EN

UN Habitat-ın rəsmisi: Mənzil maliyyəsi yalnız ipoteka ilə məhdudlaşmamalıdır

"Mənzil maliyyəsi yalnız ipoteka ilə məhdudlaşmamalıdır".

"APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasının yekununda UN-Habitat-ın Qlobal Həllər Bölümünün direktoru Rafael Tuts deyib.

O bildirib ki, mənzil maliyyəsi sahəsində problemlər yalnız maliyyə çatışmazlığı ilə bağlı deyil: “Məsələ həm də maliyyənin necə qurulması, kimə xidmət etməsi və hansı nəticələri təşviq etməsidir”.

Rafael Tuts qeyd edib ki, aşağı gəlirli ailələrin böyük hissəsi qeyri-rəsmi gəlirlər, təminat çatışmazlığı və sərt kredit modelləri səbəbindən formal maliyyə sistemindən kənarda qalır.

Onun sözlərinə görə, mənzil maliyyəsi yalnız ipoteka kreditləri ilə məhdudlaşmamalıdır və burada kirayə maliyyələşməsi, mərhələli tikinti maliyyəsi, icma əsaslı maliyyə modelləri, dövlət mənzil bankları və qarışıq maliyyə mexanizmləri də inkişaf etdirilməlidir.

UN-Habitat rəsmisi vurğulayıb ki, dövlət maliyyəsi passiv deyil, təşviqedici rol oynamalıdır: “Subsidiyalar, zəmanətlər, infrastruktur investisiyaları və torpaq siyasəti özəl kapitalı cəlb etməyə kömək edə bilər”.

Rafael Tuts əlavə edib ki, yeni mənzil maliyyəsi sistemi yalnız daha çox vəsait toplamaq deyil, daha yaxşı mexanizmlər və inklüziv şəhərlər qurmaq məqsədi daşımalıdır.

Chosen
43
apa.az

1Sources