AZ

Azərbaycanda "D-8 Enerji və İqlim Mərkəzi"nin yaradılması ilə bağlı müzakirələr aparılır 

Azərbaycan və "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı" (D-8) arasında "D-8 Enerji və İqlim Mərkəzi"nin yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Musavat.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla D-8-in Baş katibi Sohail Mahmud arasında keçirilən görüşdə aparılıb.

Bildirilib ki, Qahirədə keçirilmiş D-8 Komissarlarının 50-ci iclasında qəbul edilmiş qərara uyğun olaraq bu istiqamətdə işlər davam etdirilir. Mərkəzin enerji keçidi, bərpa olunan enerji və iqlim dayanıqlılığı sahələrində üzv dövlətlər arasında dialoq və əməkdaşlıq üçün mühüm platforma olacağına inam ifadə edilib.

Görüşdə Azərbaycanın təşkilatın ilk təsisçi olmayan üzvü kimi D-8 çərçivəsində fəal və praktiki əməkdaşlıqda maraqlı olduğu, dövlət başçısının qurumla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi vurğulanıb. Ölkəmizin bütün sahələr üzrə, xüsusilə enerji, ticarət, bağlantılar və dayanıqlı inkişaf sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Həmçinin "Bakı Enerji Həftəsi" çərçivəsində planlaşdırılan "D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci iclası"na hazırlıq ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın enerji təhlükəsizliyi və enerji keçidi üzrə zəngin təcrübəsi, eləcə də regional enerji interkonnektor layihələri üzv dövlətlər arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır. Enerji məsələləri üzrə D-8 çərçivəsində dialoqlar isə bu imkanların reallaşdırılması, enerji təhlükəsizliyi, bərpa olunan enerji investisiyaları, dayanıqlı maliyyələşmə və yaşıl keçid sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından vacibdir.

Seçilən
7
3
musavat.com

4Mənbələr