EN

3-4 günə tikilən ÇOXMƏRTƏBƏLİ binalar – Azərbaycanda da mümkündür, əgər...

Çində tikinti texnologiyası ilə bağlı diqqətçəkən layihə həyata keçirilib. Musavat.com xəbər verir ki, ölkədə cəmi 5 gün ərzində 26 mərtəbəli yaşayış binasının tikilməsi dünya mediasında böyük maraq doğurub.

Məlumata görə, bina modul sistemlə inşa olunub. Əvvəlcədən zavod şəraitində hazırlanan hissələr tikinti meydançasına gətirilərək birləşdirilib. Bu üsul sayəsində proses həm sürətlənib, həm də ənənəvi tikinti metodları ilə müqayisədə daha az işçi qüvvəsi tələb edib. Şirkət nümayəndələri bildiriblər ki, binanın əsas konstruksiyası xüsusi polad sistemlə qurulub və zəlzələyə davamlı şəkildə hazırlanıb. Layihədə enerji səmərəliliyi və ekoloji standartların da nəzərə alındığı qeyd olunur.

Tikintinin bu qədər qısa müddətdə tamamlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər layihəni “gələcəyin tikinti modeli” adlandırsa da, digərləri belə sürətli tikililərin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə ediblər. Mütəxəssislər isə modul tikinti texnologiyalarının gələcəkdə böyük şəhərlərdə mənzil böhranının həllində mühüm rol oynaya biləcəyini bildirirlər. Onların fikrincə, bu üsul həm vaxt, həm də maliyyət baxımından ciddi üstünlüklər yaradır.

Bəs belə binalar yaşayış üçün nə dərəcədə təhlükəsizdir, Azərbaycanda da mümkünmü?

Təhlükəsizlik sahəsi üzrə mütəxəssis Samir Nəbiyev Musavat.com-a açıqlamasında bildirib ki, bu tip daşına bilən, sonradan quraşdırıla bilən mobil və ya portativ evlər nəinki Azərbaycanda, ümumiyyətlə, dünyanın bir çox ölkəsində məqsədəuyğun hesab olunur: “Amma əsas məsələ ondadır ki, Azərbaycanda tikinti prosesi müvafiq normalara uyğun aparılmalıdır. Məsələn, AZDTN 2.3-1 normativinə əsasən, seysmik rayonlarda tikinti xüsusi qaydalara uyğun layihələndirilməlidir.

Layihələndirmə prosesi başa çatdıqdan sonra isə həmin layihəyə uyğun tikinti işlərinin aparılmasına orqanlar tərəfindən nəzarət edilməlidir. Azərbaycanda ərazilər əsasən 7-10 ballıq seysmik zonalara bölünür. Buna görə də tikintidən əvvəl ərazinin hansı seysmik zonada yerləşdiyi dəqiq araşdırılmalıdır. Bunun üçün geoloji tədqiqat aparılmalı, torpaq nümunələri götürülməlidir. Ərazi həm seysmik, həm də sürüşmə riski baxımından yoxlanmalıdır. Yalnız bundan sonra tikinti prosesinə başlamaq mümkündür.

Yəni, burada bütün mərhələlər vacibdir - A-dan Z-yə qədər. Qurğu və avadanlıqların sertifikatlaşdırılması, seysmik hesablamalar, daha sonra nəzarət və icra prosesi ardıcıllıqla həyata keçirilməlidir. Əgər bu proseslər düzgün və nəzarət altında aparılarsa, düşünürəm ki, Azərbaycanda da bu tip layihələrin uğurlu tətbiqi mümkündür. Əks halda, layihələndirmədən başlayaraq yekun icra və təhvil-təslim mərhələsinə qədər hər hansı bir boşluq yaranarsa, o zaman bu evlər sadəcə bahalı konteyner qutusuna çevrilmiş olacaq”.

Ekspert:

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, bu cur layihələrin Azərbaycan qanunvericiliyinə uyğunlaşması lazımdır: “Yəni, layihə institutları bu kimi qeyri-ənənəvi layihələri müvafiq normativ aktlara uyğun şəkildə təqdim etməlidir. Bundan sonra isə hər hansı icra prosesindən danışmaq olar.

Ölkədə vaxtilə metal konstruksiyalı bəzi binaların tikintisinə başlanılıb, lakin sonradan müxtəlif səbəblərdən işlər dayandırılıb. Məsələn, Birinci mikrorayon ərazisində belə bir layihə illərlə yarımçıq qalıb və 15–20 ildir tamamlanmayıb. Ümumilikdə isə Azərbaycanda bütün tikinti və şəhərsalma fəaliyyəti mövcud qanunvericiliyin normativlərinə uyğun aparılmalıdır. Hazırda belə qeyri-ənənəvi layihələrin hüquqi çərçivəyə tam inteqrasiyası yetərli səviyyədə deyil.

Belə layihələrin tikinti və şəhərsalma qanunvericiliyinə uyğunlaşdırılması, yəni hüquqi baxımdan tanınması vacib şərtdir. Əks halda, onların icrası mümkün olmur. Uyğunlaşdırma dedikdə isə nəzərdə tutulan odur ki, həmin texnologiyalar və layihələr yerli standartlara uyğunlaşdırılmalı və ya yeni standartlar hazırlanmalıdır. Hazırkı mərhələdə bu proses tam real görünmür. Yəni, layihə olduğu kimi gətirilib tətbiq edilə bilməz. O, mütləq yerli tikinti normalarına uyğunlaşdırılmalıdır ki, Azərbaycanda istifadəyə icazə verilsin. Əgər bu standartlar və normativ baza formalaşmasa, həmin layihələr üzrə tikinti işlərinə icazə verilməsi də mümkün olmayacaq”.

Şahanə Rəhimli,
Musavat.com

Chosen
45
musavat.com

1Sources