Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda şəhər yenidənqurması çərçivəsində irsə həssas planlaşdırmanı təşviq etməyə çalışır.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Şəhər dizaynı və planlaması üzrə ixtisaslaşmış "SA-Partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Şuşa UNESCO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısındadır və uzun müddət mədəniyyət paytaxtı hesab edilirdi: "Buna görə də Şuşada baş planı hazırlayan "Chapman Taylor" şirkətinin bu irsin üzərində qurması və kontekstual şəhər bərpası yanaşması tətbiq etməsi tamamilə məntiqli idi. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin böyük hissəsi dağlıq ərazidədir və İsveçrə agentliyi olaraq burada özümüzü çox rahat hiss edirik. Buna görə də yüksəklikdə planlaşdırma yenidənqurma səylərində əsas diqqət mərkəzində olmuşdur".
Kəlbəcərin sovet dövründə isti bulaqları ilə tanındığını xatırladan D. Kovari hazırkı baş planın bu güclü ənənə üzərində qurulduğunu bildirib: "Burada yeni tipologiya, Alp tipologiyası təqdim etdik. Vacib olan odur ki, Alp yaşayış məntəqəsi təbiət və dağlarla yaxşı tarazlaşdırılıb, Kəlbəcəri bu qədər xüsusi edən vahid bir bütövlük yaradır. Sakinlərin əksəriyyəti məcburi köçkünlər olduğundan, əlçatan mənzillər burada çox vacibdir. Laçında dağlar yeni mobillik sisteminin tətbiqinə səbəb olub. Vadidəki çayı təpələrdəki şəhərlə birləşdirən kanat yolu da olacaq. Hazırda tikilməkdə olan bu yeni kanat yolu eyni zamanda həm dayanıqlı nəqliyyat, həm də turizm həlli kimi fəaliyyət göstərir".