EN

Bakıda böyük söküntü olacaq?

Eldar Əzizovun açıqlaması ilə Bakı şəhərində köhnə yaşayış fondunun yenilənməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. İcra başçısı tərəfindən köhnə və istismar müddətini başa vurmuş binaların mərhələli şəkildə söküləcəyi ilə bağlı açıqlamalar verilib. Bu proses təkcə memarlıq və şəhərsalma baxımından deyil, həm də sosial və iqtisadi aspektlərə görə geniş maraq doğurur. Əsas suallardan biri isə söküntü işlərinin hansı ərazilərdən başlanacağıdır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, qəzalı, istismar müddətini başa vurmuş köhnə binaların mərhələli şəkildə sökülməsi yaxın müddətdə baş verməyəcək, proses mərhələli formada həyata keçiriləcək:

"Adından da göründüyü kimi, Bakı şəhərinin Baş Planı 2040-a əsasən bu işlər 2040-cı ilə qədər mərhələli şəkildə yekunlaşdırılmalıdır. Bu proses əsasən Yasamal, Nəsimi, qismən Nərimanov, Səbail və digər Bakı rayonlarını əhatə edir.

Xruşşovka layihəli, 1950–1980-ci illər arasında inşa edilmiş binalar hazırda istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və ya yaxın perspektivdə qəzalı hala düşməsi ehtimal edilən tikililər sırasındadır.

Ümumilikdə, zaman keçdikcə köhnə yaşayış fondu mərhələli şəkildə sökülərək yeni tikililərlə əvəz olunacaq. Hansı ərazinin əvvəl və ya sonra yenilənməsi isə investorların marağı və şəhərin inkişaf planına uyğun olaraq müvafiq icra strukturları tərəfindən müəyyən ediləcək. Bu prosesdə üç əsas mexanizm tətbiq olunur. Birinci halda köhnə binalar sökülür və onların yerində yeni tikililər inşa edilir, həmin binalarda sakinlərə kompensasiya xarakterli mənzillər təklif olunur. İkinci halda isə söküntü aparılmır, ərazidə abadlaşdırma işləri həyata keçirilir və vətəndaşlara pul formasında kompensasiya ödənilir. Bu vəsait vətəndaşlar tərəfindən yeni yaşayış sahələrinin alınmasına sərf oluna bilər. Üçüncü mexanizm isə bu iki yanaşmanın müxtəlif kombinasiyalarını əhatə edir. Ödənişlər ya investor tərəfindən, ya da abadlaşdırma dövlət layihəsi olduqda dövlət büdcəsi hesabına həyata keçirilir. Bütün hallarda kompensasiya bazar dəyəri nəzərə alınmaqla müəyyən edilir".

Ekspert deyib ki, köhnə tikililərin bazar dəyərinin qiymətləndirilməsi iki əsas üsulla aparılır:

"Nazirlər Kabineti tərəfindən yaradılan müvafiq komissiyalar Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə qiymətləndirmə aparır və kompensasiya məbləğini müəyyənləşdirir. Digər variant isə satınalma mexanizmidir. Bu zaman qiymətləndirmə şirkətləri cəlb olunur və bir kvadratmetrin dəyəri rəqabətli şəkildə formalaşdırılır. Məsələn, Yasamalda bu göstərici təxminən 2700 manat səviyyəsində müəyyən edilib.

Prioritet ərazilər əsasən torpaq dəyərinin yüksək olduğu və şəhər sıxlığının daha çox olduğu zonalardır. Buraya Səbail, Yasamal və Nəsimi rayonları, daha sonra isə Nərimanov və Xətai rayonları daxildir. Bu ərazilərdə yeni tikinti layihələrinin icrası daha məqsədəuyğun hesab olunur. Eyni zamanda köhnə tikililərin sıx yerləşdiyi və infrastrukturun inkişafına maneə yaradan binalar da prioritet siyahıya daxil edilir".

O bildirib ki, yeni tramvay xətlərinin, metro stansiyalarının inşası, ticarət küçələrinin genişləndirilməsi və şəhər mərkəzində piyada zonalarının yaradılması kimi layihələr də söküntü işlərinin aparılacağı əraziləri müəyyənləşdirir:

"Nəticə etibarilə, Bakı şəhərinin Baş Planı 2040-a uyğun olaraq bu proses mərhələli şəkildə, dövlət və investor imkanları çərçivəsində həyata keçiriləcək və şəhərin bütün rayonlarını əhatə edəcək. İlk mərhələdə isə mərkəz və mərkəzə yaxın ərazilərin prioritet təşkil edəcəyi gözlənilir", - o qeyd edib.

Qısası, Bakıdakı köhnə "Xruşşovka"lar və qəzalı binalar 2040-cı ilə qədər mərhələli şəkildə söküləcək, sakinlərinə isə bazar qiymətlərinə uyğun nağd pul və ya yeni binalardan mənzillər təklif olunacaq.

Chosen
14
8
musavat.com

9Sources