ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Moskva ilə Yerevan arasında münasibətlərin gərginləşdiyi bir dövrdə Rusiya hökuməti Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Yeniavaz.com “The Moscow Times” qəzetinə istinadən xəbər verir ki, qərarın mayın 22-dən qüvvəyə minəcəyi bildirilir.
“Rosselxoznadzor” tərəfindən verilən açıqlamaya əsasən, məhdudiyyət ölkənin fitosanitar təhlükəsizliyinin qorunması məqsədilə tətbiq olunur. Qurum Ermənistan mənşəli kənd təsərrüfatı məhsullarında risklərin artdığını əsas gətirib.
Rusiya tərəfi Ermənistanın meyvə-tərəvəz daşımalarında 146 təhlükəli həşərat və bakteriya halının aşkar edildiyini bildirib. Bundan əlavə, Moskva Yerevanı Avropa istehsalı olan alabalığın mənşəyini saxtalaşdırmaqda, eləcə də pendir, kərə yağı, mineral su və konyak məhsullarında keyfiyyət standartlarını pozmaqda ittiham edir.
Ticarət məhdudiyyətlərindən əvvəl Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanı Moskvaya qarşı “qeyri-dost addımlar” atmaqda günahlandırıb. O, xüsusilə Ermənistanın son dövrlərdəki xarici siyasət kursuna etiraz edib.
Rusiya tərəfinin narazılığına səbəb olan məsələlər arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın əvvəlində Yerevanda keçirilən Avropa Siyasi Birliyi Sammiti zamanı çıxışı, həmçinin Ermənistanın Roma Statutunu ratifikasiya etməsi göstərilir.
Şoyqu həmçinin Ermənistanı Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyası və Rusiya şirkətləri üçün biznes mühitinin qəsdən çətinləşdirilməsi ilə bağlı ittiham edib.
Analitiklər hesab edirlər ki, son qərar təkcə fitosanitar nəzarət məsələsi deyil, həm də Moskva ilə Yerevan arasında siyasi münasibətlərdə artan gərginliyin iqtisadi müstəviyə keçməsinin göstəricisi kimi qiymətləndirilə bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.