EN

"İnklüziv şəhərlər və sosial rifah dövlət siyasətinin əsas prioritetlərindəndir" - Vüqar Rəhimzadə

"Həssas qrupların məşğulluğunun təmin olunması dövlətin vacib strateji hədəflərindən biridir və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Həm sosial mənzillərin və sosial layihələrin icrası vasitəsilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, həm də ipoteka kreditləşdirilməsi yolu ilə onların sosial rifahının yüksəldilməsi diqqət mərkəzindədir".

QHT.az  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.

Deputat vurğulayıb ki, mənzil hüququ insanın ən əsas hüquqlarından biri olmaqla dövlət siyasətində mühüm yer tutur: Ümumiyyətlə, mənzil hüququ vətəndaşların ən fundamental hüquqlarından biridir. İnsanların yaşayış hüququnun yüksək səviyyədə təmin olunması, onların layiqli həyat şəraitində yaşaması dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biridir və bu istiqamətdə mühüm addımlar atılır.

Vüqar Rəhimzadə bildirib ki, ölkədə genişmiqyaslı şəhərsalma və infrastruktur layihələri həyata keçirilir və müasir yanaşmalar tətbiq olunur: Bu gün Azərbaycanın ərazisinin böyük bir hissəsində yenidənqurma və müasir şəhərsalma işləri həyata keçirilir. Şəhərsalma prinsiplərinə yüksək səviyyədə əməl olunur və tətbiq edilən yanaşmalar dünya üçün nümunə ola biləcək səviyyədədir. Təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, ölkənin bütün bölgələrində müasir infrastruktur layihələri icra olunur, yeni inzibati binalar və yaşayış kompleksləri tikilir. Bu isə dövlətin həmin sahəyə xüsusi diqqət ayırdığını və cənab Prezidentin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini açıq şəkildə göstərir.

Deputat vurğulayıb ki, regionların inkişafı, azad olunmuş ərazilərin yenidən qurulması və inklüzivlik dövlət siyasətinin əsas istiqamətlərindəndir: Azərbaycanın bütün bölgələrində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində çoxsaylı uğurlu layihələr reallaşdırılıb. Bu gün qarşıda duran ən mühüm hədəflərdən biri azad olunmuş ərazilərin, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, müasir şəhər və qəsəbələrin formalaşdırılması, eyni zamanda əhalinin məşğulluğunun yüksək səviyyədə təmin edilməsidir.

Bu baxımdan inklüzivlik cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Dünyada elə bir dövlət yoxdur ki, inklüzivlik onun siyasətinin mərkəzində dayanmasın. Azərbaycan da hər zaman sosial qayğıya və diqqətə ehtiyacı olan insanların yanında olub. Bu yanaşma həm qanunvericilikdə öz əksini tapıb, həm də dövlətin praktik fəaliyyətində mühüm yer tutur.

Fatimə Nəbiyeva

Chosen
7
qht.az

1Sources