Avstriya kəşfiyyatının keçmiş əməkdaşı Eqisto Ott, ölkənin son illərdəki ən böyük casusluq prosesində Rusiya Federasiyasının xeyrinə casusluq etməkdə təqsirli bilinib. Vyanada baş tutan məhkəmə prosesində Ott 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Turkustan.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Məhkəmənin andlılar heyəti sübuta yetirib ki, Avstriyanın hazırda ləğv edilmiş Konstitusiyanın Mühafizəsi və Terrorizmlə Mübarizə üzrə Federal İdarəsinin (BVT) 63 yaşlı eks-əməkdaşı 2015-2022-ci illər arasında məxfi məlumatları Moskvaya ötürüb.
O, "Wirecard" şirkətinin 2020-ci ildə Rusiyaya qaçan və beynəlxalq axtarışda olan keçmiş top-meneceri Yan Marsalekin şəriki kimi fəaliyyət göstərib. Casusluqla yanaşı, Ott həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq, ağırlaşdırıcı hallarda dələduzluq və etibardan sui-istifadədə də təqsirli tapılıb.
Eqisto Ott məhkəmə zalındaca qərardan apellyasiya şikayəti verdiyi üçün hökm hələlik qüvvəyə minməyib. O, ittihamları rədd edərək özünü təqsirsiz hesab etdiyini və Rusiya xüsusi xidmət orqanlarına heç vaxt məlumat ötürmədiyini iddia edib.
Prokurorluğun rəyinə görə, keçmiş kəşfiyyatçı Avropanın məlumat bazalarından istifadə edərək Rusiyadan qaçan vətəndaşlar, jurnalistlər və Rusiya kəşfiyyatının keçmiş əməkdaşları barədə məlumat toplayıb.
Bundan əlavə, Ott Avstriya Daxili İşlər Nazirliyinin bir neçə yüksək rütbəli rəsmisinin mobil telefonlarının daxili məlumatlarını kopyalayaraq Marsalek vasitəsilə Moskvaya ötürməkdə ittiham olunur. Bununla da Rusiya tərəfi minlərlə şəxsin əlaqə nömrələrinə çıxış əldə edib, həmçinin Avstriyada yaşayan ukraynalı və çeçen qaçqınların təhlükəsizliyi riskə atılıb.
AFP agentliyinin əldə etdiyi ittiham aktına görə, Avstriya müstəntiqləri Ottun sənədləri arasında 2019-cu ildə Berlində keçmiş çeçen komandir Zelimxan Xanqoşvilinin səs-küylü qətli ilə bağlı sənəd aşkar ediblər. Prokurorluq bu sənədi "Avropa İttifaqı ərazisində gələcəkdə maneəsiz və uğurlu sui-qəsdlərin törədilməsi üçün rəhbərlik (bələdçi)" adlandırıb.
İttiham tərəfi Ottun Rusiyaya qarşı heç bir "ideoloji rəğbətinin" olmadığını, onun sadəcə maddi maraqlar və işindəki uğursuzluqlardan doğan məyusluq zəminində hərəkət etdiyini bildirib.
Qeyd edək ki, bu iş həmçinin London məhkəməsi tərəfindən 2025-ci ildə Rusiya xeyrinə casusluqda təqsirli bilinərək məhkum edilmiş bolqarlardan ibarət casus qrupunu idarə etdiyi deyilən Yan Marsalekin digər qanunsuz fəaliyyətlərinin də üzərinə işıq salıb./Bizim.Media