EN

İran Hörmüz boğazında “nəzarət olunan dəniz zonası” yaratdığını açıqlayıb

Tehran boğazdan keçid üçün xüsusi icazə və koordinasiya tələb olunacağını bildirib...

İran Hörmüz boğazında “nəzarət olunan dəniz zonası” yaradıldığını elan edib.

Poliqon xəbər verir ki, bu barədə yeni yaradılmış İran Körfəz Boğazı İşləri İdarəsinin açıqlamasında bildirilib.

Qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, yeni zona boğazın şərq hissəsində İranın Kuhe-Mobarak bölgəsindən BƏƏ-nin Füceyrə əmirliyinin cənubuna qədər uzanan xətt, qərb hissəsində isə İranın Keşm adasının ucundan BƏƏ-nin Umm əl-Kayvayn əmirliyinə qədər olan xəttlə müəyyən edilib.

Açıqlamada qeyd olunub ki, bu zonadan keçərək Hörmüz boğazını tranzit etmək istəyən gəmilər İran Körfəz Boğazı İşləri İdarəsi ilə əvvəlcədən koordinasiya aparmalı və xüsusi icazə almalıdırlar.

İran tərəfi bildirib ki, tətbiq olunan yeni mexanizm bölgədə dəniz təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nəzarətdə saxlanılması məqsədi daşıyır.

Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyətə malik əsas marşrutlardan biri hesab olunur. Qlobal neft və mayeləşdirilmiş qaz ixracının mühüm hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Ekspertlər hesab edirlər ki, İranın bu addımı bölgədə artan hərbi-siyasi gərginlik fonunda beynəlxalq gəmiçilik və enerji bazarları üçün əlavə risklər yarada bilər.

Poliqon.info

Chosen
86
13
poliqon.info

10Sources