BAKI, 21 may. TELEQRAF
Mayın 21-də İrəvanda 30 amerikalı könüllü Ermənistana dəstək məqsədilə and içərək “ABŞ Sülh Korpusu”nun sıralarına qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib.
O qeyd edib ki, könüllülər təxminən altı illik fasilədən sonra Sünik bölgəsində (Qərbi Zəngəzur) də yerləşdiriləcəklər.
Tədbirdə çıxış edən Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib ki, bu, birgə əməkdaşlıq proqramlarından biridir.
“Sülh Korpusu” adı məzmununa uyğun bir proqramdır. Xalqlararası əlaqələr və bu cür əməkdaşlıq sülh atmosferini gücləndirir. Mən ABŞ və Ermənistan arasında bu cür əməkdaşlığı simvolik hesab edirəm, çünki ötən ilin 8 avqustunda imzalanmış Vaşinqton Bəyannamələri regionumuz üçün yeni sülh dövrünü açıb. Hesab edirəm ki, bu mənada proqram həm münasibətlərimizin mahiyyətini, həm də gündəmdə olan məqsədləri tam şəkildə əks etdirir”.
Andreasyan əlavə edib ki, artıq Ermənistanda fəaliyyət göstərən 1200-dən çox “Sülh Korpusu” könüllüsünə yeniləri quşulub.
“Armenpress” yazıb ki, “Sülh Korpusu” proqramı Ermənistanda 1992-ci ildən bəri Ermənistan hökumətinin istəyi ilə həyata keçirilir. Son 34 ildə Ermənistanda təxminən 1200 “Sülh Korpusu” könüllüsü xidmət edib. “Sülh Korpusu” 1961-ci ildə ABŞ Prezidenti Con Kennedi tərəfindən təsis edilib. Bu günə qədər 240 000-dən çox amerikalı könüllü 142 ölkədə xidmət edib.