EN

Qarabağdan dünyaya mesaj: Xarabalıqlardan gələcəyin şəhərlərinə

“Müasir dünyanın ən böyük problemlərindən biri müharibələrin şəhərləri viran qoyması, insanları doğma yurdlarından didərgin salmasıdır. Bu gün planetin müxtəlif bölgələrində dağıdılmış yaşayış məntəqələri, xarabalığa çevrilmiş şəhərlər və humanitar fəlakətlər qlobal təhlükəsizlik üçün ciddi çağırış olaraq qalır. Belə bir dövrdə Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasəti yalnız milli inkişaf modeli deyil, eyni zamanda beynəlxalq miqyasda nümunəvi təcrübə kimi diqqət çəkir. Məhz bu baxımdan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi xüsusi siyasi, iqtisadi və humanitar məna daşıyır”.

Bunu Ölkə.az-a açılamasında deputat Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Azərbaycan artıq dünyaya təkcə enerji ölkəsi kimi deyil, müasir şəhərsalma fəlsəfəsi formalaşdıran dövlət kimi təqdim olunur: “Dövlətin həyata keçirdiyi genişmiqyaslı proqramlar bütün regionları əhatə edir və əsas məqsəd ölkənin hərtərəfli, balanslı və dayanıqlı inkişafını təmin etməkdir. Bu strategiyanın mərkəzində isə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması dayanır.

Otuz ilə yaxın müddətdə dağıdılmış, talan edilmiş və yerlə-yeksan olunmuş şəhərlərin qısa müddətdə yenidən dirçəldilməsi Azərbaycanın siyasi iradəsinin, iqtisadi gücünün və strateji baxışının göstəricisidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr sadəcə tikinti prosesi deyil. Burada gələcəyin şəhərləri qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonaları, rəqəmsal idarəetmə sistemləri, ekoloji tarazlığa əsaslanan urbanizasiya modeli Azərbaycanın gələcəyə hesablanmış inkişaf kursunun əsas sütunlarını təşkil edir.

WUF13 isə bu böyük transformasiyanın dünyaya təqdim olunduğu mühüm beynəlxalq platformadır. Forumda iştirak edən beynəlxalq şirkətlər, investorlar, urbanistika və memarlıq üzrə aparıcı qurumlar Azərbaycanın yaratdığı yeni inkişaf modelinə xüsusi maraq göstərirlər. Qarabağda salınan müasir hava limanları, nəqliyyat dəhlizləri, logistika infrastrukturu, alternativ enerji layihələri və turizm potensialı regionun yaxın gələcəkdə beynəlxalq investisiya mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Ən mühüm məqamlardan biri isə odur ki, Azərbaycan yalnız dağıdılmış şəhərləri bərpa etmir, eyni zamanda insanların təhlükəsiz və ləyaqətli həyat hüququnu yenidən təmin edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün yaradılan şərait bunun ən parlaq nümunəsidir. Müasir məktəblər, xəstəxanalar, sosial obyektlər, yollar və kommunikasiya sistemləri göstərir ki, dövlətin əsas prioriteti insan amilidir. Çünki şəhərlərin böyüklüyü yalnız tikilən binalarla deyil, orada yaşayan insanların rifahı ilə ölçülür.

Azərbaycanın təqdim etdiyi bu model əslində müharibədən sonrakı dünya üçün mühüm mesajdır. Bu gün bir çox ölkələr dağıdılmış şəhərlərin necə bərpa olunacağı ilə bağlı çıxış yolu axtarır. Azərbaycan isə praktik nümunə ortaya qoyur: təhlükəsizlik, müasir texnologiya, sosial rifah və milli inkişaf vahid strategiya şəklində həyata keçirilə bilər.
Dünya artıq yeni mərhələyə qədəm qoyur. Şəhərlər yalnız yaşayış məkanı deyil, iqtisadiyyatın, innovasiyanın, təhlükəsizliyin və geosiyasi gücün əsas mərkəzinə çevrilir. Bu baxımdan Azərbaycan gələcəyin şəhər modelini bugündən formalaşdıran dövlətlər sırasında yer alır. Bakıda keçirilən WUF13 isə göstərir ki, Azərbaycan qlobal urbanizasiya gündəliyinin mühüm iştirakçısına çevrilib”.

 Deputat əlavə edib ki, bu, həm də əhalinin sosial rifahının yaxşılaşdırılması, insanların həyat şəraitinin yüksəldilməsi, regionlar arasında inkişaf fərqinin minimuma endirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir: “Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin gələcək onilliklər üçün müəyyən etdiyi inkişaf fəlsəfəsinin də əsasını təşkil edir.

Bu gün Azərbaycan dağıntılar üzərində sadəcə şəhərlər deyil, yeni həyat qurur. Qarabağda və Şərqi Zəngəzurda yüksələn hər bina, çəkilən hər yol, qayıdan hər ailə dünyaya bir mesaj verir: güclü dövlət yalnız qalib gəlməyi deyil, qurmağı və inkişaf etdirməyi də bacarmalıdır”.

Mürtəza

Chosen
32
1
olke.az

2Sources