EN

"Qatardan istifadə səyahət saylarını xeyli yüksəldəcək" - Deputat

“Azərbaycanla Gürcüstan mehriban qonşu olmaqla yanaşı, strateji tərəfdaş ölkələrdir. Dövlətlərimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Bakıda keçirilən  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirakı da bu reallığın göstəricisidir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş nazir İrakli Kobaxidze arasında aparılan müzakirələr və imzalanan sənədlər münasibətlərin perspektiv inkişafına əhəmiyyətli təsir göstərəcək”.

Bunu Sabahinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, liderlərin iştirakı ilə Azərbaycan və Gürcüstan arasında yeni sənədlər imzalanıb. İmzalanan sənədlər iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə niyyəti ifadə edir. Sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və birgə nəqliyyat bağlantılarının inkişaf etdirilməsi daxildir. Hərtərəfli sazişlər toplusunun imzalanması iki qonşu və dost ölkə arasında möhkəm strateji tərəfdaşlıqlığı bir daha təsdiqləyir. 

Millət vəkilinin sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Azərbaycan və Gürcüstan arasında birbaşa kommunikasiyanı təmin edən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpa olunmasıdır. Pandemiya ilə əlaqədar fəaliyyətinə fasilə verilmiş bu dəmir yolu marşrutunun açılması xeyli vaxtdır ki, hər iki ölkənin müvafiq qurumları və hökumət üzvləri tərəfindən müzakirə olunurdu və artıq yekun qərar qəbul edildi. Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik, ən müasir səviyyədə olan sərnişin qatarlarının fəaliyyətinin bərpa olunması vacib iqtisadi-sosial hadisədir. Gürcüstanla sərnişindaşımada dəmir yolu bağlantısının bərpası iqtisadi, sosial, turizm, xidmət və və digər amillər baxımından mühüm faydalar gətirəcək. İlk növbədə, Gürcüstanda yaşayan azərbaycanlıların ölkəmizə gediş-gəlişi üçün rahat hərəkət infrastrukturu formalaşacaq. Eləcə də, Azərbaycanda yaşayan soydaşlarımızın öz qohumlarını, yaxınlarını görmək üçün dəmir yolundan istifadəsi səyahət saylarını xeyli yüksəldəcək. Bu, həm də xarici turistlər üçün əlverişli imkan açacaq. Turizm sektorunda qonaqların hərəkət cədvəlində dəmir yolu nəqliyyatı xüsusi yer tutur. Sərnişin daşımalarının yenidən bərpası daha sərfəli səyahət imkanlarına üstünlük verən xarici turistlərin bu qatarla Azərbaycana gəliş saylarının artıracaq. 

“Hər iki ölkə Cənubi Qafqazın nəqliyyat və turizm qapısıdır, bu baxımdan turizm və xidmət sektorlarında canlanma daha da artacaq, qarşılıqlı əmtəə mübadilələrində də yüksək templər qeydə alınacaq.  Azərbaycan-Gürcüstan münasibətləri yalnız iki ölkənin maraqlarına deyil, ümumilikdə regional inkişafa - sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə xidmət edir”,-deyə Samir Vəliyev vurğulayıb.

Chosen
1
1
sabahinfo.az

9Sources