EN

Şəhərsalma prosesinin qarşısında dayanan ən böyük maneə mina problemidir - Assosiasiya rəhbəri

Məlum olduğu kimi, Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etdikdən sonra həmin ərazilərə "Böyük Qayıdış" prosesi çərçivəsində genişmiqyaslı köç proqramı başladıb. Hazırda azad edilmiş bölgələrdə irimiqyaslı infrastruktur layihələri, müasir yaşayış kompleksləri inşa edilir və sürətli yenidənqurma işləri aparılır. Lakin bu prosesin qarşısında dayanan ən böyük maneə mina problemidir.

Qaziler.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) rəhbəri Rey Kərimoğlu deyib.

O xatırladıb ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur əraziləri, həmçinin keçmiş təmas xəttinə yaxın həmsərhəd bölgələr Ermənistan tərəfindən kütləvi şəkildə minalarla və partlamamış hərbi sursatlarla (PHS) çirkləndirilib. Mövcud təhlillərə əsasən, həmin ərazilərdə 1.5 milyona yaxın mina və partlamamış hərbi sursatın olduğu təxmin edilir.

" Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında yeni, müasir şəhərlərin və "ağıllı kənd"lərin salınması müzakirə mövzusudur. Bununla belə, Azərbaycanda ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi bizim şəhərsalma və bərpa prosesimizi ləngidən ən ciddi amildir. Minaların yaratdığı təhlükə azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, insanların doğma yurdlarına təhlükəsiz qayıdışını və dayanıqlı yaşayış məntəqələrinin qurulmasını çətinləşdirir", - deyə Rey Kərimoğlu bildirib.

Chosen
27
1
qaziler.az

2Sources