EN

“Magistr proqramları bakalavr təhsilindəki boşluqları tamamlayır” - Gülçöhrə Məmmədova

“Müasir dövrün tələbləri artıq ondan ibarətdir ki, praktikada çalışan mütəxəssislər daha geniş spektrli biliklərə malik olmalıdırlar. Şəhərlərin qarşısında duran mürəkkəb problemləri yalnız bir sahə üzrə ixtisaslaşmış mütəxəssislərlə həll etmək mümkün deyil”.

SİA xəbər verir ki, bunu professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən “Akademiya və Tədqiqat” adlı dəyirmi masada deyib.

Rektor bildirib ki, bakalavr səviyyəsində verilən təhsil vacib olsa da, zaman məhdudiyyəti səbəbindən əsas diqqət daha çox ixtisas fənlərinə yönəlir: “Biz bu boşluğu magistr proqramları vasitəsilə aradan qaldırmağa çalışırıq”.

Gülçöhrə Məmmədova qeyd edib ki, universitet müxtəlif sahələri birləşdirən interdisiplinar proqramlara üstünlük verir: “Məqsəd mütəxəssislərə daha geniş dünyagörüşü, güclü analitik və praktik bacarıqlar qazandırmaqdır”.

Onun sözlərinə görə, son illərdə dayanıqlı şəhərlərin inkişafı və “smart city” konsepsiyası ilə bağlı yeni magistr proqramları yaradılıb.

Rektor əlavə edib ki, artıq çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində də universitetlər mühüm rol oynaya bilər: “Qısamüddətli və uzunmüddətli əlavə təhsil proqramları vasitəsilə müasir dövrün tələb etdiyi yeni bacarıqlar təqdim oluna bilər”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
10
1
sia.az

2Sources