EN

Kral Lir labirinti: klassik ədalətsizlik və insanın özünə cəza kəsməsi

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Ramilə QURBANLI

Qədim yunan miflərindən birində, itkin düşmüş Silenə göstərdiyi qonaqpərvərliyə görə tanrı Dionis çar Midası mükafatlandırmaq istəyir. Çünki Silen yunan əsatirlərində qərəzli və qorxunc, buynuzlu, təkəayaqlı meşə sakinidir; o, Dionisin əshabəsi, kef, şənlik, eşq məclislərində onun təlxəyidir. Yəni əshabəsinə hörmət Dionisə hörmət kimi dəyərləndirilir. Ona görə də yunan panteonunun üzümçülük və şərab tanrısı Dionis çara söyləyir ki, ürəyindən keçəni ondan istəyə bilər. Ancaq bir şərtlə: Dionis onun yalnız və yalnız bir arzusunu yerinə yetirəcək. Midas da tamahının qarşısını ala bilməyib buyurur ki, indən sonra toxunduğu hər bir nəsnə qızıla çevrilsin.

Elə də olur. Çar o andan hara, nəyə əlini vurursa, qızıla dönür. Nə yazıq ki, qızıla bürünmüş Midas ac-yalavac qalır. Toxunduğu ərzaq yeməli olmaqdan çıxıb qızıla çevrilir. Ona görə də qədim yunan mifologiyasında Midas əbədi aclığa məhkum personajdır. Bəs yaxşılıq edən Midasın günahı nə idi ki, belə cəzalandırıldı? Bu barədə müəyyən qənaətə bəhs edəcəyim mətləbin sonunda gələcəyik.

Mətləb Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin "Kral Lir" əsərinin yeni quruluşda tamaşasına baxmağımla başlayır.

Əvvəlcə onu ərz edim ki, V.Şekspirin "Kral Lir" əsəri Azərbaycan teatr səhnəsində 4 böyük quruluşda tamaşaya qoyulub (ola bilər ki, tədris prosesində, yaxud dərnəklərdə də hazırlanıb). İlk dəfə tamaşa 1941-ci ildə Dövlət Akademik Milli Dram Teatrı səhnəsində Mirzə İbrahimovun tərcüməsində, Şəmsi Bədəlbəylinin rejissorluğu ilə hazırlanıb. Rolları da o vaxtın Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərov kimi böyük sənətkarları oynayıblar. Biz görməmişik, lent yazısı da, təəssüf ki, yoxdur.

Üstündən uzun zaman keçdikdən sonra, 1990-cı illərin əvvəllərində əsər eyni teatrda yenidən rejissor Bəhram Osmanovun quruluşunda səhnələşdirilib. Kral Lir obrazını Kamal Xudaverdiyev canlandırmışdı. Bu tamaşaya bəndeyi-fəqiriniz də tamaşaçı olub. Təəssüf ki, yenə lent yazısı yoxdur.

Üçüncü tamaşanın premyerası 2009-cu ildə olub. S.Vurğun adına Rus Dram Teatrında Xalq artisti Nodar Şaşıqoğlunun benefisi kimi hazırlanıb. Aktyor özü rejissor Aleksandr Şarovskiyə yaxınlaşıb deyib ki, "Kral Lir"i qoy, oynayım və teatrın da, həyatın da qapısını çırpıb gedim. Bu da 2000-ci illərə təsadüf edir. Bu obrazla aktyor son dəfə səhnəyə çıxıb.

4-cü quruluş isə günümüzə - 2026-cı ilə təsadüf etdi. May ayında 3 gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında premyerası olan sözügedən əsərin tamaşası bu dəfə Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə onun benefisi oldu.

Əsəri yenidən ana dilimizə Kamran Nəzirli çevirib. Tamaşa Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzenin quruluşunda təqdim edildi.

Şekspirin "Kral Lir" faciəsi insan ləyaqəti üzərində qurulub. İnsanın mənəvi dünya ilə maddi varlıq arasındakı çarpışması, xeyirlə şərin mübarizəsi... Bəli, əsərdə Nizamidə olduğu kimi, birbaşa xeyir-şər söhbəti olmasa da, mahiyyətində məhz odur.

Çox bəsit bir hekayə ilə başlayır. Kral yaşlanıb, yorulub (guya) və hakimiyyəti, taxt-tacı övladlarına verir, varidatını onların arasında hansının atasına daha çox sevgisi var şərti ilə bölüşdürür.

Kral Lir öz krallığını üç yerə bölür. Bölür ki, qızlarına və onların ərlərinə həvalə etsin. "Həvalə etsin" deyəndə nəyi? - sualı ortaya çıxır. Məsələ də elə bunun üzərindədir: görəsən, Kral Lirin hakimiyyətini qızlarına təhvil verməkdə məqsədi nə idi? Qocalıb yorulmuşdu, yoxsa hansısa kral hiyləsi var idi?

Böyük qızı Qoneriliya atasına sevgisini ən gözəl sözlərlə, şişirdilmiş ifadələrlə izhar edir. Kral Lir məmnun qalıb böyük qıza xəritədə ona ayrılan əraziləri göstərir. Riqan iddia edir ki, atasına olan sevgisi onun həyatının yeganə sevincidir. O da krallığın üçdə biri ilə mükafatlandırılır. Kiçik qız Kordeliya bacıları kimi bəlağətli danışmır, hələ evli olmasa da, deyir ki, öz məhəbbətini əri və atası arasında böləcək. Onun "həqiqəti" söylədiyinə görə Lir onu varislikdən amansızlıqla, təhqirlərlə məhrum edir və öz sevimli uşağını saraydan qovur. Sonra onun krallıqdakı payını da iki qızı arasında bölür.

Burqundiya hökmdarının və Fransa kralının Kordeliya üçün gələn elçiləri öyrənirlər ki, qız cehizdən məhrum edilib, qayıdıb gedirlər. Fransa kralı isə Kordeliyanın özünün cehiz olduğunu deyir və ona evlənməyi təklif edir.

Uzun-uzadı əsəri danışmayacağam, klassik əsərdir, hər kəsin məlumatı var ki, varidatını aralarında böldüyü iki qızı Lirin nə özünə, nə də qoruyucu cəngavərlərinə səbir göstərməyib onu səfil vəziyyətdə küçələrə salırlar.

Kral Lir qoca Lir adlı bir səfilə dönür. Hakimiyyətini əldən verdikdən sonra da kral kefində yaşayacağını zənn etməkdə yanıldığını anlamaq onu qəhr edir.

Tanrı bəzən belə cəzalandırır, mükafatın içində gələn cəza ağır olur. Cəhənnəm əzabını dadan Lir anlayır ki, taxt-tacsız, hakimiyyətsiz o, bir heçdir. Deməli, onu verənin bir gün amansızlıqla əlindən almağı da var. Boyun əydirən sən yox, sənin hakimiyyətindir və o, bir gün əlində olmaya bilər. Həyat Lirə cəhənnəm əzabını yaşatmaqla ona yerini, həddini göstərir.

Qayıdıram yunan mifinə. Tanrı ona görə tanrıdır ki, müqəddəsdir, heç kimə, heç nəyə ehtiyacı yoxdur. Kralın isə hamıya və hər şeyə həmişə ehtiyacı var. Kral tanrı ola bilməz, tanrı gücünə iddia edə bilməz. Odur ki, krallığını itirmiş Lir günahsız müqəssirdir, iddiasının qurbanıdır.

"Kral Lir" faciəsinin labirinti, dolaşığı da elə budur. Yuxarıda verdiyimiz suallarda dolaşıb qalırsan. Anladığın əsərin həqiqətidirmi, yoxsa sənin təxəyyülün? Çox sevdiyim rejissor Vaqif İbrahimoğlu deyirdi ki, heç vaxt özünü dərinliklərə qərq edib düşünmə: "Görəsən, mən tamaşanı, yaxud əsəri düzgün aça bildim?" Sən nə anlamısansa, elə həqiqət də odur. Haqlıdır. Ola bilər ki, rejissor, dramaturq sənin başa düşdüyünü demək istəməyib, sənin gözünlə baxmayıb. Sən də onun gözü ilə baxa bilməzsən. Hər kəs öz qabının tutumuna görə anlayır.

Teatrşünas Aydın Talıbzadə bir məqaləsində deyir: "Kral Lir" faciədən daha çox öyüddür, dərsdir, pritçadır".

Mən də belə qavradım. Tamaşa boyu Kamal Xudaverdiyevin Kral Liri kölgə kimi düşüncəmdə gəzdi. O köhnə tamaşadan xəyalımda yalnız onun obrazı qalıb. Nə səhnə quruluşu, nə dekorasiya, nə də başqa obrazların ifaçıları - yalnız Kamal Xudaverdiyevin Kral Liri yaddaşımda dolaşır. Görünür, bunun səbəbi onun səhnədə gördüyüm ilk canlı Kral Lir olmasındadır.

Onun Kral Liri əldən verdiyi keçmişinin xiffətini çəkməkdən çox, hakimiyyətini itirməsi ilə həyatı dərk edən və bir də həyata gəldiyi təqdirdə tamam başqa cür yaşamağı düşünən, artıq müdrikləşmiş, kamil ahıl insandır. Ölüm ona xoşbəxtlik kimi görünür.

Nurəddin Mehdixanlının Kral Liri bir qədər fərqlidir. O, artıq düşünməyi belə kənara qoyub həyatın axarına, dalğasına qoşulub, özünü qoyub dəliliyə. Qədər onu bundan sonra hara aparıb çıxaracaq - fərq etmir. Zatən, bu həyat onu fərq etməyə dəyməzmiş, amma hələ ölümə də yaxın deyil...

İndiyə qədər eyni teatrın səhnəsində oynadığı rollarla sanki Kral Lirə doğru gəlirmiş təsiri bağışlayan və bu obrazı ilə o yola bir cümlə sonu kimi nida işarəsi qoymuş (yolun sonudur demək deyil) Xalq artisti deyir: "Kral Lir" tamaşası vasitəsilə həm özümə, həm də tamaşaçıya bir növ yaradıcılıq hesabatı təqdim etdim. "Bu illər ərzində qazandığım təcrübəni, öyrəndiklərimi və bacarıqlarımı səhnədə nümayiş etdirdim. İnanıram ki, "Kral Lir" tamaşası teatrın tarixində mühüm yer tutacaq".

Səhnə dekorasiya ilə yüklənməyib. Öndə aktyorlardır. Yeri gəlmişkən, səhnədə gənc aktyorlar üstünlük təşkil edir. Nurəddin Mehdixanlının ətrafında onların çoxluq təşkil etməsi, təbii ki, teatrın gələcəyinə yatırımdır.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır. Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssam Vüsal Rəhim, işıq üzrə rəssam Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.

Rolları Xalq artisti Nurəddin Mehdixanlıdan başqa, Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli oynayırlar.

"Kral Lir"in əsas ideyası iyerarxiya sisteminin uğursuzluğu, yalan və yaltaqlıqdan uzaq həqiqi dəyərlərin axtarışı, nizamla xaosun, xeyirlə şərin toqquşması, yazılmamış mənəvi qanunların və ona müvafiq cəzanın labüdlüyüdür.

Kral Lirin, eləcə də Çar Midasın günahı, qəbahəti iddiasındadır. Belə cəsarət bəşəriyyəti xəlq edənə qarşı qiyamdır, tanrını inkar edib özünü onun səviyyəsində görməkdir. Klassika hər zaman ədalətsizliyin, haqsızlığın süqutunu təlqin edib, amma o, hələ də var, dünya olduqca da olacaq. İnsan əməli, iddiası ilə özü öz cəzasını kəsəndir; belə olub, belə də olacaq. "Kral Lir" krala yox, insanlığa verilmiş hökmdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
525.az

1Sources