EN

“Nigeriyada əsas problem mənzil əlçatanlığıdır” Grace Joshua Bitrus

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr şəhərlərin gələcəyi, mənzil təminatı və urbanizasiya problemləri ilə bağlı fikirlərini bölüşürlər.

Forumda iştirak edən Nigeriya nümayəndə heyətinin üzvü, Grace Joshua Bitrus Bizimyol.info-ya açıqlamasında ölkəsində mənzil sahəsində mövcud vəziyyət, urbanizasiya problemləri və hökumətin həyata keçirdiyi layihələrdən danışıb.

O bildirib ki, Nigeriyada xüsusilə şəhər ərazilərində mənzil əlçatanlığı əsas problemlərdən biri olaraq qalır. İnsanların bir qismi ənənəvi evlərdə yaşasa da, sürətli urbanizasiya gecəqondu məhəllələrinin artmasına və mənzil qiymətlərinin yüksək olmasına səbəb olur.

Grace Joshua Bitrusun sözlərinə görə, hökumət problemin həlli istiqamətində müxtəlif addımlar atır. Federal İpoteka Bankı vasitəsilə vətəndaşlara mənzil kreditləri təqdim olunur, Federal Mənzil İdarəsi isə yeni yaşayış vahidlərinin tikintisini həyata keçirir. Eyni zamanda, Federal Mənzil və Şəhərsalma Nazirliyi də əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün fəaliyyətini davam etdirir.

Rəsmi nümayəndə qeyd edib ki, Nigeriyada şəhər dayanıqlılığı və davamlı inkişaf istiqamətində də işlər görülür. Nazirlik iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədilə müxtəlif şəhərlərdə dayanıqlılıq planları hazırlayır və infrastruktur layihələrinin genişləndirilməsi üzərində çalışır.

O əlavə edib ki, ölkə prezidenti şəhər ərazilərində yolların, drenaj sistemlərinin və digər mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət ayırır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
bizimyol.info

1Sources