EN

"Könüllü Liderlərin İnkişaf Konsepsiyası" Proqramının açılış mərasimi keçirilib

Könüllülük fəaliyyətinin inkişafına və gənc liderlərin formalaşdırılmasına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən hazırlanmış "Könüllü Liderlərin İnkişaf Konsepsiyası" (KLİK) Proqramının açılış mərasimi baş tutub.

"Far.Az" xəbər verir ki, tədbir çərçivəsində proqramın təqdimat videoçarxı nümayiş etdirilib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev proqramın əsas məqsədləri, könüllülük fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti və könüllü gənclərin liderlik bacarıqlarının inkişafındakı rolu barədə çıxış edib:

"Proqramın ümumi müddəti 6 ay təşkil edir. İlk üç ay ərzində iştirakçılar müxtəlif təlim və sessiyalara cəlb olunacaq, növbəti üç ayda isə təcrübə proqramlarında iştirak edərək əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq etmək imkanı qazanacaqlar. Proqramın qeydiyyat mərhələsində 1000-ə yaxın gənc müraciət edib. Seçim mərhələsinin nəticələrinə əsasən, müraciət edənlər arasından 35 nəfər proqram iştirakçısı qismində müəyyənləşdirilib".

Milli Məclisin deputatı Vüqar İskəndərov vurğulayıb ki, gənclər ictimai və könüllü fəaliyyətlərdə iştirak edərək mənəvi dəyərlərini gücləndirə, humanist keyfiyyətlərini inkişaf etdirə bilərlər: "Bu fəaliyyətlər onlarda həm məsuliyyət hissini artırır, həm də cəmiyyətə faydalı bir insan kimi formalaşmalarına kömək edir."

Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov proqramın könüllü gənclərin şəxsi və peşəkar inkişafında oynadığı mühüm roldan bəhs edərək, bu kimi təşəbbüslərin könüllülərin liderlik bacarıqlarının formalaşdırılması, ictimai fəallığının artırılması və gələcək fəaliyyətlərində uğurlu karyera istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Çıxışlarda eyni zamanda könüllülük fəaliyyətinin cəmiyyətin inkişafına verdiyi töhfə və könüllülərin gənclər siyasətindəki aktiv iştirakının önəmi qeyd olunub.

Daha sonra "KLİK iştirakçılarının proqramla bağlı təəssüratları" adlı videoçarx təqdim olunub.

Tədbir çərçivəsində proqram iştirakçıları Təranə Şahbazova və Elşən Soltanzadə çıxış edərək layihənin müsahibə və seçim mərhələsində qazandıqları təcrübə, eləcə də proqramın onlar üçün yaratdığı inkişaf imkanları barədə fikirlərini bölüşüblər.

Mərasim xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Chosen
4
2
far.az

3Sources