EN

Braziliya ətinə qadağa: Hansı qərar veriləcək? – VİDEO

Avropa Birliyi Braziliyadan ət, xüsusilə də mal əti və ət məhsullarının idxalına qadağa tətbiq edib. Qərarın səbəbi həmin məhsulların sanitariya standartlarına cavab verməməsidir. Azərbaycan da Braziliyadan böyük həcmdə ət alır. Satıcıların sözlərinə görə, bu ölkədən alınan ətin digərlərindən əsas fərqi məhsulun daha keyfiyyətli olmasıdır.

Satıcı Abbas Vəliyev qeyd edib ki, can əti qiymətinə ətlər satırlar ki, kiloqramı 16 manatdır:

“Tələbat yüksək səviyyədədir, əsas alıcılar da kafe-restorandır. Satdığımız məhsulların hamısı AQTA-ın sağlamlıq aktı ilə tərtib edilir. Ay ərzində məhsul 3-4 dəfə gəlir”.

KONKRET.az İctimai TV-yə istinadla xəbər verir ki, ekspertlər bu ilin ilk 4 ayı ərzində ət idxalında artım qeydə alındığını deyirlər.

Belə ki, ölkəyə xaricdən təxminən 15-16 min ton ət gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 17-18 faiz çoxdur.

Bəs sözügedən Braziliya ətinin idxalı dayandırılarsa, qiymətlərdə hansı dəyişiklik ola bilər?

İqtisadçı Asif İbrahimovun sözlərinə görə, ölkədə iribuynuzlu heyvanların sayı və örüş yerləri azalıb:

“Belə olduğu halda daxili tələbatımızı təmin etmək üçün xarici bazara üz tuturuq. Biz oradan dondurulmuş ət, quş əti məhsulları idxal edirik. Təbii ki, bu, bazara təsirini göstərir. Amma bu da qiymətlərdə müəyyən artım ola biləcəyini göstərir. Qarşıdan da Qurban Bayramının gəldiyini nəzərə alaraq, 10 faizə yaxın artım ola bilər”.

Məsələ ilə bağlı AQTA-dan bildirilir ki, Braziliya da daxil olmaqla xaricdən ət idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sertifikatları təqdim etsin. idxal prosesi zamanı məhsullar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri aparılır, daha sonra laboratoriya sınaqlarına cəlb edilir. Nəticəsi uyğun olan məhsulların satışına icazə verilir.

Qurumdan o da bildirildi ki, bu il Braziliyadan idxal olunan ət məhsullarında antibiotik qalıqları ilə bağlı hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Chosen
32
13
konkret.az

10Sources