EN

"Neftçi"nin vingeri "Pafos"un düşərgəsinə nə vaxt qoşulacaq? - Özü açıqladı

"Neftçi"nin vingeri Murad Məmmədov növbəti mövsümdən legioner həyatı yaşayacaq. "Ağ-qaralar"ın yetirməsi bir müddət əvvək Kiprin "Pafos" klubuna transfer olunub. Tərəflər arasında "3+1" illik müqavilə imzalanıb. Bəs istedadlı futbolçu yeni komandasının düşərgəsinə nə vaxt qoşulacaq?

Bu barədə o, Fanat.Az-a məlumat verib:

"İyunun ortalarında Kiprə yollanacağam. Konkret gün hələ bəlli deyil. Bu da komandanın avrokuboklara hazırlıq planının tam bilinməməsinə görədir. Bildiyiniz kimi, "Pafos" bu mövsüm avrokuboka vəsiqəni təmin edib. Sadəcə, birinci, yoxsa ikinci mərhələdən mübarizəyə qoşulacağı hələ müəyyənləşməyib. Bu da kubok matçına görədir. Komanda mayın 29-da "Apollon"la final oynayacaq. Qalib olsalar, qitə turnirinə ikinci mərhələdən başlayacaqlar. Mayın son günlərində bu məqama aydınlıq gəldikdən sonra səfərimin dəqiq gününü bildirəcəklər. Mənim üçün orada təqdimetmə mərasimi nəzərdə tutulub".  

Məmmədov "Pafos"a keçidinin necə baş tutmasından da danışıb: "Oyunumu görüb bəyənmişdilər. Ancaq bura da gəldilər. Klubun skaut departamentinin rəhbəri 23-cü tur çərçivəsində "Turan Tovuz"la Bakıdakı oyunumuzu stadiondan izlədi. 0:1 hesabı ilə uduzduğumuz matçda ikinci yarıda əvəzetmədən meydana çıxsam da, oyunum yaxşı alındı. Bəyəndikləri üçün görüşdük, razılaşdıq. Bakıda tibbi müayinədən keçdikdən sonra müqavilə imzalandı. 
Klubun bazasını, stadionunu canlı görməmişəm. Əslində, getməliydim, ancaq U-21-ə dəvət aldığım üçün tanışlıq səfərim təxirə salındı. Qərara alındı ki, birdəfəlik köçüm. Orada mənim üçün ayrıca ev, maşın, bir sözlə, hər şey nəzərdə tutulub". 

Qeyd edək ki, bu mövsüm "Neftçi"nin heyətində ümumilikdə 19 oyuna çıxan Murad 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, ötən ilin martından U-21 millisinə dəvət alır. 

Mirağa

Chosen
11
fanat.az

1Sources