EN

Qazaxıstanda Türk dünyası ilə bağlı beynəlxalq simpozium keçirilib – FOTOLAR

Mayın 21-də Qazaxıstanın Almatı şəhərində “I Bakı Türkoloji Qurultayının İrsi və XXI Əsrdə Türk Dünyası” adlı beynəlxalq elmi simpozium öz işinə başlayıb. Tədbir türk xalqlarının elmi inkişafında mühüm mərhələ hesab olunan tarixi “ I Bakı Türkoloji Qurultayı” nın 100 illiyinə həsr edilib.

ildırım
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, beynəlxalq tədbir Türk Akademiyasının təşəbbüsü ilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dil Qurumu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Simpoziumda Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayev, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Ahılbek Kurişbayev, eləcə də türk dünyasının tanınmış alim və ziyalıları iştirak edirlər.

Forumun açılış mərasimində çıxış edən Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev bildirib ki, 1926-cı ildə keçirilmiş I Bakı Türkoloji Qurultayı təkcə elmi toplantı deyil, eyni zamanda türk dünyasının ziyalılarını ortaq mədəni irs, ümumi gələcək və türk kimliyi ətrafında birləşdirən mühüm tarixi platforma olub.

O, qeyd edib ki, bu gün türk dövlətləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və bu prosesdə türkologiya elmi ortaq elmi, mədəni və humanitar məkanın gücləndirilməsində xüsusi rol oynayır.

“Bu gün bütün türk dünyasının, ziyalılarının və alimlərinin ən mühüm vəzifəsi qurultay iştirakçılarının irsini yenidən yaşatmaq, türk dövlətlərinin inkişafına, birliyinə və bütövlüyünə xidmət etməkdir”, – deyə Ş.Mustafayev vurğulayıb.

Simpozium çərçivəsində Türk Akademiyasının elmi nəşrləri, həmçinin I Türkoloji Qurultayın tarixi və irsini əks etdirən arxiv fotoşəkilləri və materiallardan ibarət xüsusi sərgi də təşkil olunub.

Sərgidə nümayiş etdirilən əsərlər arasında altı türk dilində nəşr edilən “1926 Bakı Türkoloji Qurultayı Albomu” da yer alır. Nəşrdə tarixi qurultayın 131 nümayəndəsi haqqında məlumat təqdim olunur.

Bununla yanaşı, qurultayın tarixi əhəmiyyətini və dövrün mənzərəsini əks etdirən arxiv sənədləri əsasında hazırlanmış rus və türk dillərində “1926 Bakı Türkoloji Qurultayı Arxiv Sənədləri” kitabı da iştirakçılara təqdim edilib.

İki gün davam edəcək simpoziumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan alimlər I Türkoloji Qurultayının tarixi əhəmiyyətini, XXI əsrdə türkologiyanın inkişaf istiqamətlərini, ortaq terminologiya və əlifba məsələlərini, mədəni irsin qorunmasını və türk dünyasının elmi inteqrasiya perspektivlərini müzakirə edəcəklər.

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Chosen
34
3
konkret.az

4Sources