AZ

Rusiyadan Latviyaya XƏBƏRDARLIQ – “NATO da sizi qoruya bilməyəcək”

Rusiyanın Xarici Kəşfiyyat Xidməti Ukrayna hakimiyyətini Rusiya Federasiyasının cəbhədən uzaq bölgələrinə terror zərbələri hazırlamaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, Kiyev Avropadakı ideoloji və maliyyə himayədarlarına Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialının qorunduğunu nümayiş etdirməyə çalışır.

Açıqlamada qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya zərbələr endirmək üçün pilotsuz uçuş aparatlarını Baltikyanı ölkələrin ərazisindən buraxmağı planlaşdırır.

Rusiya kəşfiyyatı iddia edir ki, Latviya hakimiyyəti Moskvanın cavab zərbəsinin hədəfinə çevrilməkdən ehtiyat edir:

“Bununla belə, Kiyev hakimiyyəti Riqanı əməliyyata razılıq verməyə inandıra bilib. Ukrayna artıq pilotsuz sistemlər qüvvələrinin hərbçilərini Latviyaya göndərib. Onlar “Adaji”, “Seliya”, “Lielvarde”, “Dauqavpils” və “Yekabpils” hərbi bazalarında yerləşdirilib.

Rusiyanın texniki vasitələri PUA-ların buraxılış nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməyə, həmçinin vurulmuş dronların qalıqları əsasında məlumat toplamağa imkan verir.

Bu, dekabr ayında Ukraynanın Rusiya prezidentinin iqamətgahına dron hücumu cəhdində olduğu kimi həyata keçirilib. Latviya ərazisində qərar qəbuletmə mərkəzlərinin koordinatları yaxşı məlumdur. Ölkənin NATO üzvlüyü terrorçuların əlaltılarını ədalətli cavabdan qoruya bilməyəcək”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, mayın əvvəlində Latviyanın şərqində yerləşən neft bazasının ərazisinə iki pilotsuz aparat düşüb.

Hadisə hökumət böhranına səbəb olub. Baş nazir Evika Siliņanın rəhbərlik etdiyi Nazirlər Kabineti tam tərkibdə istefa verdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Latviyaya düşən dronların Ukraynaya məxsus olduğunu bildirib. Ötən həftəsonu isə Latviyanın hava məkanında daha bir pilotsuz uçuş aparatı müşahidə olunub.

Bizim.Media

Seçilən
4
1
bizim.media

10Mənbələr