EN

Rusiya–Çin yaxınlaşması yeni dünya düzəninin siqnalıdır

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trumpın Pekinə rəsmi səfərindən cəmi dörd gün sonra Çinə səfər edib. Bu, Putinin Çinə sayca 25-ci səfəri olub.


Politoloq Turan Rzayevin News365.az-a açıqlamasına görə, Vladimir Putin və Çin lideri Si Cinpin arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əməkdaşlıq Qərb mərkəzli beynəlxalq sistemə alternativ güc mərkəzinin formalaşdırılması məqsədi daşıyır.


Politoloq bildirib ki, liderlər indiyədək 40 dəfədən çox görüş keçiriblər və bu göstərici Si Cinpinlə Qərb liderləri arasında keçirilən görüşlərin sayından xeyli çoxdur. Onun sözlərinə görə, Çin liderinin Donald Trampa Putinin Çjunnanhay kompleksinə dəvət olunan azsaylı xarici liderlərdən biri olduğunu deməsi də diqqətçəkən məqamlardan biridir.


Turan Rzayev qeyd edib ki, Putinin Pekinə son səfəri Rusiya–Çin əməkdaşlığının davam etdiyini nümayiş etdirən siyasi mesaj xarakteri daşıyır. Səfər həm də “Qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyinə və XXI əsrdə strateji tərəfdaşlıq kursunun elan edilməsinin 30 illiyinə həsr olunub.


Politoloqun fikrincə, Moskva və Pekin enerji, ticarət, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik sahələrində koordinasiyanı artıraraq ABŞ və müttəfiqlərinin qlobal dominant rolunu balanslaşdırmağa çalışırlar. O bildirib ki, Rusiya Avropa enerji bazarını itirdiyi dövrdə Çin onun üçün əsas alternativ bazara çevrilib.


Turan Rzayev vurğulayıb ki, Si Cinpin Vladimir Putinlə görüşündə Çin və Rusiya arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin müddətinin uzadılması barədə razılığa gəldiklərini açıqlayıb.


Ekspertin sözlərinə görə, tərəflər arasında rəsmi hərbi ittifaq olmasa da, Şanxay Əməkdaşlıq Təşkilatı və digər platformalar vasitəsilə Qərbin təhlükəsizlik arxitekturasına alternativ mexanizmlər formalaşdırılır. Görüşdən sonra liderlər çoxqütblü dünyanın qurulması və yeni tipli beynəlxalq münasibətlərin inkişafı ilə bağlı birgə bəyanatlar da imzalayıblar.


Politoloq hesab edir ki, Putin–Si Cinpin xətti Pekinin yeni bloklaşma siyasətini gücləndirir. O bildirib ki, Çin son illərdə Sibir bölgəsinə milyardlarla dollar investisiya yatırıb və Moskvanı Arktikaya çıxış baxımından mühüm tərəfdaş kimi görür.


Turan Rzayev əlavə edib ki, hazırkı geosiyasi şəraitdə Rusiya Çindən daha çox asılı vəziyyətə düşür və ABŞ ilə Qərbin təzyiqləri qarşısında Moskvanı qoruyacaq əsas güc məhz Pekindir.


Chosen
17
news365.az

1Sources