EN

D-8 çərçivəsində enerji əməkdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı"nın (D-8) Baş katibi Sohail Mahmud arasında görüş keçirilib.

Bu barədə Day.Az-a Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanın təşkilatın ilk təsisçi olmayan üzvü kimi D-8 çərçivəsində fəal və praktiki əməkdaşlıqda maraqlı olduğu, dövlət başçısının qurumla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi vurğulanıb. Ölkəmizin bütün sahələr üzrə, xüsusilə enerji, ticarət, bağlantılar və dayanıqlı inkişaf sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Azərbaycanda "D-8 Enerji və İqlim Mərkəzi"nin yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, Qahirədə keçirilmiş D-8 Komissarlarının 50-ci iclasında qəbul edilmiş qərara uyğun olaraq bu istiqamətdə işlər davam etdirilir. Mərkəzin enerji keçidi, bərpa olunan enerji və iqlim dayanıqlılığı sahələrində üzv dövlətlər arasında dialoq və əməkdaşlıq üçün mühüm platforma olacağına inam ifadə edilib.

Həmçinin "Bakı Enerji Həftəsi" çərçivəsində planlaşdırılan "D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci iclası"na hazırlıq ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın enerji təhlükəsizliyi və enerji keçidi üzrə zəngin təcrübəsi, eləcə də regional enerji interkonnektor layihələri üzv dövlətlər arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır. Enerji məsələləri üzrə D-8 çərçivəsində dialoqlar isə bu imkanların reallaşdırılması, enerji təhlükəsizliyi, bərpa olunan enerji investisiyaları, dayanıqlı maliyyələşmə və yaşıl keçid sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından vacibdir.

Chosen
14
3
day.az

4Sources