EN

Dilin dövlət statusunun yeni standartları hazırlanmalıdır

“Azərbaycan dilinin dövlət statusunun yeni standartlarını hazırlamaq lazımdır. Bu, birmənalıdır”.

AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışı zamanı deyib.

O bildirib ki, müstəqil dövlətdə dil siyasəti yeni yanaşmalar tələb edir:

“Biz müstəqil dövlətdə yaşayırıq və dilimizin inkişafı ilə bağlı dövlət dili standartları mütləq yenilənməlidir.

İkincisi, terminoloji bazamızda kifayət qədər boşluqlar mövcuddur. Bu boşluqları aradan qaldırmaq üçün yalnız xarici dillərdən sözlərin birbaşa qəbuluna əsaslanmaq düzgün deyil. Bunun müəyyən qaydaları və konsepsiyası olmalıdır. Əks halda, kiminsə istənilən bir bədii və ya elmi mətndə istifadə etdiyi sözləri terminoloji boşluğu doldurmaq üçün qəbul etmək düzgün yanaşma deyil.

Əgər milli sözlər mövcuddursa, onlardan istifadə edilməlidir. Milli söz yoxdursa, dialektlərə müraciət olunmalıdır. Dialektlərdə də qarşılıq tapılmadıqda başqa türk dillərinin imkanlarından istifadə oluna bilər. Əgər bütün bu mənbələr tükənirsə, o zaman beynəlmiləl leksikona müraciət edilə bilər.

Cənab Prezidentin çıxışlarında da vurğulandığı kimi, Azərbaycan dili elə bir inkişaf səviyyəsinə çatıb ki, istənilən fikri ifadə etmək mümkündür. Ulu öndərin də qeyd etdiyi kimi, bu dildə esse, hekayə və roman yazmaq mümkündürsə, deməli, bu dil geridə qalmış dil deyil.

Bu, minilliklərin sınağından çıxmış, zəngin və inkişaf etmiş bir dildir. Buna görə də bu dilə əsassız şəkildə xarici sözlərin gətirilməsi doğru yanaşma deyil.

Bununla yanaşı, beynəlmiləl leksikonun da rolu unudulmamalıdır. Türk dillərinin inkişafı ilə paralel olaraq Avropa dillərindən və beynəlmiləl terminlərdən də istifadə olunması zəruridir. Çünki dövlətlər arasında inteqrasiya olduğu kimi, dillər arasında da qarşılıqlı əlaqə mövcuddur. Bu inteqrasiya mədəniyyətin inkişaf göstəricisidir".

Chosen
24
azedu.az

1Sources