EN

Azərbaycanda süni intellekt əsaslı meşə monitorinq sistemi tətbiq ediləcək - Nazir Rəşad İsmayılov - MÜSAHİBƏ

Bu gün ətraf mühitin mühafizəsi məsələləri bütün dünyanın əhalisi üçün önəm kəsb edir.

Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri ilə mübarizəni, torpaqların deqradasiyası, havanın, suyun çirklənməsi, su qıtlığı çox ciddi məsələlərə çevrilib:

"Artıq bu məsələlər transsərhəd xarakterlidir. Mən deyərdim ki, hər hansı bir dövlət çərçivəsində bu məsələlərin həlli istiqamətində atılan addımların effektivliyi az olur. Ona görə hesab edirəm ki, artıq zərurətdir ki, bu məsələlərin həlli üzrə görülən işlər regional, qlobal, dünya ictimaiyyəti səviyyəsində birlikdə baxılsın və birlikdə görülən tədbirlərin nəticəsi daha məqsədyönlü olacaqdır. Ciddi və gündəmdə olan məsələ iqlim dəyişiklikləridir, biz bunu görürük, gündəlik həyatımızda və əhalidə ciddi narahatçılıq doğurur. Səbəblər bəllidir", - deyə o bildirib.

2050-ci ilə bərk məişət tullantıları iki dəfə arta bilər

Nazir qeyd edib ki, Bakı şəhərində son dəfə yağan yağışlar da əhalidə ciddi suallar yaratdı. Bu, iqlim dəyişikliklərinə bir nümunədir: "Bu trendlərin içində tullantıların idarə olunmasını da səsləndirmək olar. Çox ciddi bir problemə çevrilir. 2023-cü ilə BMT-nin verdiyi məlumata görə, bərk məişət tullantılarının həcmi 2 milyard tondan artıq olmuşdur. Proqnozlara görə, 2050-ci ilə bu rəqəm iki dəfə arta bilər", - deyə o bildirib.

Rəşad İsmayılov Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini də vurğulayıb.

"Hesab edirəm ki, keçirilən beynəlxalq tədbirlər bu sahədə ancaq ümumi məqsədlərə xidmət edir. Azərbaycan dövləti bu sahədə lider mövqelərdədir. Azərbaycan dövləti müəyyən təşəbbüslərlə çıxış edir və dünya ictimaiyyəti tərəfindən qəbul olunur. Bizim əhali bunu görür, vətəndaşlarımız şahididir bunun. Xüsusi qeyd etmək istəyirəm, COP29 tədbirini. Həm dünya ictimaiyyəti üçün yeni bir çağırışlar irəli sürüldü, eyni zamanda Azərbaycan vətəndaşları üçün də maarifləndirmə ilə yanaşı yeni bir iqlim, ətraf mühit mühafizəsi mədəniyyətinin artmasına təkan verdi. Deyim ki, insanlarımızın məsuliyyəti bu sahədə artıb, artıq. Bu günlərdə Bakı şəhərində keçirilən WUF13 tədbiri -Dünya Şəhərsalma Forumu - artıq cəlb eləyib vətəndaşlarımızı. Biz qeydiyyatdan keçən şəxslərin sayını izləyirik, görürük.

Nazir qeyd edib ki, şəhərsalma da çox uzağa getməyib ekoloji problemlərdən.

"Şəhərsalmanın ən vacib tərkib hissəsi, hər halda bizim nazirlik üçün, ətraf mühitdir, insanlarımız hansı mühitdə yaşayır, havanın təmizliyi, müxtəlif, belə deyək, əlçatanlıq məsələləri - bunlar hamısı kompleks şəkildə bu gün o tədbirdə araşdırma predmetidir.
Bu beynəlxalq tədbirlərin hər biri ayrı-ayrılıqda bizim vətəndaşlarımızın yeni bir təfəkürünün formalaşmasında çox mühüm rol oynayır", - deyə o bildirib.

İşğaldan azad olunmuş ərazilərdə yaxın gələcəkdə iki milli park salınacaq

Rəşad İsmayılov qeyd edib ki, nazirliyin məqsədi milli parkların sayını və ərazisinin həcmini artırmaqdır.

"Azərbaycanda təbiət öz müxtəlifliyi ilə seçilir, deyərdim. Bu sahədə nazirliyin tabeliyində fəaliyyət göstərən Bioloji Müxtəlifliyin Qorunması Xidməti mövcuddur. Azərbaycanda xüsusi mühafizə olunan ərazilər, həmin qurumun idarəçiliyindədir. Azərbaycanda 12 milli park fəaliyyət göstərir. Bir çox qoruqlarımız var, yasaqlıqlarımız var. Fərqli rejimli ərazilərdir bunlar və həmin ərazilərin idarə edilməsi çox mühüm məsələdir. Bu gün bizim milli parklarımızin ərazisinin artırılması, daha çox insanlarımızın təbiətlə tanışlığına xidmət edir. O cümlədən, xarici qonaqlarımız da çox ciddi maraqla yanaşır bizim təbiətimizin zənginliyinə. Biz müxtəlif dövlətlərin aidiyyəti nazirlikləri ilə daim təmasdayıq, ikitərəfli görüşlərimizi keçiririk. Onlar Göygöl kimi təbiətimizin incilərinin adlarını bilirlər, harda yerləşməsini bilirlər.Azərbaycanda olan səfirlərlə görüşlər zamanı bizdə mövcud olan heyvanat aləminin növlərindən öz dövlətlərində olan müqayisələrin aparılması artıq onların maraqlarının mövcudluğu və həmin dövlətlərdən gələn turistlərin də cəlbetmə məkanına çevrilir. Nazirliyin məqsədi bu ərazilərin sayını və ərazisinin həcminin artırılmasıdır. 2025-ci ildə Azərbaycanda yeni iki milli park yaradıldı. Yəqin ki, məlumatınız var, İlisu Milli Parkıdır biri. İlisu qoruğunun bazasında yaradıldı bu milli park, ərazisi artdı. Eyni zamanda, möhtərəm Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda yeni bir milli park da yaradıldı, Axar-Baxar adlı.

Çox cəlbedici adı var, əslində təbiəti də çox zəngindir. Yəqin ki, nazirlik tərəfindən yayımlanan video məlumatları əhalimiz görür. Bu milli park tamamilə yenidən - hər hansı bir yasaqlıq, hər hansı bir qoruq olmayan ərazilərdə yaradıldı. Bu, onun göstəricisidir ki, biz artıq yeni ərazilərin zənginliyini araşdırırıq və onların da mühafizə rejimini artırmağa çalışırıq. Bu gün Abşeron Milli Parkının ərazisinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Əslində çox mühüm məsələdir, su hövzəsinə yaxın daha çox sahəni əhatə etməyi düşünürük, Xəzər dənizinin hissəsində", - deyə Rəşad İsmayılov əlavə edib.

Nazir bildirib ki, Azərbaycanda yaxın gələcəkdə iki yeni milli park yaradılacaq.

"Eyni zamanda, bizim işğaldan azad olunmuş ərazilərdə də bu istiqamətdə fəaliyyətimiz var. Həmin ərazilər uzun müddət kənar təsirlərə məruz qalmışdır, meşələrimiz dağıdılmışdır, biomüxtəlifliyə ciddi zərər vurulmuşdur. Bu gün bizim mənəvi də bir öhdəliyimiz var ki, biz orada ayrıca rejim tətbiq edək, onların mühafizəsini təşkil edək.

Mürəkkəb məsələdir milli parkların yaradılması. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir. Siz bilirsiniz, milli parkların ərazisində demək olar ki, təsərrüfat fəaliyyəti qadağandır. Biz bu gün digər orqanlarla əməkdaşlıq yaratmışıq, qarşılıqlı müzakirələr gedir. Bölgü aparmışıq iqtisadi zonalar üzrə: Qarabağ iqtisadi zonası üzrə, Şərqi Zəngəzur iqtisadi zonası üzrə. Mən hesab edirəm ki, yaxın gələcəkdə biz iki yeni milli parkin yaradılmasının şahidi olacağıq. Bir hissəsi Qarabağ iqtisadi zonasında yaradılacaq, bir hissəsi isə Şərqi Zəngəzur zonasında yaradılacaq. Hansı ki, 10 000 hektarlarla ərazini əhatə edəcəkdir. Çox böyük ərazilərdir, ərazilərin seçilməsi zamanı biz əsasən çalışdıq daha çox təbiətin zənginliyi mövcud olan, heyvanat aləminin müxtəlifliyi ilə seçilən əraziləri əhatə edək. Eyni zamanda, milli parklarla bağlı qanunvericilikdə mövcud məhdudiyyətlər də nəzərə alınır. Biz çalışırıq ki, gələcəkdə əhalimiz həmin ərazilərə köçdükdə, onlar üçün örüş əraziləri də qalsın, əkin üçün ərazilərə maksimum toxunmayaq. Bu sahədə işlər davam edir. Hesab edirəm ki, yaxın gələcəkdə biz həmin ərazilərdə ilk milli parkımızın yaradılmasının şahidi olacağıq", - deyə o izah edib.

Ovçuluq fəaliyyəti ilə bağlı danışan nazir qeyd edib ki, iqlim dəyişikliyinin də bu sahəyə ciddi təsiri var.

"Bu gün Azərbaycanda 13 mövcud ovçuluq təsərrüfatı var. Bu təsərrüfatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Həssas mövzudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mən deyərdim ki, mühafizəkar nazirlikdir. Bizim məqsədimiz odur ki, nə qədər mümkündürsə təbiətə toxunmayaq, antropogen təsirdən uzaq saxlayaq. Lakin Azərbaycanda ənənəvi ovçuluq sahəsinə maraq çox böyükdür. Deyərdim ki, hətta biz bəzi məhdudiyyətlər tətbiq edəndə vətəndaşlarımızın sualları yaranır ki, "artıq mövsüm başlayıb, niyə gec mövsüm açılır?", "niyə limitlər sərt tətbiq olunur?" Bu gün mövcud vəziyyətdə aydın məsələdir ki, iqlim dəyişikliyinin də ciddi təsiri var bu sahəyə. Biz çalışırıq, ilkin olaraq bu sahədə işi sayımlar üzərində quraq. Nə deməkdir bu? Mövsüm öncəsi bizim Bioloji Müxtəlifliyin Qorunması Xidmətin mütəxəssisləri tərəfindən növlər üzrə sayğı aparılır və mövcud populyasiya ilə bağlı məlumatlar toplanılır.

Məqsəd odur ki, çalışaq populyasiyaların azalmasının qarşısını alaq. Buna uyğun olaraq nazirliyin tərkibində fəaliyyət göstərən xüsusi şura - hansında ki, Elmlər Akademiyası mütəxəssisləri var, müvafiq institutların mütəxəssisləri cəlb olunub, qeyri-hökumət təşkilatlarının mütəxəssisləri də çalışır bu sahədə. Məsələ müzakirəyə çıxarılır. O sayğı əsasında biz məsələyə ehtiyatla yanaşırıq, müəyyən limitlər çərçivəsində mövsümü çalışırıq ki, növlər üzrə hissələrə bölək. Həmin mövsümün, həmin hissənin nəticəsinə uyğun olaraq eyni mövsümdə onu davam etdirə və ya dayandıra bilərik, hansısa növ üzrə ovçuluğu. Aydın məsələdir ki, bu, bəzən vətəndaşlarımızda narazılıq yaradır. Amma öncə söylədim, insanlarımız, vətəndaşlarımız daha çox bugünkü gündə təbiətsevər olublar. Cəmiyyətdən gələn çağırışlar, Nazirliyə daxil olan müraciətlərdən də biz görürük ki, narazılıq məqamları olsa belə, daha çox bu, sual kimi təqdim olunur ki, niyə belə oldu, niyə limitlər az oldu. Gələcək üçün düşünürük ki, biz tam rəqəmsallaşdıraq bu sahəni. Ona görə ki, hesab edirik burada ən ciddi məsələ uçot məsələləridir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, ovçuluq biletlərin verilməsində hər hansı bir məhdudiyyət yoxdur.

"Biz populyasiyalarımızı daim nəzarətdə saxlamalıyıq. Bununla bağlı 2025-ci ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən yaradılmış Rəqəmsal Ekologiya İnformasiya Sistemi - biz onu REİS adlandırırıq - bu sistem vasitəsilə artıq başlamışıq test rejimində ovçuluq icazələrinin verilməsinə.

Ovçuluq biletləri ümumiyyətlə ASAN xidmət tərəfindən verilir. Tələblərə uyğun olaraq müraciətlərə baxılır və onlar vaxtı-vaxtında təqdim olunur vətəndaşlarımıza. Müraciətlər çoxdur. Bu sahə daim vətəndaşlarımızın maraq diqqətindədir",- deyə o bildirib.

Nazir qeyd edib ki, ETSN gələcəkdə gündəlik və həvəskar ov fəaliyyətini rəqəmsallaşdırmaq niyyətindədir:

"Növbəti mərhələlərdə ümumiyyətlə istəyirik gündəlik ov fəaliyyətini, həvəskar ov fəaliyyətini rəqəmsallaşdıraq. Ovçularımız ova çıxan zaman onların həm hərəkət trayektoriyasını izləyək, həm də nəzarət təşkil edək. Bu, əslində ovçularımızın özlərinin də mühafizəsi üçündür. Eyni zamanda, uçota xidmət edəcək, yəni ovda əldə olunan şikarların qeydiyyatını həmin elektron sistem vasitəsilə aparmağı düşünürük. Bu, gələcəyin işidir, aydın məsələdir. Ola bilər ki, kimlərsə bunu məhdudiyyət kimi, daha sıx çərçivə kimi qəbul etsin. Amma biz düşünürük ki, ümumi götürəndə əhalimiz bu məsələləri rəğbətlə qarşılayacaq. Ona görə ki, ana məqsəd təbiətimizin mühafizəsidir, ətraf mühitin mühafizəsidir",- deyə o əlavə edib.

Rəşad İsmayılov bildirib ki, Azərbaycanda "meşə fondu" adlanan torpaq fondu mövcuddur və həmin ərazilər 1 milyon 200 min hektardan artıqdır.

"Təqribi Azərbaycanın 14%-ni əhatə edir. Lakin biz meşə deyəndə tək bu əraziləri nəzərdə tutmuruq. Bələdiyyə meşələri də mövcuddur, digər ehtiyat fondu torpaqlarında da meşələr mövcuddur, hansı ki, yaşıllığının bizim tərəfimizdən hesabatları aparılır. Ümumilikdə, aydın məsələdir ki, meşə fondunun hamısı meşə ilə örtülü deyil. Bu gün biz deyə bilirik ki, 1 milyondan çox hektar ərazimiz meşə ilə örtülüdür.

Ümumi götürəndə az göstəricidir. Misal üçün, Skandinaviya dövlətləri ilə Pribaltika dövlətləri ilə müqayisə etsək, onlarda 40-45% üzərində ərazilər meşə ilə örtülüdür. Bu yaxınlarda biz Slovakiyadan olan tərəfdaşlarımızla müzakirələr aparırdıq. O Mərkəzi Avropa dövlətidir, 40%-dən artıq ərazisi meşə ilə örtülüdür. Eyni zamanda, bizim meşələrimiz də birinci kateqoriya meşələrə aid olunur. Ona görə həmin meşələrin sənayedə istifadə olunması məqsədəmüvafiq hesab edilmir.

Bizim meşə tarixçəmizi götürəndə qayıdaq 90-cı illərə, SSRİ-nin dağıldığı dövrə nəzər saldıqda, ölkədə enerji təminatı və qaz təchizatı ilə bağlı müəyyən çətinliklərin yaşandığını görmək olar. Əfsuslar olsun ki, həmin dövrdə mövcud olan bu problemlər meşələrimizə çox ciddi və mənfi təsirlər göstərmişdi. Bu gün Dövlət Əmlak Xidməti ilə birlikdə meşə sahələrinin həcmini dəqiq müəyyən etmək üçün müvafiq işlər aparılır və demək olar ki, artıq bu fəaliyyət yekunlaşmaq üzrədir.Hazırda meşə fondu ərazilərinin yenidən xəritələrinin təsdiqlənməsi istiqamətində son tamamlama işləri görülür. Bütün bu fəaliyyətlərin yekun mərhələsi meşə sahələrində geniş mühafizə tədbirlərinin həyata keçirilməsinə zəmin yaradacaqdır. Hazırda əldə olan mövcud meşə örtüyü diqqətdə saxlanılır və əvvəl qeyd olunduğu kimi, ağac örtüyü olmayan boş sahələrdə meşəbərpa tədbirlərinin icrasına başlanılıb", - deyə o izah edib.

Azərbaycanda 40 min hektar ərazidə meşəbərpa işləri həyata keçirilib

Rəşad İsmayılov bildirib ki, 2020-ci ildən 2026-cı ilə qədər olan dövr ərzində, ümumilikdə 40 min hektar ərazidə meşəbərpa tədbirləri həyata keçirilib.

"Aydın məsələdir ki, bu gün gündəmdə olan ən başlıca məsələlərdən biri məhz işğaldan azad olunmuş ərazilərimizdə meşə massivlərinin bərpa edilməsidir. Bu çərçivədə Laçın rayonunda 110 hektar meşə ərazisinin bərpasını nəzərdə tutan irihəcmli bir layihə planlaşdırılır. Gözlənilir ki, cari ilin sonuna doğru bu layihənin icrasına start veriləcək.

Ümumiyyətlə, meşə təsərrüfatı sahəsində tinglərin yetişdirilməsi də qarşıda duran ən əsas vəzifələrdən biri kimi qəbul edilir. Meşələrin bərpası həm gənc tinglərin yetişdirilib əkilməsi, həm də birbaşa toxum səpini vasitəsilə həyata keçirilir.
Bununla belə, aydın məsələdir ki, tinglərin əkilməsi üsulu ilə bərpa olunan meşə sahələrində bitiş səviyyəsi daha yüksək olur".

Cəbrayıl rayonunda llik 2 milyon ağac tingi yetişdiriləcək

Onun sözlərinə görə, Cəbrayıl rayonunda fəaliyyət göstərən "Tingçilik Mərkəzi" ildə 2 milyon ədəd ting yetişdirməyi hədəfləyir.

"2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb. İndiyə qədər 5 böyük istixana kompleksi quraşdırılıb. Sözügedən istixanalarda hazırda illik təxminən 1 milyon ədədə yaxın ting yetişdirilir. Bu istixana sistemləri meşə təsərrüfatına böyük üstünlüklər qazandırır. Belə ki, süni və isti şəraitdə tinglər normaldan daha sürətlə böyüdüyü üçün təbiət, bütöv bir mövsüm qabağa düşmüş olur. Tinglər daha tez yetişdiyinə görə, onlardan meşəbərpa və yeni meşəsalma tədbirlərində daha tez istifadə etmək imkanı yaranır.

Bununla yanaşı, işğaldan azad edilmiş digər bir ərazimizdə - Cəbrayılda da böyük bir layihəmiz var. Türkiyə dövlətinin dəstəyi ilə 97 hektar ərazini əhatə edən "Ağıllı Tingçilik Mərkəzi" yaradılıb. Bu mərkəzin təməli şəxsən Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən birgə qoyulub. Cari ilin sonuna qədər mərkəzin tam gücü ilə fəaliyyətə başlayacağı planlaşdırılır. Mərkəzdə həm müasir üsullarla tinglərin yetişdirilməsi həyata keçiriləcək, həm də bura regional bir təlim mərkəzi formatında xidmət göstərəcəkdir. Bu mərkəzdə illik 2 milyon ədəd tingin yetişdirilməsi hədəflənir ki, bu da olduqca böyük bir həcmdir və şübhəsiz ki, azad edilmiş ərazilərdə meşələrin yenidən qurulmasına əvəzsiz bir töhfə verəcəkdir. Eyni zamanda, hazırda başlanğıc mərhələsində olan digər alternativ layihələr də mövcuddur", - deyə o bildirib", - deyə o bildirib.

Azərbaycanda sənaye məqsədli meşəsalma sahəsində ilk pilot layihəyə başlanır

Nazir vurğulayıb ki, Azərbaycanda sənaye məqsədli meşələrin salınması istiqamətində ilk pilot layihəyə başlanır.

"Hazırda Azərbaycanda sənaye məqsədli meşələr mövcud deyil. Lakin bu istiqamətdə həm cəmiyyətdən, həm də yerli sahibkarlardan müəyyən müraciətlər daxil olub. Dünya təcrübəsinə baxdıqda sənaye meşələrinin salınması geniş tətbiq edilən bir təcrübədir və xüsusilə Çində, həmçinin Almaniyada, İspaniyada sənaye meşələri əkilir. Özbəkistanda da çox geniş əkilməyə başlanılıb. Bu yaxınlarda bizim özbəkistanlı tərəfdaşlarımızla görüşümüzdə Pavloniya və tez bitən qovaq ağac növlərinin əkilməsi kimi təşəbbüs irəli sürülüb. Araşdırdıq bu məsələni. Hesab edirik, həmin növ ağaclardan sənaye meşəsi məqsədilə bizim sahibkarlar vasitəsilə meşəsalmanı həyata keçirə bilsək bu irəliyə addım olacaq. Daha sürətlə meşələrimizi bərpa edə biləcəyik. Eyni zamanda, əhalimiz də bundan yararlana biləcək. Əsas məqam burda Azərbaycan üçün xas olmayan Pavloniya ağaclarıdır, ona görə də bu məsələyə həssas yanaşırıq. 100 hektar ərazidə pilot layihəyə başlanılır və nəticələrdən asılı olaraq biz növbəti addımlara keçəcəyik. Eyni zamanda, bu işin səmərəliliyi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə də tərəfdaşlıq edirik. Bu işə xarici mütəxəssislər də cəlb olunur. Paralel olaraq bu işin səmərəliliyi, bu işin mənfəəti Azərbaycan iqtisadiyyatına verəcək töhfəsi üzrə işlər aparılır. Avropa ölkələrində də bu növ ağacəkmə işləri aktiv şəkildə həyata keçirilir", - deyə o qeyd edib.

Odun istifadəsi və yanacaq məsələsindən danışan nazir qeyd edib ki, 1990-cı illərdə enerji təminatında yaranan qıtlıq dövründə əhali odun mənbəyi kimi meşələrdən geniş istifadə etmişdi. Lakin yaşayış məntəqələrində qazlaşdırmanın səviyyəsi artdıqca, bu tələbat tədricən azalır.

"Bizim ucqar kəndlərimiz var və səhiyyə obyektlərimiz, hərbi hissələr var ucqar bölgələrdə, hansı ki, odun tələbatı bugünkü gündə zəruridir. 2023-cü ildə Nazirlər Kabineti tərəfindən həcmlər təsdiq olunub, hansı ki, Meşələrin İnkişafı Xidməti tərəfindən ona uyğun olaraq meşələrdə sanitar qırma apararılır. Həcm olaraq 84 min kuba yaxın yuxarı hədd müəyyən olunub. Amma misal üçün, keçən il bizdə götürülmüş odun həcmi 67 min kub olub. Çalışırıq təbiətimizə, meşələrimizə minimum toxunaq. Eyni zamanda, ömrünü artıq yaşamış ağaclardan, belə deyək, çürümüş, qurumuş ağaclardan istifadə edirik bu sanitar qırımlar zamanı. Bu sahədə də ciddi nəzarətin təşkilinin üzərində işlər aparılır.

Bugünkü gündə mən "meşə brakonyerliyi" adlandırıram bunu. Qanunsuz meşə kəsimləri, qırıntılar da var. Bununla mübarizə sahəsi də xidmətin fəaliyyət istiqamətlərindən biridir. Biz bu günlər çalışdıq ki, alternativ, obyektiv nəzarət istiqamətlərindən də yararlanaq. Misal üçün deyə bilərəm ki, biomüxtəlifliyin qorunması sahəsində biz bunu artıq tətbiq etmişik. Bizim elektron səhifəmizdə, nazirliyin rəsmi internet səhifəsində tanış ola bilər vətəndaşlar. Yanaşmanı necə qurduq? Öncəki dövrlərdə də müxtəlif yerlərdə müşahidə kameraları ilə nəzarətin təşkil olunması mövcud idi. Biz bir addım qabağa getdik. Artıq Şəmkir yasaqlığında bunu tətbiq eləmişik. Müşahidə kameraları quraşdırıldı və onlayn qaydada həmin video-görüntülər bugünkü gündə nazirliyin elektron səhifəsi vasitəsilə yayımlanır.

Biz onun tərəfdarıyıq ki, tək nazirliyin, onun tabeli qurumlarının nəzarəti yox, eyni zamanda, geniş ictimaiyyət də baxsın və obyektiv olaraq dəyişiklikləri görsün. Həmin ərazidə qanunsuz kömür istehsalı var idi, biz onun qarşısını aldıq. Başqa növ ağac istehsalı ilə bağlı fəaliyyət növləri var idi, onun qarşısını aldıq. Müşahidə kameralarını quraşdırandan və bu yanaşmanı tətbiq etdikdən sonra, həmin göldə canlanmanın səbəbi olduq. Bugünkü gündə də, mövsümdə də, biz baxanda görürük ki, nə qədər quş, yeni quş növləri də, hətta o gölə gəlir. Bundan yaralanırıq, bunu müsbət təcrübə hesab edirik və bundan yararlanaraq biz artıq meşə ərazilərimizdə də, xüsusən meşəyə giriş-çıxış ərazilərimizdə qanunsuz fəaliyyətin qarşısının alınması üçün video görüntüləri həyata keçirmək üçün kameraların sayının artırılmasını həyata keçiririk", - deyə nazir əlavə edib.

"Meşə brakonyerliyi" ilə mübarizədə dronlar və süni intellekt tətbiq ediləcək

Nazir bildirib ki, bu ilin sonuna qədər müəyyən ərazilərdə, əsasən risk zonalarında, kameraların quraşdırılması həyata keçiriləcək və görüntülərin onlayn yayımlanması təmin olunacaq: "Hesab edirik ki, bu həmin o qanunsuz fəaliyyətdən bəzi vətəndaşlarımızı çəkindirmiş olacaq".

 

Rəşad İsmayılov bildirib ki, riskli ərazilərdə nəzarəti gücləndirmək üçün ilkin mərhələdə dron alınacaq:

"Bu gün biz müasir texnologiyalardan da istifadə etmək qənaətinə gəlmişik. Bu, həm də dronların alınmasıdir. Artıq müqavilə də bağlanılıb, ilk dronlarımızı alacağıq, bu sahədə tətbiq edəcəyik. Süni intellekt əsaslı platformalar üzərindən bu işin təşkilini düşünürük. Bununla bağlı müvafiq müqavilələr də artıq bağlanılıb və işlərə başlanılıb. Məntiq etibarilə nə baş verəcək? Mövcud olan, elektron hökumət portalında digər qurumların sistemləri üzərindən düşünürük ki, əlavə modullar yazılmaqla onların tarixçəsini formalaşdıraq. Bu günləri biz hansısa bir nəzarət tədbirlərini həyata keçirmək istəyəndə giririk, açıq olan Google mənbələrinə. Hansısa bir dəyişiklikləri çalışırıq özümüz izləyək.

Yeni tətbiq olunacaq sistemdə ilk görüntüləri götürəndən sonra, növbəti mərhələlərdə çəkilən görüntülərlə həmin elektron sistem vasitəsilə müqayisələrin aparılması artıq elektron sistem tərəfindən həyata keçiriləcək və hansısa bir dəyişikliklər (qanunsuz ağac kəsimi və s.) aşkarlandığı halda, aidiyyəti qurumlar dərhal məlumatlandırılacaq. Bununla daha operativ müdaxilələr üçün zəmin yaranacaqdır. Əlbəttə ki, hələ bu məsələlərin ilkin mərhələsindəyik. Amma hesab edirəm ki, yaxın gələcəkdə biz müəyyən bir ərazilərdə bu işləri təşkil edə biləcəyik. İlk olaraq İsmayıllı meşələrini, öz zənginliyi ilə fərqlənən meşələri seçmişik. Orada bunu təşkil eləmək istəyirik. Yəqin ki, uğurlu nəticələr əldə edəndən sonra digər ərazilərimizdə də biz bu işləri təşkil edə biləcəyik ", - deyə o bildirib.

Nazir bildirib ki, bu gün meşə fondumuzda 650 rekreasiya obyekti fəaliyyət göstərir. Bunların təxminən 40%-ında pozuntular mövcuddur, bəzi obyektlərin isə sənədləşmə işləri zamanında aparılmayıb, lakin bütün bu obyektlər mövcuddur.

"Bu günləri biz artıq yeni rekreasiya obyektlərinin verilməsini dayandırmışıq. Nəyə əsaslandıq? Digər dövlətlərin təcrübəsinə baxdıq. Misal gətirə bilərəm, səhv etmirəmsə Latviyada, hansı ki, ərazisinin 45-faizi meşə örtüyü ilə örtülüb, rekreasiya obyektinin sayı 300-dən çox deyil. Bu baxımdan biz hesab etdik ki, əlavə hər hansısa bir yeni rekreasiya obyektlərinin açılmasına tələsməyək. Mövcudların məsələsi üzərində işləyirik.

Təftişlərimizi apardıq. Bu gün artıq pozuntular olan rekreasiya obyektlərinə bildirişlər verilir və iki ay ərzində həmin pozuntular göstərilməklə, o pozuntuların aradan qaldırılması tələblərini veririk. Digər hissəsinin, hansı ki, ümumiyyətlə sənədləri yoxdur, bir çöxunun. Hansı ki ciddi ekoloji problemlərlə əsaslı tikintilər aparılıb və sair. Bunların biz bir hissəsinin artıq aradan qaldırılması istiqamətində addımlar atırıq, məhkəmələrdə iddialar da qaldırılıb.Başa düşürəm ki, həssas məqamdır. Bununla bağlı qanunvericilik təşəbbüslərinin üzərində də düşünürük bugünkü gündə ki, sadaladığımız 650 rekreasiya obyektini legitim formata gətirək. Hansı qaydada bu mümkün ola bilər, onun üzərində işlər aparılır.

Eyni zamanda bunların sayının artırılması məsələlərində biz düşünürük ki, artıq bu yetərli saydır bu gün, hansı ki, idarəçiliyini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Biz Turizm Agentliyi ilə əməkdaşlıq üzərində düşünürük, müzakirələr aparılıb. Ola bilsin ki, gələcəkdə bir sıra ərazilərdə bir klaster formatında hansısa bir cəlbetmə nöqtələri seçilib Turizm Agentliyinin idarəçiliyinə verilsin və Turizm Agentliyi artıq həmin ərazilərdə turizm nöqteyi-nəzərindən təşkilatçılıq işini aparsın. Eyni zamanda bizim üçün də ekoloji baxımdan, ekoloji tələblərə riayət olunması baxımından daha rahat olacaq bu ərazilərin idarə olunması. Gələcək kimi biz bunu görürük. Amma mövcudlar üzərində bu dəqiqə iş davam etdirilir", - deyə o bildirib.

Rəşad İsmayılov qeyd edib ki, ağacların budanması və təhlükə yaradan, qurumuş ağacların götürülməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Müxtəlif çarxlar çəkilərək geniş ictimaiyyətə çatdırılır. Lakin daxil olan ərizələrdən görünür ki, cəmiyyətimizin məlumatlıq səviyyəsi bu sahədə hələ də aşağıdır.

"Budanma ilə bağlı birmənalı olaraq, yerli icra hakimiyyəti orqanlarının tabeliyində fəaliyyət göstərən yaşıllaşdırma təsərrüfat idarələrinə müraciət olunmalıdır. Eyni zamanda, bələdiyyə torpağındadırsa, bələdiyyələrə müraciət olunmalıdır. Ümumiyyətlə, Azərbaycanda sahibsiz ağac yoxdur. Bu, torpağa bağlı bir məsələdir və hər bir torpaq mülkiyyətçisi öz torpağında olan ağacların idarəçiliyini həyata keçirməlidir. Bu, bələdiyyələrdir, yerli icra hakimiyyəti orqanlarıdır, dövlət torpaqlarına münasibətdə -meşə fondu torpaqları, xüsusi qorunan ərazilər, milli parklar, qoruqlar kimi torpaqlara isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə vətəndaşlarımız bunu həyata keçirməlidir. Ağacların götürülməsi ilə bağlı mövqe belədir ki, mülkiyyətçi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır və bu halda artıq yerində həmin ağacların təftişi aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilən ekspertiza rəyi əsasında yaşıllıqların götürülməsi və ya köçürülməsi vərəqələri verilə bilər. Lakin bu, yalnız ekspertiza rəyi əsasında həyata keçirilməlidir.

Budanma məsələsində ekspertiza rəyi tələb olunmur. Söylədiyim qurumlar tərəfindən budanma həyata keçirilir mütəmadi. Onlar özləri aidiyyəti mütəxəssisləri cəlb edirlər və budanmanı həmin mütəxəssislərin mövqeyinə uyğun olaraq, münasibətinə uyğun olaraq həyata keçirirlər. Sadəcə vətəndaşlarımızın müraciətlərinin düzgün istiqamətləndirilməsi tələb olunur. Eyni zamanda, əsasən bu müraciətlər yaşayış məntəqələrindən, şəhərlərimizin ərazisindən daxil olur", - deyə o izah edib.

Azərbaycanda 87 mindən çox ağac elektron qeydiyyata alınıb

Nazir bildirib ki, 2025-ci ildən şəhərlərimizdə ağacların rəqəmsal uçotu üzərində işlərə başlanılıb. Əsasən Bakı şəhərinin mərkəzində ağaclar kodlaşdırılır və onların üzərinə xüsusi lövhəciklər quraşdırılır. QR-kod vasitəsilə vətəndaşlar sadəcə telefonla həmin ağac barədə tam ətraflı məlumat əldə edə bilirlər. Hətta ağacla bağlı hər hansı mövqeyi və ya təklifi olan vətəndaşlar müraciət də yaza bilirlər.

"Buna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti bölmələri tərəfindən baxılır, o müraciətlər cavablandırılır, lazım olan hallarda müvafiq tədbirlər görülür. Belə təcrübələr bir çox dövlətlərdə var, ağacların uçotunun, aparılması. Biz bir az da təkmilləşdirdik bu məsələni. Ümumi xəritə üzərində "agac.az" elektron səhifəsi üzərində qeydiyyatı təşkil etdik. Hansı ki, bu günləri ya telefonla həmin QR-kodu oxutmaqla və ya ağacın üzərindəki kodu kompüterdə həmin saytda daxil etməklə həmin ağacın lokasiyasını, yerləşməsini biz həmin xəritə üzərində görürük. Bu günləri mən deyərdim ki, 87 000-dən çox ağac artıq qeydiyyata alınıb. Bu, pilot layihə kimi Səbail rayonunda başlanıb. Layihə başlayan kimi digər şəhərlərimizdən də müraciətlər gəldi. Biz Sumqayıtda, Gəncədə, Mingəçevirdə bunu tətbiq etdik, başlamışıq bu işlərə.

Eyni zamanda, Şamaxıdan da müraciət oldu bu yaxınlarda. Cənub bölgəsində də bu işləri başlamışıq. Xəritə üzərində onu biz görə bilərik. Bu dəqiqə girib həmin internet səhifədə görə bilərik. Sayta daxil olanda ağacın məlumatları açılanda: hansı ağac növüdür, hündürlüyü nə qədərdir, diametri nə qədərdir və ağacın vəziyyəti - yaxşı, qeyri-kafi və sair kimi məlumatlar daxil edilir. Bizim mütəxəssislərimiz tərəfindən gələcəkdə, yəqin ki, 3 ildən bir bu ağacların yoxlanılması aparılacaq ki, mövcud vəziyyət dəqiqləşdirilsin. Bu gün köçürülmə, götürülmə ilə bağlı müraciətlər daxil olanda, artıq tətbiq edirik.

Ümumiyyətlə belə müraciətlər olanda, tələb qoyuruq ki, bizim qurumlar tərəfindən həmin ağacların qeydiyyatı aparılsın və ümumiyyətlə, götürülməmişdən öncə ağacın vəziyyəti sistem vasitəsilə qeydiyyata alınsın, şəkilləri olsun, yerləşməsi görünsün. Ondan sonra, misal üçün, ağac kəsilməlidir, götürülməlidir, artıq çürüyüb, qəzalı vəziyyətdədir və sair və ilaxır, qərar verilsin. Onu götürəndən sonra biz əksər hallarda, yerləşməsindən asılı olaraq tələb qoyuruq ki, həmin ağacın yerinə yeni ağac - mövsümə uyğun, yerləşməsinə uyğun ağac əkilsin və o ağacın üstünə artıq həmin birka, lövhəcik yerləşdirilib elektron sistemə daxil edilsin. Artıq biz ağacın yerləşməsi üzrə tarixçəsini də izləyə bilirik ki, burda olmuşdur hansısa bir qəzalı ağac. O götürüldü, yerinə mövcud ting əkilib, o tingin şəkli də yerləşdirilib. Bu işlər görüləndən sonra biz əhəmiyyətli dərəcədə, şikayətlərin azalmasını görürük.

Bugünkü gündə, əlbəttə ki, şəhərlərimizdə bütün ağaclara lövhələrin vurulması qeyri-mümkündür, amma biz bu istiqamətdə gedirik. Hesab edirəm ki, ağacların, yaşıllıqların uçotunu bu qaydada təşkil etməklə bu sahədə şəffaflığa nail ola biləcəyik, ağacları, ümumiyyətlə izləyə biləcəyik, zamanı gəldikdə bunların əvəzlənməsini operativ təşkil edə biləcəyik. Bu isə ümumi bizim yaşıllıq fondumuza şəhərlərdə balansda saxlanılması, yəni say baxımından biz buna nail olandan sonra yalnız artmağı mümkün olacaq, azalması mümkün olmayacaq. Ona görə ki, ağaclarımız qeydiyyata alınıb, onlar çıxarılanda əvəzinə hansı ağac əkilibsə qeydiyyata götürüləcək. Yeni ağacəkmə aksiyalarımız geniş ictimaiyyətə mütəmadi çatdırılır. Həm Bakıda, həm digər bölgələrimizdə də bu aksiyalar həyata keçirilir. Xüsusən də mən qeyd etmək istəyərəm ki, 2024-cü ildə COP ili adlandırırıq biz onu şərti, həmin ildə genişmiqyaslı ağacəkmə aksiyaları bütün regionlarda keçirilmişdi. Regionlardan bizə müraciət də olunurdu, tinglərlə təmin olunması ilə bağlı. Biz mümkün qədər hər birini təmin etdik və həmin əkilmiş tinklərin artıq nəzarətini də təşkil edirik, yerli icra hakimiyyəti orqanları ilə birlikdə baxırıq. Əsasən bu tinglər şəhər mərkəzlərində, əsas yolların kənarında əkilib. Bugünkü gündə biz bu ağacların artıq böyüməsini müşahidə edə bilirik", - deyə o qeyd edib.

Bakıda son yağışlar iqlim dəyişikliklərinin açıq nümunəsidir

Nazir Rəşad İsmayılov bildirib ki, son illər ölkəmizdə və dünyada normadan artıq yağış hadisələrinin artmasının əsas səbəbi iqlim dəyişiklikləridir.

"Gündəlik həyatımız artıq hiss etdiyimiz qədər dəyişir. Bununla bağlı müəyyən addımlar beynəlxalq ictimaiyyət tərəfindən atılır. 2025-ci ildə Azərbaycan tərəfindən də milli töhfələr qəbul edilib, Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Əsasən qabaqlayıcı addımlar kimi yaşıllıqların artırılması təbliğ olunur və istilik effekti yaradan qaz emissiyalarının azaldılması kimi məhdudiyyətlərin dövlət tərəfindən tətbiq olunması kimi məsələlər gündəmə çıxıb.

Azərbaycan dövləti 2035-ci ilə qədər 90-cı illə müqayisədə emissiyanın 40%-ə dək azaldılması kimi bir hədəf qoyub. Biz bu istiqamətdə gedirik, düşünürük ki, bütün dövlətlər tərəfindən belə hədəflər özləri üçün müəyyən olunduqda bu azından həmin dövlətləri məsuliyyətləndirəcək və hansısa bir irəli addımlarla nəticələnəcəkdir. Yağıntıların artması, biz öncə də söylədik, sonuncu dəfə may ayında 9 saat ərzində, aylıq normadan 5 dəfə artıq yağış yağdı. Əlbəttə ki, belə olan halda bir sıra fəsadlar olur. Bugünkü gündə bu istiqamətdə işlər görülür, ümumiyyətlə su təsərrüfatı ilə bağlı Bakının, Abşeronun dövlət proqramı da qəbul olunub. Lakin belə hadisələr tək Azərbaycana xas deyil. Biz Avropada hansı ki, neçə illərdir drenaj sistemləri qurulmuş və böyük şəhərlərin su altında qalmasını görürük. Bu reallıqdır, biz bu istiqamətdə adaptasiya planları hazırlamalıyıq və bu istiqamətdə addımlamalıyıq", - deyə nazir izah edib.

Xəzər dənizinin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil

Rəşad İsmayılov Xəzər dənizinin suyunun azalmasına toxunaraq bildirib ki, bunun səbəbi təkcə iqlim dəyişiklikləri deyil və digər amillər də rol oynayır.

"Tarixçəyə baxanda Xəzər dənizinin suyunun azalması, çoxalmasını biz dəfələrlə müşahidə etmişik. Hazırki Xəzər dənizinin azalması ilə bağlı beynəlxalq mütəxəssislərin mövqeyi belədir ki, buna səbəb tək iqlim dəyişiklikləri deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif platformalarda Xəzəryanı dövlətlərlə birgə əməkdaşlığa başlayıb. Müxtəlif tədbirlər planlarının üzərində iş gedir. Əsasən bu tədbirlər planı adaptasiya mexanizmlərinin üzərindən düşünülür. Həm Tehran Konvensiyası çərçivəsində bu müzakirələr aparılır, eyni zamanda ikitərəfli işçi qruplar artıq yaradılıb. Misal kimi deyə bilərəm, aprel ayında Qazaxıstanla ikitərəfli işçi qrupun ilk iclası keçirildi və bu sahədə artıq müzakirələrimiz başlayıb. Nəticə etibarilə bunu söyləmək olar ki, bu məsələlərin həlli istiqamətində atılan addımlar hansısa bir dövlət tərəfindən olmamalidir. Xəzəryanı bütün dövlətlər tərəfindən birgə düşünülmüş və ardıcıl hansısa bir tədbirlər yerinə yetirilməlidir". - deyə o bildirib.

Nazir bildirib ki, son geoloji araşdırmalar zamanı işğaldan azad olunmuş ərazilərdə yeni yataqlar aşkarlanıb.

"Geoloji tədqiqatlar mütəmadi olaraq aparılır. Son geoloji araşdırmaları işğaldan azad olunmuş ərazilərdə, Azərkosmosla birgə hiperspektral tədqiqatlar aparmışdıq. Aşkar olunmuş yataqlardan Ağdam rayonu ərazisində yerləşən Çullu yatağıni deyərdim.Təqribi ilkin qiymətləndirmə, 50 min - 70 min ton mis istehsalı üçün yararlı ola bilər. Eyni zamanda, su ehtiyatlarımızla bağlı da araşdırmalar aparılır. Bu yaxınlarda Şuşada yataq aşkarlanmışdı. Yəqin ki, orada da sənaye istifadəsi üzrə işlərə başlanılacaqdır.Minkənddə yaxşı yataqlarımız var bu sahədə, onlardan istifadə olunur. Ümumiyyətlə, geologiya sahəsi çox vacib sahədir və bu günləri tək təbii ehtiyatların araşdırılması ilə bağlı yox, eyni zamanda sürüşmə zonalarında da bizim geoloqlarımız çalışır.

Gördüyünüz, izlədiyiniz kimi, bir çox ərazilərdə bu yağışlar zamanı sürüşmələr baş verib. Ona qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu günləri Azərbaycan üzrə mövcud sürüşmə zonaları Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Eyni zamanda, bizim geoloqlar da artıq yeni müəyyən olunmuş həmin sürüşmə ərazilərinin tərtibatı üzərində işləyirlər ki, bu ərazilər də daxil edilsin həmin xəritələrə. Nə verir bizə bu xəritələr? Həmin ərazilərdə artıq rejim fərqli olur, tikinti qadağan olunur, yaşıllaşdırma tədbirləri həyata keçirilir, qabaqlayıcı bərkitmə işləri aparılır ki, hər hansı bir fəsadlar olmasın", - Rəşad İsmayılov deyib.

Rəşad İsmayılov qeyd edib ki, dünya miqyasında mineral xammallardan istifadə gündən-günə artır. Bu həm filiz yataqlarına, həm də qeyri-filiz yataqlarına aiddir.

"Bilirsiniz, bu dəqiqə dünya miqyasında da mineral xammallardan istifadə gündən-günə artır. Bu, həm filiz yataqlarına aiddir, həm qeyri-filiz yataqlarına. Artıq il yarım, bir ildən çox müddətdir ki, bu sahədə islahatlara başlamışıq. İlk növbədə, qanunsuz fəaliyyət göstərən yer təki istifadəçiləri ilə bağlı mübarizə aparıldı.2025-ci ildə 53 qanunsuz müəssisənin, karxana istismarçısının fəaliyyəti dayandırıldı. Buna tək Ekologiya və Təbii Sərvətlər Nazirliyi nail olmadı. Müxtəlif qurumlarla birgə işçi qrup yaradıldı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qoşulmuşdu bu proseslərə, yerli icra hakimiyyəti orqanları ciddi dəstək verdi, hüquq-mühafizə orqanları da iştirak edirdi. Qanunsuz fəaliyyət göstərən karxanaların avadanlıqları çıxarıldı bu ərazilərdən və beləliklə, bu yataqlar üzrə qanunsuz istismarın qarşısı alındı.

Eyni zamanda, paralel olaraq "Yer təki haqqında" qanuna da dəyişikliklər aparılıb. Bu sahənin tənzimlənməsi üçün keçid qaydaları cənab Prezidentin təşəbbüsü ilə təsdiqləndi. Keçid qaydaları özündə ehtiva etdiyi bir sıra məsələlər var. Başlıcası odur ki, bugünkü gündə hər hansı bir nöqsanları olan istismarçılar üçün bir il müddət verilir. Biz onu amnistiya müddəti adlandırırıq. Əslində, keçid dövrü müəyyən olundu və bu keçid dövründə həmin istismarçılara bütün dəstək dövlət orqanları tərəfindən göstəriləcək ki, həmin nöqsanlar aradan qaldırılsın. Düşünürəm ki, belə yanaşma ilə biz bu sahənin sağlamlaşdırılmasına nail ola biləcəyik. Eyni zamanda, digər bir problem - yer təkindən istifadə edilən zaman bir çox ərazilərdə rekultivasiya işləri aparılmamışdı. Yəni, yer təkindən istifadə, götürülən mineral xammal götürülürdü, amma bu çay yatağı olsun, digər ərazilər olsun, burda bərpa işləri, yer səthinin bərpa işləri aparılmırdı. Bununla bağlı artıq qanunvericilik səviyyəsində verilmiş tapşırıqlar var, rekultivasiya qaydaları işləniləcək bir il ərzində, sərt deməzdim, amma yetərincə məhdudiyyətli tələblər tətbiq olunacaq.

Əslində, bu addımlara kənardan baxanda bunu həmin istismarçılar üçün yaradılan bir maneə kimi qiymətləndirmək mümkündür, amma tam araşdıranda məsələni biz görürük ki, ümumiyyətlə bu sahə ciddi nəzarətdə saxlanılmalıdır. Biz bu işlərə ilk növbədə Fövqəladə Hallar Nazirliyini cəlb etmişik. Hər il Fövqəladə Hallar Nazirliyi tərəfindən proqnozlar verilir tələbatla bağlı. Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən də dəstək verilir. İqtisadiyyat Nazirliyi iqtisadiyyatımız üçün hansısa bir istehsalın yaradılması sahəsində tələb olunan mineral xammal ehtiyatlarının həcmini müəyyənləşdirir. Biz artıq növbəti mərhələlərdə tələbata və iqtisadiyyatın istəklərinə - yeni istehsallarının yaradılmasına yönəlmiş həcmdə bu sahənin idarəetməsini təşkil etməyi düşünürük.

Hesab edirəm ki, bu il bir az bizim üçün mürəkkəb dövr olacaq. Biz bu sahədə fəaliyyət göstərən sahibkarlara çalışacağıq ki, dəstək olaq, ki onlar öz istehsallarını tam qanunvericiliyin tələblərinə gətirə bilsinlər, istehsalı tam sağlamlaşdırsınlar. Lakin nəticəsini bir ilin sonunda biləcəyik. Bildirim ki, keçid qaydalarının tələblərinə uyğun olaraq yaxın günlərdə sağlamlaşdırmaya məruz qalan istismarçıların siyahısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron səhifəsində dərc olunacaq. Artıq hesablama nöqtəsi baş verəcək. Düşünürəm ki, az iş görülmədi bu öncəki dövrdə. Biz fəsadlarla nəticələnə biləcək istehsalatın qarşısını aldıq. Biz çay yataqlarının dağıdılmasının qarşısını alırıq bununla. Eyni zamanda, həmin ərazilərdə olan aqrotexniki qurğulara da mənfi təsirin qarşısını alırıq. Biz tənzimlənmiş istehsalın tərəfdarıyıq ki, bu da bütün qurumların iştirakı ilə təşkil olunacaq və gələcəkdə bu fəsadların qarşısı aınacaq", - nazir bildirib.

Nazir bildirib ki, xəritəçilik və geodeziya bu gün çox vacib sahələrdəndir. Bir il öncə biz yeni WGS 84 sisteminə keçdik. Bu sistem artıq dünya praktikasında qəbul olunub və ölkəmizdə tərtib olunan xəritələrin universal tələblərə uyğunluğunu təmin edəcək.

"Eyni zamanda, artıq gələcək üçün Azərbaycanda geoid sisteminin, üçölçülü sistemin qurulmasını da düşünürük. Bu sahədə işlərə başlamışıq. Bu, artıq dəqiq ölçmələrə əsas yaradacaq. Biz miqyas baxımından daha dəqiq xəritələr əldə edə biləcəyik. Eyni zamanda, bugünkü gün tələbat da var, tematik xəritələrə, hansı ki, tərtibatçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan, bu sahəyə cavabdeh qurumdur. Çox maraqlı və gündəmdə olan bir sahədir. Gündəlik həyatımızda daimi istifadə olunur", - o deyib.

Nazir Rəşad İsmayılov vurğulayıb ki, bərk məişət tullantılarının zərərsizləşdirilməsi və utilizasiyası bu gün gündəmdə olan məsələlərdən biridir. Onun sözlərinə görə əhali artdıqca tullantıların həcmi də artır və Azərbaycanda bu sahədə bir sıra işlər görülüb.

"Misal üçün, Balaxanıda yerləşən çeşidləmə zavodu var. 200 min ton bərk məişət tullantısının çeşidlənməsini həyata keçiririk həmin zavodda. Eyni zamanda, 500 min ton gücündə bərk məişət tullantılarının yandırılması üçün zavod da fəaliyyət göstərir. Bu, böyük göstəricilərdir. Hesab edirəm ki, bu sahədə də təkmilləşdirməyə ciddi zərurət var. Artıq biz bir məqama gəlmişik ki, Azərbaycanda da tullantıların müasir idarəetmə sistemi yaradılsın. Bu yaxınlarda Prezident İlham Əliyevin fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Biz düşünürük ki, bu sahədə yeni müasir çağırışları biz həmin agentlik vasitəsilə tətbiq etməliyik. Tullantı daşıyan maşınların təminatı ilə bağlı öncəki illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi texnikanın alınması həyata keçirilib. MDB oyunlarının öncəsi 48 xüsusi texnika alınıb. Regionlarda bizim problemlər var idi, təminat həyata keçirildi. Ondan sonrakı dövrdə biz daha 70 xüsusi texnika aldıq. Regionlarda bu sahədə idarəetməni, tullantıların daşınmasını həyata keçirən qurumlara təhvil verdik. Hazırda artıq 100 ədəd də xüsusi texnika sifariş olunub. Bu sahədə də satınalma prosedurlarına başlanılıb. Düşünürük ki, bu il ərzində regionlarda fəaliyyət göstərən qurumlara 100 ədəd əlavə bu texnikaları da təhvil verə biləcəyik. Deyərdim ki, bu çox ciddi bir həcm oldu, ümumi hesablayanda regionlarımızda tullantıların daşınması ilə bağlı yaşanan problemlərin bir çoxunun qarşısı alınar. Düşünürük bu il də tullantıların toplanması üçün xüsusi konteynerlər alınsın. Lakin əsas ümidlərimiz bu sahədə təkmilləşdirmənin aparılması ilə bağlı yeni agentliklə bağlıdır. Yəqin ki, artıq müəyyən bir strategiyaların üzərində işə də başlayacağıq ki, bu sahənin sistemli inkişafını təmin edə bilək", - nazir bildirib.

Rəşad İsmayılov qeyd edib ki, Azərbaycan bu günləri ətraf mühitin mühafizəsi sahəsində 20-dən çox konvensiyaya qoşulub.

"37 dövlətlə ikitərəfli 60-dan çox saziş, memorandum, protokollar imzalanıb. Bu say gündən-günə artır. Bu, beynəlxalq səviyyədə Azərbaycan hökumətinin iştirakçılığının təmin olunması üçün atılan addımların göstəricisidir. Azərbaycan bu gün, mən deyərdim ki, ətraf mühitin mühafizəsi sahəsində lider dövlətlərdən hesab olunur. Biz bunu xarici dövlətlərin televiziyalarında da artıq eşidirik və bu çox sevindirici haldır bizim üçün. COP29 tədbiri Azərbaycanda yüksək səviyyədə keçirildi. Hazırda COP31 tədbiri Türkiyədə keçiriləcək, ona hazırlıq gedir. Mən əminəm ki, Azərbaycan bu tədbirdə də ən fəal və təşəbbüskar dövlətlərdən biri olacaq", - o əlavə edib.

Nazir Rəşad İsmayılov bildirib ki, 2025-ci ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəqəmsal ekologiya elektron əsasnaməsi təsdiq olunub və bir çox modulları artıq işlək vəziyyətdədir. Onun sğzlərinə görə, bu, həm ekomonitorinq sahəsini əhatə edəcək, həm yaşıllıqların kadastrı həyata keçiriləcək.

"Eyni zamanda, hidrometeoroloji stansiyaların da artıq avtomat stansiyaları ilə əvəzlənməsi həyata keçirilir. 73 faiz artıq avtomat stansiyalar quraşdırılıb. Biz düşünür ki 2030-cu ilə qədər tam avtomat stansiyalara keçirək, bütün stansiyaları əvəz edək. Situasiya mərkəzləri quraşdırılır sahələr üzrə. Hidrometeoroloji xidmətdə situasiya mərkəzi quraşdırılıb. Biz mineral xammal ehtiyatlarının nəzarəti ilə bağlı danışdıq. Bu il biz düşünürük həmin sahə üzrə də situasiya mərkəzi yaradaq, nəzarəti elektron vasitələrlə həyata keçirək. Bioloji müxtəliflik sahəsində, milli parkların girişlərində artıq elektron biletlər tətbiq olunur. Biz başlamışıq və düşünürük ilin sonuna kimi bütün milli parklarımızı əhatə edək və yalnız elektron biletin tətbiqi həyata keçirilsin. Meşələrin inkişafı xidmətində də bu il artıq başlamışıq rəqəmsal nəzarətin təşkilinə. Düşünürük ki, odun tədarükünü də növbəti mərhələlərdə rəqəmsallaşdıraq ki, orada da bir şəffaflığa və ictimaiyyət üçün açıqlığa nail ola bilək. Ümumi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi obyektiv, rəqəmsal nəzarət mövqeyindən çıxış edir. Düşünürük ki, idarəçiliyi məhz bu obyektiv rəqəmsallaşma üzərindən qura bilsək, daha yüksək nailiyyətlər əldə edə bilərik. Bunların hər birinin yekunda Rəqəmsal Ekologiya İnformasiya Sisteminin üzərindən həyata keçirilməsi bizə həm vahidlik verəcəkdir, eyni zamanda idarəetmənin də daha çevik, operativ həyata keçirilməsinə zəmin yaradacaqdır", - o deyib.

Ətraf mühitin qorunması hər bir vətəndaşın borcudur

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi ilə məşğuldur, lakin heç bir qurum dünyada bunu 100% təmin edə bilməz. Bu səbəbdən ictimai iştirakçılıq mütləq təmin olunmalıdır: "Necə bizim nazirliyin də vəzifəsidir ətraf mühitin mühafizəsi, eyni zamanda hər bir vətəndaşın da bu vəzifəsi vardır. Məsələ nədir? Gələcək nəsillər üçün biz nə qoyub gedəcəyik? Düşünürəm ki, bu hər bir vətəndaşın borcudur".

Rəşad İsmayılov bildirib ki, 23 may tarixi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sistemində çalışan işçilərin peşə bayramıdır. Nazirlik 2001-ci ildə təsis olunub və bu il fəaliyyətinin 25 ilini tamamlayır.

"Düşünürəm ki, əhalimiz də ötən dövr ərzində bizim nazirlik tərəfindən görülən işləri qiymətləndirir və əminəm ki, gələcəkdə də biz bu işləri uğurla davam etdirə biləcəyik".

Chosen
65
50
day.az

10Sources