Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır.
Uca Allah müqəddəs “Qurani-Kərim”də qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc; 37).
Mübarək ayədəki ilahi hikmətə inanan hər kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.
Pravda.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub.
Bildirilib ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar: “Ətin bölgüsündə hər kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə, imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur”.