Mayın 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə genişmiqyaslı hücumlar təşkil edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, kütləvi zərbələr nəticəsində Ukraynanın bir sıra şəhərlərində ciddi dağıntılar qeydə alınıb, mülki vətəndaşlar arasında xəsarət alanlar və həyatını itirənlər var.

Hücumların əsas hədəflərindən biri olan Konotop şəhərində isə rusiyalı hərbçilər dinc sakinləri birbaşa və məqsədli şəkildə atəşə tutublar.
Dnepr Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın verdiyi məlumata görə, düşmən zərbələri nəticəsində şəhərdə güclü yanğın baş verib, ərzaq anbarları tamamilə dağılıb. Son məlumatlara görə, hücum nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların çoxunun vəziyyəti ağır qiymətləndirilir.

Hücum dalğasından Xarkov şəhəri də zərər çəkib. Vilayət rəhbəri Oleq Sinequbov Novobavarsk rayonuna pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində 16 yaşlı yeniyetmə qızın kəskin stress diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirib. Şəhər meri İqor Terexov isə "Şahed" tipli PUA-nın Xolodnoqorsk rayonuna da zərbə endirdiyini, hazırda fəsadların dəqiqləşdirildiyini qeyd edib.

Gecə saatlarında Odesa şəhəri də kütləvi atəşə məruz qalıb. Şəhər administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, bir neçə yaşayış binası, infrastruktur obyekti və avtomobillər zədələnib, bir mərtəbəli bina isə tamamilə yerlə-yeksan olub. Çoxmərtəbəli binalardan birinin yuxarı mərtəbələrinə mərmi dəysə də, xoşbəxtlikdən partlayış baş verməyib və bu rayonda xəsarət alan olmayıb.
Konotop şəhərinin meri Artem Semenixin rusların çoxmərtəbəli yaşayış binasını, rayon xəstəxanasını və yerli muzeyi birbaşa hədəf aldığını bəyan edib.
Dağılmış yaşayış binasının qalıqları altında insanların qaldığı ehtimal olunur. Ukrayna Milli Polisinin məlumatına görə, son 24 saat ərzində Sumı vilayətinin 44 yaşayış məntəqəsi atəşə tutulub, nəticədə 4 mülki şəxs öldürülüb, 9 nəfər yaralanıb.

Səhərə yaxın Zaporojye vilayətinin Volnyansk şəhərində fərdi yaşayış evinə raket düşüb. Vilayət rəhbəri İvan Fedorov ev sahibləri olan bir ailənin - ər, arvad və onların iki azyaşlı uşağının (2 yaşlı oğlan və 12 yaşlı qız) yaralandığını bildirib.

Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey Beskrestnov isə rusların son vaxtlar onlayn idarəetməyə malik "Şahid" və "Gerber" PUA-ları vasitəsilə Ukrayna hava hücumundan müdafiə sistemlərinin yerini təyin etməyə və onları məhv etməyə çalışdığını vurğulayıb. Hazırda bütün bölgələrdə xilasetmə işləri davam etdirilir.

Musavat.com