EN

“Memarlıq və şəhərsalmada təhsil sahəsində yeni əməkdaşlıqlar vacibdir” - AÇIQLAMA

Hazırda ölkəmizdə keçirilən Ümumdünya Şəhəsalma Forumunun on üçüncü sessiyası (WUF13) şəhərsalma, dayanıqlı inkişaf və innovativ urbanizasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən mühüm platformadır.

Maraqlıdır, bu forum çərçivəsində Azərbaycanın müvafiq ali təhsil müəssisələri ilə xarici universitetlər arasında əməkdaşlıqlar qurula bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, WUF13 çərçivəsində beynəlxalq əməkdaşlıqlar qurulur:

"Əgər müxtəlif ölkələrin Təhsil nazirlikləri və ya bu sahəyə cavabdeh qurumların nümayəndələri ölkəmizə gəlirlərsə, əlbəttə, Azərbaycanın Elm və Təhsil Nazirliyi də həmin nümayəndələrlə görüşlər keçirə bilər. Bu sahədə təcrübə mübadiləsi aparılması olduqca vacibdir. Həmin universitetlərdə memarlıq və şəhərsalma ixtisasları üzrə hansı fənlərin tədris olunduğu, hansı təcrübə proqramlarının həyata keçirildiyi öyrənilə bilər. Eyni zamanda onların şəhərsalma təcrübəsində dayanıqlılıq, inklüzivlik, fövqəladə hallarla mübarizə, su və kanalizasiya sistemlərinin idarə olunması kimi məsələlər xüsusi maraq doğurur. Hazırda, bildiyiniz kimi, WUF13 forumu keçirilən günlərdə Bakıda normadan artıq yağıntıların yaratdığı problemlər göz qabağındadır. Bu prosesləri düzgün idarə etmək üçün Azərbaycanın beynəlxalq təcrübədən istifadə etməsi olduqca önəmlidir. Çünki hazırda ölkədə urbanizasiya prosesi sürətlə gedir. Xüsusilə Bakı şəhəri ciddi yüklənmə ilə üz-üzədir. Əhalinin sayı artır, yollar və kanalizasiya sistemləri isə bu artıma tam cavab verə bilmir. Güclü yağıntılar zamanı mövcud infrastruktur artıq kifayət etmir. Başqa sözlə, mövcud kanalizasiya sistemi şəhərin artan əhalisi üçün yetərli deyil. Bu baxımdan beynəlxalq təcrübənin təhsil sahəsində tətbiqi gələcəkdə bu problemlərin həllinə mühüm töhfə verə bilər. Düşünürəm ki, xüsusilə memarlıq və şəhərsalma istiqamətində fəaliyyət göstərən universitetlər, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universiteti, dünyada bu ixtisaslar üzrə bakalavr və magistr proqramları təqdim edən universitetlərlə daha sıx əməkdaşlıq etməli və birgə layihələr həyata keçirməlidir".

NURİYYƏ

Chosen
5
1
redaktor.az

2Sources