ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Son illərdə ərzaq və gündəlik istifadə olunan məhsulların qiymətlərində baş verən dəyişikliklər ailə büdcələrinə birbaşa təsir göstərir.
Məsələn, 4 nəfərlik bir ailənin aylıq xərcləri artıq sabit deyil və yaşayış tərzinə görə ciddi fərqlənir.
"Cebheinfo.az"-ın araşdırmasına əsasən, hazırkı bazar reallığına əsasən xərclər yaşayış səviyyəsinə görə minimum, orta və maksimum şəkildə dəyişir.
Minimum yaşayış səviyyəsində 4 nəfərlik ailənin aylıq ümumi xərci təxminən 1 000–1 200 manat təşkil edir. Bu məbləğdə qida xərcləri 500–650 manat, kommunal ödənişlər 120–150 manat, nəqliyyat 80–120 manat, uşaqların gündəlik ehtiyacları və inkişafına yönələn xərclər (dəftərxana, geyim və digər zəruri ehtiyaclar) 100–150 manat, digər gündəlik xərclər isə 100–150 manat civarındadır.
Orta yaşayış səviyyəsində aylıq xərclər 1 300–1 700 manat aralığında dəyişir. Bu halda qida xərcləri 650–900 manat, kommunal xidmətlər 150–200 manat, nəqliyyat 120–180 manat, uşaqların təhsil və inkişaf ehtiyacları (əlavə kurslar, dərs ləvazimatları, geyim və fəaliyyətlər) 150–250 manat, digər xərclər isə 150–250 manat təşkil edir.
Maksimum yaşayış səviyyəsində isə aylıq büdcə 2 000–2 300 manat və daha yuxarı ola bilir. Qida xərcləri 900–1 200 manat, kommunal ödənişlər 200–280 manat, nəqliyyat 180–250 manat, uşaqların təhsil və inkişaf xərcləri 250–400 manat, digər xərclər isə 250–300 manat aralığında formalaşır.
Ümumilikdə bu göstəricilər göstərir ki, 4 nəfərlik ailənin aylıq büdcəsində ən böyük payı qida və gündəlik ehtiyaclar tutur. Qiymət artımları isə xüsusilə orta təbəqənin maliyyə yükünü artırır və xərclərdə sabitlik yaratmır.
Qeyd etmək lazımdır ki, bu rəqəmlər mövsümlərə və standartlara görə dəyişkəndir. Məsələn, yay aylarında kommunal xərclər, xüsusilə qaz və elektrik istifadəsi nisbətən azalır, qış aylarında isə əksinə artır. Eyni zamanda ərzaq və xidmət qiymətlərindəki dəyişikliklər də ümumi büdcəyə birbaşa təsir göstərir.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.