi risklər yaradır. Çünki süni intellektin, hər bir texnoloji yenilikdə olduğu kimi, riskləri, etik çərçivələri və doğru istifadəsinin önəmi var. Bu mənada hesab edirəm ki, texnologiyanın iki tərəfi var: faydalı və zərərli tərəfləri. Təbii ki, bu birmənalı olaraq insanların ondan necə istifadə etməsindən asılıdır”.

Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov bildirib.

O qeyd edib ki, Süni intellektin üstünlükləri ondan ibarətdir ki, ilk öncə həyatı asanlaşdıran tərəfləri var: “Bu tip tapşırıqları avtomatlaşdırılmış şəkildə cavablandırır və bilik, informasiya almaq istəyənlər bu vasitə ilə məlumat əldə edir. Qeyd edim ki, süni intellektin kifayət qədər müasir alətləri var və bizim ölkəmizdə daha çox ChatGPT geniş yayılıb. Amma digər fərqli mövzuları və sualları cavablandıran süni intellekt alətləri də mövcuddur. Böyük verilənləri saniyələr içərisində analiz edərək standart cavablar verir. Təbii ki, bu da bilikdə səmərəliliyi və həyatın sürətini artırır.

Verilənləri, dataları və saxta məlumatları araşdıraraq bəzən doğru olmayan cavablar da verə bilir. Lakin elmi yanaşma daha çox dərinləşdirilmiş və dəqiq biliklər təqdim edir. Təbii ki, bu bütün sahələrdə belədir. Əlavə edim ki, süni intellekt müəyyən iş yerlərinin itirilməsinə gətirib çıxara bilər, kiberhücum təhlükəsini artıra, şəxsi məlumatların məxfiliyini poza və insanları bəzən tənbəlləşdirə bilər. Amma düzgün istifadə edilməməsinin fəsadları kifayət qədərdir.

İlk öncə dezinformasiya, saxta səs yazıları və yalan xəbərlərin sürətlə yayılmasına gətirib çıxara bilir. Digər bir məsələni də qeyd edim ki, artıq Azərbaycanda da məqalələrin, elmi işlərin və diplom işlərinin süni intellekt vasitəsilə yazılması geniş yayılıb. Bu isə dürüstlüyü birmənalı olaraq pozur. Tələbələrin tapşırıqları özlərinin etməməsi ciddi problemə çevrilir. Ümumilikdə hesab edirəm ki, burada gənclərin maarifləndirilməsi vacibdir.

Ümumiyyətlə, rəqəmsallaşma artıq qlobal trenddir və bu, bizim həyatımızı istəsək də, istəməsək də dəyişəcək. Biz bu axının içindəyik. Yetər ki, bundan faydalı və düzgün istifadə edək. Gənclərin süni intellekt barədə maarifləndirilməsi kompleks şəkildə aparılmalıdır. Bildiyiniz kimi, cənab Prezidentin müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb və birinci vitse-prezident həmin komissiyaya rəhbərlik edir. Rəqəmsallaşma ilə bağlı nazir müavinləri təyin olunub. Düşünürəm ki, gənclər üçün süni intellektdən istifadə proqramları və praktiki seminarlar keçirilməlidir.

Süni intellektin bizim həyatımızı hansı formada dəyişəcəyi isə bizim ona yanaşmamızdan asılıdır”.

Lətifə Abdıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
sia.az

2Sources