EN

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində - FOTOLAR

2026-cı il mayın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.


Manset.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov və Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirib.

Əvvəlcə nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının fəaliyyəti, maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.

Görüşdə qonaqları salamlayan Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişaf strategiyası, təhsil imkanları və qarşıya qoyulan əsas hədəflər barədə danışıb. Rektor bildirib ki, Qarabağ Universitetində müasir təhsil standartlarına uyğun yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

Kollegiya sədri Anar Bağırov səmimi qəbula görə minnətdarlığını bildirərək iştirakçıları salamlayıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Qarabağ Universitetinin böyük qürur mənbəyi olduğunu vurğulayıb. Qeyd edilib ki, universitet bölgənin yüksəkixtisaslı kadr tələbatının ödənilməsində mühüm rol oynayır. Tarixən bu torpaqlarda kök salmış təhsil ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da universitetin strateji əhəmiyyəti danılmazdır.  

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tələbələrlə görüş zamanı isə Anar Bağırov ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sədr son illərdə VK-da aparılan institusional islahatlardan, vəkil korpusunun genişləndirilməsindən, davamlı tədris və peşəkar hazırlıq proqramlarından danışaraq vəkillərin insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin olunmasında və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadıqlarını vurğulayıb.  

Həmçinin görüşdə Anar Bağırov tələbələrlə peşə təcrübəsini bölüşərək vəkillik institutunun tarixi inkişaf yolu, hüquqi yardımın əlçatanlığının artırılması, regionlarda hüquqi xidmət imkanlarının genişləndirilməsi və gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib.

Diqqətə çatdırılıb ki, Kollegiya tərəfindən həyata keçirilən layihələrin mühüm hissəsi gənclərin hüquqi biliklərinin artırılmasına, onların peşəkar inkişafına və vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib. Bildirilib ki, hazırda vəkilliyə qəbul olunan hüquqşünasların əhəmiyyətli hissəsini gənclər təşkil edir və onların fəal iştirakı institutun inkişafına yeni dinamika qazandırır.

VK-nın hüquqşünas tələbələrə dəstək göstərən əsas hüquq təsisatlarından biri olduğunu vurğulayan sədr qeyd edib ki, Kollegiyanın təşəbbüsü ilə hər il hüquqi maarifləndirici tədbirlər, seminarlar, intellektual yarışlar və müxtəlif layihələr təşkil olunur. Bununla yanaşı, yüzlərlə tələbənin müxtəlif vəkil qurumlarında təcrübə keçməsi üçün şərait yaradılır və onlar real hüquqi iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Bundan başqa, fərdi təqaüd proqramlarının həyata keçirilməsi, Hüquq fakültələrinin elmi və praktiki layihələrinə dəstək göstərilməsi, tələbə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq hüquq müsabiqələrində iştirak edən tələbələrə maliyyə və təşkilati dəstəyin verilməsi Kollegiyanın gənclərlə bağlı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqətə çatdırılıb.

Görüş çərçivəsində VK-nın üzvü, Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov iştirakçılarla öz zəngin peşə təcrübəsini bölüşüb. O, uzun illər davam edən hüquqi təcrübəsi dövründə əldə etdiyi dərin bilik və bacarıqların əhəmiyyətini vurğulayıb.

Çıxışında tələbələrə müraciət edən İkram Kərimov peşəkarlığın, dürüstlüyün və ədalət prinsiplərinə sarsılmaz sədaqətin bu sahədə uğurun əsas şərti olduğunu bildirib. O qeyd edib ki, hüquqşünaslıq təkcə bilik tələb edən bir peşə deyil, eyni zamanda yüksək mənəvi məsuliyyət daşıyan bir xidmətdir. İkram Kərimov gənclərə peşəkarlıq, dürüstlük və ədalət prinsiplərinə sadiq qalmağın hüquqşünaslıq fəaliyyətində əsas şərt olduğunu söyləyib, onlara təcrübədən irəli gələn dəyərli tövsiyələr verib.

VK-nın Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov isə görüşdə çıxış edərək hüquqşünaslıq peşəsinin cəmiyyətdəki rolundan və əhəmiyyətindən danışıb, vəkillik fəaliyyətinin dərin bilik və peşəkarlıqla yanaşı, yüksək mənəvi məsuliyyət tələb edən bir xidmət olduğunu ifadə edib.

O, gənc hüquqşünasları fasiləsiz öyrənməyə, etik dəyərlərə sadiq qalmağa çağırıb, Kollegiyanın gənc kadrların peşəkar inkişafına həmişə dəstək verdiyini bildirərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkillik peşəsinin perspektivləri və peşə etikası ilə bağlı fikir mübadiləsi aparılıb.

Chosen
10
10
manset.az

10Sources