
Tailand turistlər üçün məcburi rüsum tətbiq etməyə hazırlaşır. “The Nation” qəzetinin məlumatına görə, yeni turist rüsumunun məbləği 300 batı (təxminən 9 ABŞ dolları) aşa bilər.
Ölkənin turizm və idman naziri Surasak Phantyarinvorakun bildirib ki, nazirlik həm rüsumun tətbiq modeli, həm də məbləğinin müəyyənləşdirilməsi istiqamətində işi sürətləndirib. Onun sözlərinə görə, Taylanda gələn hər bir xarici vətəndaş üçün nəzərdə tutulan ödəniş 300 batdan çox ola bilər.
Hazırda rüsumun toplanması ilə bağlı iki əsas variant nəzərdən keçirilir. Birinci variant ödənişin aviabiletlərin qiymətinə daxil edilməsidir. Bu halda Tayland vətəndaşları və ödənişdən azad olunan şəxslər üçün geri qaytarılma mexanizmi hazırlanacaq.
İkinci variant isə ödənişin birbaşa immiqrasiya sistemi vasitəsilə həyata keçirilməsidir. Bu üsul hökumətə vizaların növlərini və səyahətçi kateqoriyalarını daha dəqiq müəyyən etməyə imkan verəcək. Lakin bunun ölkəyə giriş zamanı əlavə maneələr yarada biləcəyi qeyd olunur.
Tayland hökuməti hesab edir ki, yeni turist rüsumu xarici turistlərin sığorta xərclərini qarşılamağa kömək edəcək. Gözlənilir ki, bu sığorta aparıcı özəl xəstəxanalarda müalicə xərclərini əhatə edəcək və bədbəxt hadisələr zamanı dövlət büdcəsinə düşən yükü azaldacaq. Sığorta ödənişlərindən sonra qalan vəsaitin isə turizmin inkişafı fonduna yönəldilməsi planlaşdırılır.