EN

"WUF-un ideyası, çağırışları gələcəklə bağlıdır" - Aqil Camal

“Artıq bir neçə gündür ki, Azərbaycan paytaxtı WUF13 kimi böyük bir beynəlxalq tədbirə ev sahibliyi edir. Demək olar ki, artıq Azərbaycanda bu cür tədbirlərin keçirilməsi ənənə halı alıb. Bu da bir təcrübədir, eyni zamanda Azərbaycanın təkcə coğrafi baxımdan öz regionu ilə bağlı deyil, bütövlükdə dünyanın narahat edən və yaxud da yeni çağırışlarla bağlı məsələlərdə aktiv təşəbbüskar rolu ilə bağlıdır. Bu il Beynəlxalq Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi də bu məqsəddən xəbər verir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında “Türküstan” Media Qrupunun baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 5-ci günündə keçirilən tədbirlər çərçivəsində bildirdi.

Onun sözlərinə görə, hazırda Bakı və digər böyük şəhərlərdə şəhərləşmə, yeni şəhərlərin salınması və yaxud da inklüziv, smart şəhər, yaşayış məskənlərinin salınması məsələləri bizim ölkəmiz üçün də aktualdır:

"Xüsusilə işğaldan azad olunmuş bölgələrdə yeni infrastrukturun qurulması zamanı bu məsələlərə diqqət çəkilir və layihələndirmələrdə bu məsələlər önə çəkilir.
Salınan kəndlərdə smart tipli infrastrukturun qurulması, eyni zamanda yeni işğaldan azad olunmuş bölgələrdə şəhərlərin qurulması zamanı bu məsələlər nəzərə alınıb. Bu baxımdan hesab edirik ki, Azərbaycanın bu təcrübəsinin başqa ölkələr üçün də paylaşılması, eyni zamanda başqa ölkələrdə olan müsbət təcrübələrin də öyrənilməsi baxımından bu forum ölkəmiz üçün əhəmiyyətlidir”.

Həmsöhbətimiz forum çərçivəsində öz fəaliyyətlərindən də danışdı:

“Biz də "Ortaq Dəyərlər" İctimai Birliyi olaraq, bu böyük kampaniyaya öz kiçik töhfəmizi vermək üçün Bakı Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə burada xüsusi bir pavilyon və rəsm sərgisi təşkil etdik. Rəsmlərdə də uşaqlar WUF mövzusuna müraciət edib, ən müxtəlif aspektlərdən yanaşıblar. Çünki bütün hallarda WUF-un ideyası, çağırışları gələcəklə bağlıdır. Bu baxımdan gələcəyin rəssamlarının gözündə gələcəyi necə görürlər, gələcək şəhərləri necə görürlər, rəsmlərdə bu fikirlər, bu düşüncələr əks olunmuşdu. İştirakçıların marağından da belə qənaətə gəlmək olar ki, qarşıya qoyulan məqsədə nail olunub”.

Aqil Camal forum çərçivəsində media üçün yaradılan mühit məsələsinə də toxundu:

“Medianın onlayn çalışması, yerində hadisələrin işıqlandırılaraq oxuculara çatdırılması üçün ayrılan Media Mərkəzi operativdir. Həmkarlarımın reaksiyalarından, fikirlərindən gəldiyim qənaət odur ki, yaradılan şərait yaxşıdır”.

Aytəkin TOFİQQIZI

22222
Chosen
24
1
redaktor.az

2Sources