EN

Suriya ilk dəfə G7 sammitinə dəvət alıb

Suriya 1975-ci ildə “Böyük yeddilik” formatının yaradılmasından bəri ilk dəfə G7 sammitində iştirak edəcək...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin üç məlumatlı mənbəyə istinadən yaydığı xəbərə əsasən, Suriya iyunun 15-17-də Fransanın cənub-şərqində yerləşən Evian-le-Ben şəhərində keçiriləcək G7 sammitinə dəvət olunmuş ölkə qismində qatılacaq. Məlumata görə, ölkəni tədbirdə keçid dövrünün prezidenti Əhməd əş-Şaraa təmsil edəcək.

Bildirilir ki, dəvət bu həftə Parisdə keçirilən “Böyük yeddilik” ölkələrinin danışıqları çərçivəsində Suriyanın maliyyə naziri Yisr Barnaya təqdim olunub. Mənbələrin sözlərinə görə, Suriya nümayəndə heyəti ilə aparılan müzakirələrdə əsas diqqət ölkənin regional logistika və təchizat marşrutları baxımından mümkün strateji roluna yönəlib.

Reuters qeyd edib ki, Hörmüz boğazının İranla müharibə fonunda bağlanması ehtimalı beynəlxalq ticarət və enerji daşımaları üçün alternativ marşrutların aktuallaşmasına səbəb olub. Bu səbəbdən Suriya bəzi Qərb dairələri tərəfindən potensial “strateji hab” kimi qiymətləndirilir.

Mənbələr həmçinin bildiriblər ki, G7 ölkələri Yaxın Şərqdə dəyişən geosiyasi vəziyyət fonunda Dəməşqlə məhdud əməkdaşlıq imkanlarını da müzakirə edir. Bununla yanaşı, Suriyanın sammitə dəvət olunması beynəlxalq diplomatik müstəvidə mühüm siyasi siqnal kimi dəyərləndirilir.

Qeyd edək ki, “Böyük yeddilik” formatına ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiya daxildir. Sammitlərdə zaman-zaman tərəfdaş və ya dəvətli ölkələr də iştirak edir.

Poliqon.info

Chosen
18
poliqon.info

1Sources