BAKI, 22 may. TELEQRAF
“Azərbaycan öz ərazilərində tam suverenliyini təmin etdikdən sonra aparılan minatəmizləmə prosesində çox sayda xüsusi hazırlanmış tələ-gizli partlayıcı qurğularla rastlaşdıq. Ermənistan tərəfindən minaların ən çox basdırıldığı və minalandığı ərazilərdən biri də məhz qəbiristanlıqlar idi.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı deyib.
O, bildirib ki, ərazilər azad olunduqdan sonra öz doğmalarının məzarlarını ziyarət etmək üçün gizlicə və ya tələsik həmin ərazilərə gedən dinc sakinlər bu minalara düşərək ya həyatlarını itirdilər, ya da ağır yaralandılar.Erməni vandalizminin ekoloji və mülki infrastrukturu da hədəf aldığını vurğulayan agentlik rəsmisi misli görünməmiş mina faktlarını sadalayıb:
“Mina və partlayıcı qurğular təkcə torpağın altında deyil, həmçinin meşəlik sahələrdə, ağacların üzərində və budaqlarında da yerləşdirilib. Daha bir fəlakətli məqam isə kəhriz quyuları ilə bağlıdır. Vaxtilə yerli əhalinin yeganə içməli su mənbəyi olan bu kəhriz quyularının içərisində, xüsusi şüşə butulkaların daxilində partlayıcı mexanizmlər quraşdırılıb. Üstəlik, demək olar ki, hər bir kəhriz sisteminin yaxınlığında qanunsuz hərbi bunkerlər yerləşdirilmişdi ki, bu da bərpa və təmizləmə işlərini ciddi şəkildə çətinləşdirir”.