EN

Müəllimlərin sertifikasiyasında yeni model təklifi: maaş artımı belə dəyişə bilər....

Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsil sistemində keyfiyyətin artırılması ilə yanaşı, müəllimlərin əməkhaqqı və sosial rifahının yaxşılaşdırılmasında da mühüm rol oynayır. Sertifikatlaşdırma nəticələrinə əsasən tətbiq olunan maaş artımları müəllimlərin peşəkar inkişafını stimullaşdıran əsas mexanizmlərdən biri hesab olunur.

Bu baxımdan,sertifikatlaşdırma sistemində tətbiq olunan əməkhaqqı artımı mexanizminin daim təkmilləşdirilməsi təhsil ictimaiyyətində xüsusi əhəmiyyət daşıyır.

AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri müəllimlərin sertifikatlaşdırılması ilə bağlı bir neçə zəruri təklif irəli sürüb.

183534

Onun fikrincə, növbəti beşillik sertifikatlaşdırılma prosesində imtahanlardan əvvəl müəllimlər üçün konsultasiya xarakterli görüşlərin keçirilməsi bir neçə səbəbdən çox vacibdir:

“Sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin ilk növbədə sağlamlıq durumu və psixoloji vəziyyətləri öyrənilməli və bu istiqamətdə onlarla zəruri görüşmələr keçirilməli, təlim-konsultasiyalar təşkil edilməlidir. Həm ötən, həm də bu il ərzində təşkil olunan sertifikatlaşdırılma prosesinin test imtahanı və müsahibə mərhələsində müəllimlərin psixoloji olaraq hazırlıqsızlığı, həddindən artıq yüksək gərginliyi müşahidə edilmiş və bu amil onların birbaşa nəticələrinə də ciddi təsir göstərir.

Sosial şəbəkələrə əsasən də 40 yaşdan yuxarı təhsilverənlərdə imtahan həyəcanı, yaddaşsızlıq problemi ilə bağlı şikayətlər həddindən çox yer alıb. Bu səbəbdən, test imtahanı və müsahibə mərhələlərindən əvvəl təhsilverənlər üçün xüsusi psixoloji təlimlər, eləcə də praktik həkim məsləhətləri təlimlərinin təşkili, yerli regional təhsil idarələri tərəfindən bu proseslərin həyata keçirilməsi təklif olunur”.

Lakin təhsil tədqiqatçısının fikrincə, müəllimlərin sertifikatlaşdırılması prosesində nizamlanması vacib olan ən ümdə məsələ əmək haqqı artımı ilə bağlıdır. Burada çıxış yolu kimi hazırkı artım qrafikinin daha da təkmil variantının vacibliyini irəli sürür:

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin əmək haqqısında 35 faiz, 50 baldan aşağı və 30 baldan yuxarı bal toplayan müəllimlərin maaşında 10 faiz əlavənin olunması müəllimlər arasında ciddi narazılıq yaradır.

Problemin həllinə yönəlik bir neçə təklif nümunə olaraq təqdim edilir:

I təklif

-30-50 bal və ya 51-83 % - 10 % əmək haqqısına əlavə

-41-50 bal və ya 68-83 % - 15 % əmək haqqısına əlavə

-51-60 bal və ya 84-100 % - 35 % əmək haqqısına əlavə;

II təklif

-30-35 bal arası nəticəsi göstərənlər üçün maaş ediləcək əlavə artım - 10%,

-35-40 bal toplayanlar üçün -15%;

- 40-45 bal toplayanlar üçün-20%;

- 45-50 faiz arası bal toplayanlar üçün - 30%;

- 50-55 arası balı olanlar üçün - 35%,

-55-60 arası nəticəsi olanlar üçün - 40%.

III təklif

0-49 bal toplayanlara minimum dərs yükü (həftəlik 6 saat) ilə bir ildə ikinci şans verilmələri, 51-100 bal toplayanların diferensial qaydada əmək haqqı almaları üçün üç kateqoriyaya bölünmələri təklif olunur:

51-75 bal toplayanlar - C kateqoriya - 25 % əmək haqqı artırıması;

76-90 bal toplayanlar - B kateqoriya -əmək haqqı 50% artırılmalı;

91-100 bal toplayanlar- A kateqoriya - əmək haqqı 100% qaldırılması təklif olunur.

B və C kateqoriyalılar üçün hər il könüllü sertifikasiya təşkil olunması və onlara kateqoriyalarını artırmaq şansı yaradılması əlavə təkliflərdəndir. Bu təkliflər əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər”.

Nəticə etibarilə müəllimlərin sertifikatlaşdırılması sistemi yalnız bilik və bacarıqların qiymətləndirilməsi deyil, həm də təhsil keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının stimullaşdırılması və sosial rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu prosesdə psixoloji hazırlıq, sağlamlıq dəstəyi və daha ədalətli əməkhaqqı mexanizmlərinin tətbiqi müəllimlərin motivasiyasını artıraraq sertifikatlaşdırmanın effektivliyini gücləndirə bilər.

Təklif olunan yeni maaş artımı modelləri nəticələrin daha obyektiv qiymətləndirilməsinə, müəllimlər arasında sağlam rəqabətin formalaşmasına və təhsildə keyfiyyət göstəricilərinin yüksəlməsinə xidmət edə bilər.

Buna görə də sertifikatlaşdırma sisteminin davamlı şəkildə təkmilləşdirilməsi həm müəllimlərin, həm də ümumilikdə təhsil sisteminin inkişafı üçün vacib hesab olunur".

Chosen
47
azedu.az

1Sources