Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən "AzərEnerji" və "Azərişıq" ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerji sistemində həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.
Day.Az Trend-ə istinadən xəbər verir ki, forum çərçivəsində "AzərEnerji" tərəfindən hazırlanan "Azərbaycan enerjisisteminin arxitekturası" və "Azərişıq" ASC-nin ərsəyə gətirdiyi "Şəbəkə memarlığı" kitablarının təqdimatı keçirilib.
Təqdim olunan nəşrlərdə Azərbaycanın enerji sisteminin formalaşma mərhələləri, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əksini tapıb.
"AzərEnerji" ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış İnstitutu MMC-nin direktoru Asif Həşimov təqdimat mərasimində bildirib ki, hazırda Bakıda planetin ən aktual məsələlərindən biri olan urbanizasiya mövzusu müzakirə olunur.
O qeyd edib ki, BMT-nin ən nüfuzlu beynəlxalq tədbirlərinin Azərbaycanda keçirilməsi ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir.
"Son illər Azərbaycanda enerji təminatı elə bir səviyyəyə çatıb ki, bunu artıq dünyaya açıq şəkildə nümayiş etdiririk. Biz enerjini yalnız Azərbaycan üçün deyil, digər ölkələr üçün də bir növ töhfə kimi təqdim edirik. "AzərEnerji" və "Azərişıq" ASC-lər bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınan və öz imzasını formalaşdıran qurumlarındandır", - deyə A.Həşimov vurğulayıb.
O bildirib ki, Azərbaycan Zaqafqaziyada ilk dəfə elektrik enerjisini sənaye miqyasında istehsal edən ölkə olub.
Asif Həşimov çıxışının sonunda qeyd edib ki, "Azərbaycan enerjisisteminin arxitekturası" və "Şəbəkə memarlığı" kitablarında əvvəlki nəsillərin və mütəxəssislərin təcrübələrindən də geniş istifadə olunub. O, nəşrlərin enerji sektorunun inkişaf tarixini və texnoloji transformasiya mərhələlərini əhatəli şəkildə əks etdirdiyini bildirib.
Təqdimatda çıxış edən "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə isə kitabları bir növ foto-hesabat albomu kimi xarakterizə edib.
Onun sözlərinə görə, nəşrlərdə Azərbaycanın elektrik enerjisi sistemində 2016-2026-cı illər ərzində həyata keçirilən yenidənqurma və modernizasiya işləri geniş şəkildə təqdim olunub.
Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli "Xankəndi" və "Ağ şəhər" yarımstansiyalarının maketləri, eləcə də enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər nümayiş etdirilib.
Sərgidə təqdim olunan layihələr və innovativ həllər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.