29 yaşlı argentinalı mərkəz müdafiəçisi Markos Senesi cari mövsmün başa çatması ilə İngiltərənin “Bornmut” klubundan ayrılacaq.
Arena.az xəbər verir ki, Senesi “Bornmut”u azad agent qismində tərk edəcək.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər cari mövsümün sonunda başa çatacaq ortaq müqaviləni yeniləməmək qərarına gəliblər.
Markos Senesi 2022-ci ilin avqust ayında 15 milyon avro müqabilində Niderlandın “Feyenoord” klubundan “Bornmut”a keçmişdi. Argentinalı futbolçu İngiltərə klubunun heyətində 126 oyuna çıxıb. O, bu oyunlarda 6 qola imza atıb, 10 məhsuldar ötürmə verib.
Senesi daha öncə “Feyenoord”da (116 oyun, 9 qol, 7 assist) və yetirməsi olduğu Argentinanın “San Lorenso” (72 oyun, 1 qol, 4 assist) klubunda çıxış edib.
Argentinanın U-20 və U-23 yığmalarında da oynamış Senesi 2022-ci ildə debüt etdiyi əsas millinin heyətində cəmi 3 matç keçirib.
