EN

BMT Baş katibinin müavini: Təhlükəsiz, əlçatan mənzil qadınlar üçün qorunma və ləyaqət deməkdir

Bakı, 22 may, AZƏRTAC

Təhlükəsiz və əlçatan mənzil yalnız sığınacaq deyil, həm də qorunma, ləyaqət və imkanların təməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini Amina Mohammed BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda qadınların dəyirmi masasında səsləndirib.

O bildirib ki, qadınlar dünyada torpaq hüquqlarının olmaması, qeyri-sabit yaşayış şəraiti, maliyyə və kredit imkanlarından kənarda qalmaq, həmçinin mənzil təhlükəsizliyinin olmaması səbəbindən zorakılığa qarşı daha həssas vəziyyətdədirlər.

Amina Mohammed qeyd edib ki, qadınların üzləşdiyi problemlər arasında psixoloji və emosional yük də mühüm yer tutur. Onun sözlərinə görə, təhlükəsiz mənzil olmadıqda bərabərsizlik daha da dərinləşir, qadınlar isə zorakılıq dövrlərindən çıxmaq və dayanıqlı gələcək qurmaq imkanlarını itirirlər.

Amina Mohammed çıxışı zamanı gender inklüziv mənzil siyasətlərinin hazırlanmasının, qadınların maliyyə və kredit resurslarına çıxışının artırılmasının vacibliyini qeyd edib. O, vətəndaş cəmiyyətinin, xüsusilə qadın hüquqları təşkilatlarının və yerli icmaların bu prosesdə əsas rol oynadığını bildirib.

BMT Baş katibinin müavini əlavə edib ki, qadınlarla bağlı məlumat boşluqlarının aradan qaldırılması da vacibdir. Onun sözlərinə görə, statistik məlumatların çatışmazlığı ölkələrdə və icmalarda qadınların real vəziyyətini tam göstərmir və bu, düzgün planlaşdırma aparmağa mane olur.

Müxbir – Aytən Abbaslı

Chosen
27
3
azertag.az

4Sources