Bizimyol saytına istinadən ain.az xəbər verir.
Azərbaycanda rəsmi inflyasiya göstəriciləri ilə vətəndaşların gündəlik həyatda hiss etdiyi bahalaşma arasında ciddi fərqlər daha açıq şəkildə müşahidə olunur. Əhali arasında tez-tez səslənən “maaş dəyişmir, amma həyat hər gün bahalaşır” fikri iqtisadiyyatda “gizli inflyasiya” probleminin dərinləşdiyini göstərir.
“Gizli inflyasiya” rəsmi statistik hesabatlarda tam əks olunmayan, lakin insanların gündəlik xərclərində hiss etdikləri real qiymət artımlarını ifadə edir. Bu vəziyyət, xüsusilə, ərzaq məhsulları, kommunal xidmətlər, nəqliyyat, dərman preparatları və gündəlik istehlak mallarında daha qabarıq şəkildə hiss olunur.
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Asif İbrahimov bildirib ki, problemin əsas səbəbi Azərbaycanda uzun illərdir tətbiq olunan səmərəsiz iqtisadi modeldir. Onun sözlərinə görə, iqtisadiyyatın böyük ölçüdə neft gəlirlərindən asılı qalması, real rəqabət mühitinin zəif olması, idxaldan yüksək asılılıq və daxili istehsalın məhdud inkişafı qiymət sabitliyini davamlı şəkildə risk altında saxlayır. “İstehsal edə bilmirik, istehsal etdiyimiz də baha başa gəlir. Ona görə də Çindən, Türkiyədən daha ucuz qiymətə idxal edib taleyimizi onun-bunun insafına buraxırıq”, – deyə o qeyd edib.
İqtisadçı hesab edir ki, ölkədə bir çox sahələrdə rəqabətin məhdud olması bazarda qiymətlərin formalaşmasına mənfi təsir göstərir. İnkişaf etmiş rəqabətli iqtisadiyyatlarda bazar mexanizmləri qiymətləri müəyyən qədər balanslaşdırdığı halda, monopoliyaya yaxın mühitdə qiymət artımları daha sürətli və nəzarətsiz baş verir. Bu isə istehlakçının gündəlik xərclərini artırır.
“Azərbaycanda heç nə istehsal etmədiyimiz üçün xaricdən idxal edirik. Bu da Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı əlavə xərclər yaradır və nəticədə qiymətlər artır. Məsələn, Belarusdan alınan yağ Gürcüstanda 8 manata satıldığı halda Azərbaycanda 16–21 manata satılır”, – deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, başqa problem idxal yönümlü iqtisadi strukturla bağlıdır. Azərbaycan istehlak bazarının əhəmiyyətli hissəsi xarici məhsullardan asılı olduğu üçün dünya bazarlarında qiymət artımı, logistika xərclərinin yüksəlməsi və valyuta təzyiqləri daxili bazarda da birbaşa bahalaşmaya səbəb olur.
Bundan başqa, məhsulların keyfiyyətinin azalması və çəkisinin kiçildilməsi də “gizli inflyasiya”nın əsas elementlərindən biri hesab olunur. Bir çox hallarda məhsulun qiyməti formal olaraq dəyişməsə də, istehlakçı eyni pula daha az məhsul əldə edir. Bu proses rəsmi statistikada tam görünmədiyi üçün vətəndaşın hiss etdiyi real inflyasiya ilə açıqlanan rəqəmlər arasında fərq yaranır.
Asif İbrahimov deyib ki, istehlak səbətinin strukturunda edilən dəyişikliklər də real vəziyyəti tam əks etdirməyə bilər. Bahalaşan məhsulların səbətdəki payının azaldılması və daha ucuz alternativlərin əlavə olunması ümumi inflyasiya göstəricisini aşağı sala bilər. Halbuki əhalinin gündəlik həyatında əsas xərclər məhz sürətlə bahalaşan məhsul və xidmətlər üzərində cəmlənir.
İndiki iqtisadi modelin başqa bir mənfi tərəfi gəlirlərlə qiymətlər arasındakı balansın pozulmasıdır. Maaş və pensiya artımları bir çox hallarda real bazar bahalaşmasının tempinə uyğun gəlmir. Nəticədə əhalinin alıcılıq qabiliyyəti zəifləyir, orta təbəqənin maliyyə dayanıqlığı azalır və sosial narazılıq artır.
İqtisadçı hesab edir ki, problemin həlli üçün ilk növbədə iqtisadi qanunvericiliyə yenidən baxılmalıdır. Onun sözlərinə görə, iqtisadi qanunların hazırlanmasında yalnız hüquqi yanaşma deyil, həm də real bazar effekti nəzərə alınmalıdır: “Mövcud iqtisadi qanunlar estetik və hüquqi-texniki baxımdan yaxşı hazırlansa da, bazar effekti təhlil edilmir. Bu sənədlər çox vaxt inzibati yanaşma üzərində qurulur”.
O əlavə edib ki, rəqabətli iqtisadi mühitin genişləndirilməsi, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, şəffaf statistika sisteminin formalaşdırılması və real sektorun inkişafına yönəlmiş struktur islahatları vacibdir. “Elə bir iqtisadi model qurmalıyıq ki, orta statistik Azərbaycan vətəndaşı ölkə daxilində ucuz maya dəyəri ilə keyfiyyətli məhsul istehsal edə bilsin. Əks halda ya bacarıqsızlığımızı etiraf etməli, ya da uğurlu modelləri öyrənib tətbiq etməliyik. Velosipedi yenidən icad etməyə ehtiyac yoxdur”, – deyə o vurğulayıb.
İqtisadçı sonda bildirib ki, əks halda rəsmi statistik göstəricilərlə vətəndaşın gündəlik həyat təcrübəsi arasındakı fərq daha da böyüyəcək və bu, iqtisadi siyasətə ictimai etimadın zəifləməsinə səbəb olacaq.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.