EN

Sərhədlərin açılması istiqamətində mühüm qərar - Deputat

Yazını böyüt
Yazını kiçilt

Əsas məqam ondan ibarətdir ki, bu, hər iki dövlətin Müstəqillik Gününə təsadüf edəcək"

2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və ölkəmizə vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Mayın 26-dan etibarən Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası regionda nəqliyyat əlaqələrinin genişlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Uzun fasilədən sonra atılan bu addım təkcə iqtisadi və turizm əlaqələrinin canlanması deyil, eyni zamanda Cənubi Qafqazda kommunikasiya və inteqrasiya proseslərinin yeni mərhələyə keçidi kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, Bakı və Tbilisi arasında nəqliyyat əlaqələrinin aktivləşməsi gələcəkdə digər regional marşrutların açılması və sərhəd kommunikasiyalarının genişlənməsi üçün də mühüm stimul yarada bilər.

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpası Azərbaycan və Gürcüstan tərəfi arasında prinsipial razılığın əldə edilməsidir.

Deputat mövcud məlumatlara əsasən qeyd edib ki, hazırda texniki və təşkilati məsələlər müzakirə edilir və reyslərin yaxın vaxtlarda yenidən fəaliyyətə başlaması gözlənilir:

“Məlumdur ki, marşrutun fəaliyyəti COVID-19 pandemiyası dövründə dayandırılmışdı. Son illər ərzində yenidən açılması ilə bağlı müxtəlif səviyyədə danışıqlar aparılır, texniki məsələlər həll olunur, sərhəd, gömrük və digər işlər bu prosedurlarda əsas istiqamət idi. Sərnişin daşımalarının bərpası üçün siyasi və texniki bazanın hazır olduğunu göstərmək  – bu, çox mühüm bir siqnaldır. Məsələ ən yüksək səviyyədə müzakirə olunub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze fevralda bildirmişdi ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının bərpası mövzusu cənab İlham Əliyevlə müzakirə edilib və Azərbaycan tərəfi buna dəstək göstərib. Son həftələrdə Prezident İlham Əliyev və Kobaxidze arasında həm Tbilisidə, həm Bakıda keçirilən görüşlərdə nəqliyyat və dəmir yolu əməkdaşlığı yenidən gündəmə gəlmişdi. Ona görə də “Praktik qərar verilib, yalnız rəsmi elan və texniki start qalıb” kimi yanaşma düzgün deyil. Düşünürəm, mayın 26-da bu yol açılacaq. Əsas məqam da ondan ibarətdir ki, bu, hər iki dövlətin Müstəqillik gününə təsadüf edəcək. Dəqiq start tarixi, qeyd etdiyim kimi, 26 may göstərilir”.

Deputat vurğulayıb ki, iki dövlət arasındakı bu anlaşma, Orta Dəhlizin daha geniş işləməsi üçün atılan addımlar bu regiona, ancaq sülh gətirəcək.

Onun fikrincə, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası, birmənalı şəkildə, regionda sülhün bərqərar olması istiqamətində əhəmiyyətli addım olacaq, iqtisadi, siyasi, mədəni və mənəvi cəhətdən bölgəyə, münasibətlərə sirayət edəcəkdir.

Chosen
36
hafta.az

1Sources