EN

Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum

Mütəxəssislər müasir ailələrdə ayrı maliyyə idarəçiliyinin getdikcə daha geniş yayıldığını bildirirlər. Psixoloq və maliyyə ekspertlərinin fikrincə, cütlüklər arasında maliyyə müstəqilliyi rahatlıq yaratsa da, bəzi hallarda münasibətlərdə emosional məsafənin yaranmasına səbəb ola bilər.
 
“The Washington Post“ qəzetinin mövzu ilə bağlı araşdırmasında əvvəllər ortaq bank hesabının evliliyin əsas simvollarından biri hesab olunduğu vurğulanır. 
 
Ekspertlərin sözlərinə görə, insanların münasibətlərə artıq şəxsi yığımları, kreditləri, biznesləri və ya əvvəlki ailələrdən uşaqları ilə daxil olması maliyyə məsələlərini daha həssas edir. Xüsusilə qadınlar arasında maliyyə müstəqilliyi təhlükəsizlik vasitəsi kimi qiymətləndirilir.
 
Araşdırmada bildirilir ki, ayrı hesablar tərəflərə daha sərbəst davranmaq imkanı versə də, həddindən artıq maliyyə bölgüsü cütlüklərin özlərini bir komanda kimi deyil, sadəcə birlikdə yaşayan insanlar kimi hiss etməsinə gətirib çıxara bilər.
 
Araşdırmanın nəticələrinə görə, maliyyələrini birləşdirən cütlüklər münasibətlərdən daha çox məmnunluq hiss edir və emosional yaxınlıq səviyyəsi daha yüksək olur. Mütəxəssislər bunu ortaq büdcənin “biz” hissini gücləndirməsi ilə izah edirlər.
 
Psixoloqlar hesab edirlər ki, münasibətlərdə əsas problem ayrı hesabların mövcudluğu deyil, şəffaflığın olmamasıdır. Gizli kreditlər, borclar, böyük alış-verişlər və ya gəlirlərin gizlədilməsi tərəflər arasında etimadı ciddi şəkildə zədələyə bilər.
 
Ekspertlər cütlüklərə maliyyə məsələlərini mütəmadi şəkildə müzakirə etməyi tövsiyə edirlər. Onların fikrincə, yalnız gündəlik xərclər deyil, gələcək planlar, yaşayış tərzi və ümumi məqsədlər barədə açıq söhbətlər münasibətləri daha sağlam edir.
 
Mütəxəssislər maliyyə görüşləri adlandırılan ənənənin də faydalı olduğunu bildirirlər. Bu görüşlər zamanı tərəflər sakit şəkildə gələcək planları və büdcəni müzakirə edir, beləliklə həm anlaşılmazlıqlar azalır, həm də qarşılıqlı etimad güclənir.
 
Araşdırmada qeyd olunur ki, bir çox müasir ailə kompromis modelinə üstünlük verir: şəxsi xərclər üçün ayrıca hesablar saxlanılır, eyni zamanda ev, səyahət, uşaqlar və digər ailə məqsədləri üçün ortaq büdcə formalaşdırılır.
 
Ekspertlərin fikrincə, müasir münasibətlərdə əsas tendensiya tam maliyyə birləşməsi və ya tam müstəqillik deyil, balansın qorunmasıdır. /Lent.az/
Chosen
4
moderator.az

1Sources