EN

Bu gün Beynəlxalq Çay Günüdür

Yazını böyüt
Yazını kiçilt

Dünyada tanınan içkilər arasında ən məşhurlarından biri şübhəsiz ki, çaydır. 2019-cu ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, hər il mayın 21-i Beynəlxalq Çay Günü kimi qeyd olunur.

Hafta.az xəbər verir ki, populyarlığı və geniş yayılması baxımından çay sudan sonra ikinci yerdə dayanır. Lakin su yalnız susuzluğu aradan qaldırdığı halda, çay həm də insanı gümrahlaşdıran və isidən içki kimi istifadə edilir. Çay “Camellia sinensis” bitkisindən hazırlanır və tonik təsiri ilə yanaşı, müxtəlif ölkələrin ənənəvi təbabətində faydalı xüsusiyyətlərinə görə də qiymətləndirilir.

Süfrələrimizin ayrılmaz hissəsinə çevrilən çay ilin bütün fəsillərində və günün istənilən vaxtında sevilərək içilir. Buna görə də onun şərəfinə xüsusi bir günün təsis olunması təsadüfi deyil.

Rəvayətə görə, Çin imperatoruna qaynar su gətirilərkən ağacdan bir neçə yarpaq suyun içinə düşür. İçkinin dadını bəyənən imperator çayın kəşfinə səbəb olur. O vaxtdan bəri, yəni 5 min ildən artıq müddətdir ki, çay süfrələrin ən sevilən və əvəzolunmaz içkilərindən biri olaraq qalır.

Yayın ən isti günlərində belə, çox vaxt seçim yenə çay olur. Çünki çay həm qışda isinmək, həm də yayda sərinlik tapmaq üçün istifadə edilən nadir içkilərdəndir.

İstənilən ziyafət, qonaqlıq və ya məclis çay süfrəsi ilə tamamlananda daha dolğun görünür. Azərbaycan da çay istehlakına görə dünyada ön sıralardadır. İnsanlar gündəlik həyatlarında, o cümlədən də müxtəlif məclislərdə çaya böyük üstünlük verirlər. Hətta xalqımızın qədim adətlərində də çayın xüsusi yeri var. Elçilik mərasimində razılıq əldə ediləndən sonra şirin çayın təqdim olunması gənclərin xoşbəxt gələcəyinə verilən xeyir-dua hesab edilir.

Çayın tərkibində insan sağlamlığı üçün faydalı olan müxtəlif minerallar mövcuddur. Xüsusilə soyuqdəymə zamanı onun içilməsi faydalı sayılır. Ağır və yağlı yeməklərdən təxminən bir saat sonra çay qəbul edildikdə həzm asanlaşır. Çayın rəngini yaradan maddələr damarları möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və qanaxma riskini azaldır. Bundan başqa, diş minasını gücləndirir, orqanizmi zərərli maddələrdən təmizləyərək böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir.

Chosen
16
2
hafta.az

4Sources