EN

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Bakı, 25 may, AZƏRTAC

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkənin gələcək inkişaf strategiyasında əsas mərhələlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq, 2026-cı ildə Milli Superkompüter Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəz böyük verilənlərin ölkə daxilində emalına, süni intellekt həllərinin inkişafına və xarici hesablama sistemlərindən asılılığın azaldılmasına xidmət edəcək. Eyni zamanda, sistem dövlət qurumları, elmi müəssisələr və özəl sektor üçün açıq platforma kimi fəaliyyət göstərəcək, innovativ layihələrin reallaşdırılmasına və rəqəmsal ekosistemin gücləndirilməsinə şərait yaradacaq.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, məsələnin aktuallığını nəzərə alaraq, bu elmi müəssisədə şəbəkə-kommunikasiya suverenliyi və rəqəmsal infrastrukturun inkişafı istiqamətində geniş elmi tədqiqatlar aparılır, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür.

Həyata keçirilən layihələr ölkənin texnoloji müstəqilliyinin möhkəmləndirilməsinə və milli rəqəmsal təhlükəsizliyin təmin olunmasına töhfə verir.

Mütəxəssislərin fikrincə, Milli Superkompüter Mərkəzinin yaradılması Azərbaycanda elmi innovasiyaların sürətlənməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına və yeni texnologiyaların tətbiqinə geniş imkanlar açacaq. Bununla yanaşı, mərkəz regionda yüksək hesablama gücünə malik əsas texnoloji platformalardan birinə çevrilə bilər.

Chosen
41
1
azertag.az

2Sources