EN

"Azərbaycanda ictimai iştirakçılığın daha da gücləndirilməsinə ehtiyac var" - Zaur İbrahimli

"Bakı 2040 baş planının hazırda yalnız eskiz mərhələsi təqdim olunub. Detallı plan hələ açıqlanmayıb və ümid edirik ki, yaxın zamanda ictimaiyyətə təqdim ediləcək".

QHT.az  xəbər verir ki, bu sözləri “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.

Z. İbrahimlinin sözlərinə görə, Azərbaycanda ilkin ictimai iştirakçılıq təcrübələri mövcuddur və məsləhətləşmələr aparılıb: "Azərbaycanda ictimai iştirakçılıqla bağlı müəyyən təcrübə mövcuddur. Məsələn, UN-Habitatın dəstəyi ilə Bakı, Gəncə və Ağdamın baş planları hazırlanarkən yerli icra hakimiyyətləri ilə məsləhətləşmələr aparılıb. Bu proses genişmiqyaslı olmasa da, müəyyən iştirakçılıq nümunəsi kimi qiymətləndirilə bilər".

Zaur İbrahimli bildirib ki, beynəlxalq təcrübədə vətəndaşların birbaşa iştirakı daha sistemlidir: "Beynəlxalq təcrübəyə baxdıqda isə daha sistemli və dərin iştirak mexanizmləri görürük. Məsələn, Almaniyanın Frayburq şəhərində Vauban məhəlləsi layihəsi hazırlanarkən vətəndaşların fikirləri birbaşa nəzərə alınıb. İnsanlardan “necə bir məhəllədə yaşamaq istəyirsiniz?” sualı soruşulub və onların təklifləri əsasında yaşayış mühiti formalaşdırılıb. Nəticədə yaşıl, ekoloji və vətəndaş yönümlü bir məhəllə yaradılıb".

Sədr çıxışı zamanı onu da vurğulayıb ki, Barselonada rəqəmsal platforma ilə vətəndaş rəyi şəhərsalmanı yönləndirib: "Eyni yanaşmanı Barselona şəhərində də görmək mümkündür. Şəhər mərkəzində “superblok” layihəsi çərçivəsində nəqliyyatın məhdudlaşdırılması və piyada-velosiped infrastrukturunun genişləndirilməsi vətəndaş rəyinə əsaslanıb. Şəhərdə yaşıl zolaqlar, velosiped yolları və piyada zonaları genişləndirilib. Bunun üçün ayrıca rəqəmsal platforma yaradılıb və bütün şəhərsalma layihələri həmin platformada ictimaiyyətə təqdim edilərək rəy toplanıb".

O qeyd edib ki, daha güclü ictimai iştirak üçün əsas institusional dəyişikliklər lazımdır: "Bu təcrübələri araşdırdıqdan sonra belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda ictimai iştirakçılığın daha da gücləndirilməsinə ehtiyac var".

Onun fikrincə, ictimai dinləmələrin əhatəsi genişləndirilməlidir: "ictimai dinləmələr daha geniş miqyasda və sistemli şəkildə keçirilməlidir. Bu prosesə qeyri-hökumət təşkilatları və ictimai şuralar daha aktiv şəkildə cəlb olunmalıdır".

O əlavə edib ki, ictimai şuraların rolu artırılmalıdır: "İctimai şuralar şəhərsalma və ərazi planlaşdırması sahəsində əsas institusional mexanizmlərdən birinə çevrilməlidir".

Z.İbrahimli davam edib ki, illik hesabatlılıq və şəffaflıq mexanizmi qurulmalıdır: "Şəhərsalma fəaliyyətləri ilə bağlı ictimai iştirakçılıq üzrə illik hesabat hazırlanmalı və rəsmi dövlət hesabatlarında əks olunmalıdır".

Sədrin sözlərinə görə, vahid rəqəmsal platforma yaradılmalıdır: "Bütün layihələrin yerləşdiriləcəyi vahid rəqəmsal platforma yaradılmalıdır ki, hər bir vətəndaş və təşkilat orada rəy bildirə bilsin".

Zaur İbrahimli qeyd edib ki, qanunvericilikdə məsuliyyət mexanizmi nəzərdə tutulmalıdır: "İctimai iştirakın təmin olunmaması halları ilə bağlı qanunvericilikdə məsuliyyət mexanizmləri müəyyən edilməlidir".

O vurğulayıb ki, iştirakçılığın effektivliyi daim ölçülməlidir: "Nəhayət, mütəmadi sorğular, tədqiqatlar və qiymətləndirmələr aparılaraq ictimai iştirakçılığın effektivliyi davamlı şəkildə ölçülməlidir".

Z.İbrahimli çıxışının yekununda bildirib ki, məqsəd daha şəffaf şəhərsalma modelidir: "Qısaca desək, məqsəd daha açıq, şəffaf və vətəndaş yönümlü şəhərsalma prosesinə nail olmaqdır".

Fatimə Nəbiyeva

Chosen
22
qht.az

1Sources