EN

Paşinyanın partiyası seçki proqramında KTMT-yə qayıdışdan imtinanı rəsmiləşdirib

Ermənistanın hakim partiyasının yeni seçki proqramında Rusiya ilə münasibətlərə və hərbi-siyasi ittifaqlara yanaşmanın köklü şəkildə dəyişdiyi bildirilir...

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bir neçə gün əvvəl Rusiya ilə münasibətlərdə kəskin addımların atılmayacağı barədə səsləndirilən bəyanat hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramında əks olunan müddəalarla ziddiyyət təşkil edir.

Poliqon xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, “Vətəndaş Müqaviləsi” Partiyasının 2026-cı ildə Ermənistan Milli Məclisinə keçiriləcək seçkilər üçün hazırladığı yenilənmiş proqram ölkənin xarici siyasət və təhlükəsizlik konsepsiyasında ciddi dəyişikliklərin baş verdiyini nümayiş etdirir. Ermənistan mediası qeyd edir ki, yeni sənəddə yer alan müddəalar həm Paşinyanın son açıqlamalarına, həm də partiyanın 2021-ci il seçki proqramında əksini tapmış yanaşmalara birbaşa zidd hesab olunur.

Bildirilir ki, 2021-ci ildə hakim siyasi qüvvə Ermənistanın təhlükəsizlik sisteminin əsas dayağını erməni-rus strateji müttəfiqliyi çərçivəsində görürdü. Həmin dövrdə təhlükəsizlik arxitekturasının mühüm elementi kimi Rusiya ilə hərbi-siyasi əməkdaşlıq və çoxtərəfli müdafiə mexanizmlərinə bağlılıq vurğulanırdı.

Lakin yeni proqramda bu yanaşmanın dəyişdiyi və Ermənistanın hərbi-siyasi gündəmində Rusiya ilə birbaşa müttəfiqlik xəttinin əvvəlki əhəmiyyətini itirdiyi qeyd olunur. Sənəddə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlüyünün dondurulduğu rəsmi şəkildə təsbit edilib və hakimiyyətin bu struktura aktiv iştirakın bərpası istiqamətində addım atmayacağı vurğulanıb.

Erməni mediasının şərhinə görə, bu, uzun illər Ermənistanın xarici siyasətinin əsas sütunlarından biri hesab edilən çoxtərəfli təhlükəsizlik sistemindən prinsipial uzaqlaşma anlamına gəlir və İrəvanın təhlükəsizlik siyasətində yeni mərhələyə keçid kimi qiymətləndirilir.

Məlumatda seçkilərdə iştirak edən və “Vətəndaş Müqaviləsi” Partiyası ilə koalisiya yaratmaq niyyətini açıq şəkildə bəyan edən yeganə siyasi qüvvə olan “Respublika” Partiyasının Rusiya ilə münasibətlərdə daha sərt mövqe nümayiş etdirdiyi də qeyd olunur.

Partiyanın seçki proqramında təhlükəsizlik sahəsinə dair müddəalarda Ermənistanın cari ilin 1 dekabr tarixinədək Rusiya ilə birgə hava hücumundan müdafiə sistemindən çıxması, bir il ərzində isə KTMT-ni tərk etməsi təklif edilir. Bununla yanaşı, sənəddə Ermənistanın digər dövlətlərlə yeni təhlükəsizlik alyansları formalaşdırması imkanlarının yaradılmasının vacibliyi vurğulanır.

“Respublika” Partiyasının proqramında həmçinin Rusiya ilə mövcud şəraitə uyğun yeni hərtərəfli əməkdaşlıq müqaviləsinin bağlanması, müstəqillikdən sonra imzalanmış bir sıra sazişlərin ləğvi, eləcə də Ermənistanın Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı tərkibindən çıxması, iqtisadi keçidin isə 2031-ci ilədək mərhələli şəkildə təmin olunması təklif olunub.

Poliqon.info

Chosen
65
29
poliqon.info

10Sources